Sizin reklam burada

Quba Olimpiya Kompleksinin stadionu təmir olunacaq

Title
Quba Olimpiya Kompleksinin stadionu təmir olunacaq
Azər Səfa: “İşıqlandırma sistemi yenilənəcək, müasir standartlara cavab verən yeni süni örtük salınacaq”
Ölkənin şimal bölgəsini əhatə edən, futbol ənənələrinə malik Qusar, Quba kimi rayonların bu gün nəinki elitada, heç birinci dəstədə də təmsilçisi yoxdu. Halbuki SSRİ dönəmində, müstəqilliyin ilk illərində həm Qubanın, həm də Qusarın eyniadlı komandaları olub. Ən acınacaqlısı isə odu ki, böyük futboldan kənarda qalan bu rayonlarda futbol oynamaq üçün normal şəraiti olan, müasir standartlara cavab verən arenalar da qalmayıb. SSRİ dönəmində “Neftçi”nin rəhbər şəxslərindən olmuş Şövkət Orduxanovun adını daşıyan Qusar şəhər stadionunun qapıları artıq iki ildən çoxdu azarkeşlərin üzünə bağlanıb. Bu üzdən Region Liqasında çıxış edən “Şahdağ” ev oyunlarını Siyəzəndə keçirmək məcburiyyətindədi. AFFA-nın bayrağı altında keçirilən liqalara qucaq açan Quba Olimpiya Komleksinin meydanı isə yumşaq desək, bostanlığı xatırladır. Xüsusilə də soyuq və yağışlı havalarda həmin meydanda 10-12 yaşlı uşaqlara futbol oynatmaq azyaşlıların məcburi əməyə cəlb olunmasına bənzəyir. AFFA-da oturanların özləri, görəsən, bir dəfə yağışlı havada həmin meydanda keçirilən liqaların oyunlarını izləyiblər? Əminəm ki, futbol məmurlarımızın azyaşlıların orda hansı şərtlər altında top qovmasından xəbərləri yoxdu. Yox, bilirlərsə və buna göz yumurlarsa... Deməli, onlar da “Kazbekə şey basım zırranım” mahnısının (buna mahnı demək olarsa) sədaları altında, son iki gündə məşhurlaşan “üçlük” kimi “ötən gecə yarə namə yazdım” meyxanasını züm-zümə edərək, xalqın gələcəyini məhv etmək kursunu dəstəkləyənlər arasındadılar.
Artıq aşağı yaş qrupları üzrə liqalarda pley-off mərhələsinin oyunları keçirilir. İmkan daxilində çalışıram ki, həftəsonları “futbolumuzun gələcəyini” görmək üçün həmin matçları izləyim. Sonuncu dəfə Qubaya da məhz bu məqsədlə getmişdim. Yazıq uşaqlar... Bilmirdilər bərbad meydanda rəqiblə mübarizə aparsınlar, məşqçilərin ağır sözlərini eşitsinlər, yoxsa yeni sulanmış, bostanı xatırladan meydanda topu ram etsinlər, düz ötürmə versinlər. Çox acınacaqlı və eyni zamanda ağlamalı durum idi. Paltardəyişmə otaqları, sanitar qovşağı bombalanmış məkanı xatırladırdı. Tribunalarda əksər oturacaqlar yerindən çıxarılıb. Orda olduğum müddətdə əldə etdiyim məlumata görə, yaxın vaxtlarda Quba Olimpiya Kompleksində əsaslı təmir işlərinə start veriləcək, stadiona əl gəzdiriləcək, qazon dəyişdiriləcək.
Söylənilənlərin nə dərəcədə düz olduğunu bilmək üçün Olimpiya Kompleksinin rəhbəri Azər Səfa ilə əlaqə saxladım. Azər bəy deyilənləri təsdiq etdi: “Quba Olimpiya Kompleksinin təmir olunmasıyla bağlı plan var. Bütün işlər dövlət təfindən həyata keçiriləcək. Təmir işlərinə nə vaxt start veriləcəyini dəqiq bilmirəm. Məndə olan məlumata əsasən yaxın vaxtlarda işlər başlamalıdı. Təmir işləri çərçivəsində stadiona da əl gəzdiriləcək. İşıqlandırma sistemi yenilənəcək, müasir standarlara cavab verən yeni süni örtük salınacaq. Tribunadan çıxarılan oturacaqlara gəlincə, təmir işləri ilə bağlı özümüz həmin oturacaqları çıxarmışıq. Onların əvəzinə yenisi quraşdırılacaq. Bir sözlə, kompleksin arenası tam təmir olunacaq. Bundan başqa, koteclər və oteldə də işlər aparılacaq. Bütün bunlar üçün nə qədər vəsaitin ayrıldığını bilmirəm. Açığı, maraqlanmamışam da. Bizim üçün vacib olan təmirdi”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.