İspaniya sequndasında 31-ci turun oyunları baş tutub. Uzun müddətdən sonra yığmaya dönən və millinin martda keçirdiyi oyunların hər ikisində iştirak edən Eddi İsrafilovlu “Alkorkon” növbəti matçına keçirib. Sözügedən komanda “doğma divarlar” arasında “Luqo” ilə üz-üzə gəlib. Qarşılaşmada qolsuz heç-heçə qeydə alınıb. İsrafilov da görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək oynayıb. Hazırda 44 xala malik “Alkorkon” 22 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Gənclər arasında təşkil olunan Almaniya bundesliqasının cənub zonasında 21-ci turun matçları gerçəkləşib. U-21-in üzvü Murad Mahmudovun formasını geydiyi “Frankfurt” səfərdə “Nürnberq”lə qarşılaşıb. Qonaqlar 2:3 hesablı məğlubiyyətə üzülüb. Murad bu qarşılaşmanın iştirakçısı olmayıb. Frankfurt təmsilçisinin 21 turdan sonra 9 xalla turnir cədvəlində sonuncusu olduğunu da qeyd edək.
Bosniya və Hersoqovina premyer-liqasına üz tutan Amit Quluzadə isə hesabat turunda da şans qazanmayıb. Belə ki, bu ölkənin birinciliyində 24-cü turun oyunları reallaşıb. Quluzadənin yeni komandası “Çelik” doğma meydanda “Mladost”la üz-üzə gəlib. Futbolçumuzun məxsus olduğu komanda bu qarşılaşmada minimalhesablı (1:0) qələbə qazanıb. Qeyd etdiyimiz kimi, Amit bu görüşün iştirakçısı olmayıb. “Çelik” hazırda 34 xalla sıralamada beşincidi.
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib. U-21-in üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu “Slaviya” səfərdə “Teplitse” ilə üz-üzə gəlib. Qonaqlar bu oyunda böyükhesablı qələbə qazanıb - 7:0. Nəbiyev də görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sona qədər oynayıb. Yığma üzvü bu oyunda het-trikə imza atıb. O, 49, 76 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan əlavə, Fərid daha iki qolun məhsuldar ötürməsini verib. Bununla da cari mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Həmyerlimiz həm komandasının, həm də çempionatın bombardiridi. “Slaviya”nın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 1-ci pillədədi.
Ötən sayımızda Emil Balayevli “Tobol”un səfərdə “Şaxtyor”u məğlubiyyətə uğratdığını (1:0) xəbər vermişdik. Həmin oyunda qonaqların qapısını millimizin üzvü qorumuşdu. Maraqlıdı ki, Balayev görüşün ən yaxşı oyunçusu seçilib. Emil iki dəfə komandasını real qoldan xilas etməklə buna nail olub. Onun performansı 286 xalla qiymətləndirilib. Balayevdən sonra sıralamada Fernandes Kassay (271 xal) və Aleksandr Kleşenko (264 xal) gəlir.