Sizin reklam burada

“Qarabağ” Gülüş günündə “Sumqayıt”la acı zarafat etdi

Baxış Sayı:602

“Qarabağ” Gülüş günündə “Sumqayıt”la acı zarafat etdi
88. Sumqayıt – Qarabağ (Ağdam) 0:6 (0:3)
12. Rəşad Əzizli – 3,0
21. Arif Daşdəmirov – 3,0
4. Şəhriyar Əliyev – 3,5
34. Elvin Bədəlov – 3,0
5. Adil Nağıyev – 2,5
9. Ehtiram Şahverdiyev – 3,5
(97. Xəyal Nəcəfov, 75) – 3,0
99. Əli Babayev – 3,0
60. Elvin Məmmədov (k) – 4,0
7. Cavid Tağıyev – 3,0
(15. Əmir Ağayev, 60) – 2,5
10. Aleksey İsayev 3,5
8. Peyman Babayi – 2,5
(70. Ülvi İsgəndərov, 60) – 2,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
2. Rail Məlikov
3. Vurğun Hüseynov
74. Yusif Nəbiyev
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
49. İbrahim Əliyev
20. Rüfət Abdullazadə
6. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Elvin Məmmədov

13. Vaqner da Silva - 5,5
77. Vild-Donald Gerye – 5.5
55. Bədavi Hüseynov - 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
(4. Rahil Məmmədov, 81) – qiymətsiz
5. Maksim Medvedev – 5,5
20. Riçard Almeyda – 5,5
(2. Qara Qarayev, 68) – 5,5
8. Miçel – 5,5
17. Abdulla Zubir - 6,5
19. Filip Ozobiç – 6,0
(6. Simeon Slavçev, 75) – 5,5
10. Dani Kintana – 6,0
11. Mahir Mədətov – 6,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
30. Abbas Hüseynov
9. Araz Abdullayev
7. İnnosent Emeqara
99. Reynaldo
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: D.Kintana, 17 (0:1). M.Mədətov, 21 (0:2, M.Medvedev). M.Mədətov 40 (0:3, A.Zubir). F.Ozobiç, 51 (0:4, R.Almeyda). A.Zubir, 78 (0:5). A.Zubir, 84 (0:6, V-D.Gerye).
Vərəqələr: Miçel, 35 (hakimin qərarına etriaz). Ş.Əliyev, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
1 aprel. Sumqayıt. Kapital Bank Arena. 2000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bəlkə də ən bədbin “Sumqayıt” azarkeşi belə komandasının belə biabırçı hesabla məğlub olacağını düşünməzdi. Yağışlı havada komandasını tək buraxmayan fanatların Adil Nağıyevə qəzəbini də başa düşmək olar. Məhz Ayxan bəyin sevimli oyunçusunun bərbad çıxışı sayəsində Zubir oyunun qəhrəmanı oldu. “17 nömrə” 78-ci dəqiqədə qapı xətti üzərində, kiçik sahədə müdafiəçiləri və qapıçını da aldadıb toru silkələməklə Ayxan Abbasova və onun məşqçilər korpusuna, “ağ-göylər”in şərəfini qoruyan oyunçulara heç vaxt unutmayacaqları tərs sillə vurdu. Biabırçılığın məsuliyyəti ilk növbədə Ayxan bəyin üzərindədi. Abbasov sanki “Qarabağ”la yox, Region Liqasında çıxış edən komanda ilə qarşılaşırmış kimi, müdafiənin əsas dirəklərini – Rail Məlikovla Vurğun Hüseynovu ehtiyatda saxlayıb, arxa xətti heç vaxt bir yerdə oynamayan “4-lüy”ə etibar etmişdi. Onun bu addımı isə “Sumqayıt”ın tarixinə növbəti böyükhesablı məğlubiyyətin düşməsinə səbəb oldu. Artıq birinci hissədə matçın taleyi həll olunmuşdu. Kintana standart vəziyyətdən adını tabloya yazdırdıqdan sonra Mədətov 21 və 40-cı dəqiqəıərdə fərqlənməklə dublunu rəsmiləşdirdi. Meydan sahiblərindən isə ilk yarıda Ehtiramın dirəkdən dönən zərbəsi yadda qaldı. Fasilədən sonra azarkeşlər meydanda Zubir-şou izlədilər. Fransalı legioner yüksək texnikası ilə Adili, Əlini, Rəşadı, bir sözlə, “ağ-göylər”in müdafiə xəttini “sürüdü”. Yarımmüdafiəçi Nağıyevi o qədər sağa-sola fırladıb haldan saldı ki, bəlkə də ucaboy müdafiəçi heç sabahı gözləməyib oyun başa çatan kimi belini göstərmək üçün MRT-yə müraciət edəcək. İkinci yarıda daha 3 qol vuran ağdamlılar çempionluq yarışında “Neftçi”nin uzaqlaşmasına imkan vermədi.

Reaksiyalar
Qurban Qurbanov: “Futbolçularımızı təbrik etmək istəyirəm. Bu gün çox istəkliydilər. İlk hissə bizə çətin oldu. Ancaq ikinci yarı fərqli alındı. İstənilən halda, bu hesab bizi aldatmamalıdı. Qarşıda bizi vacib oyunlar gözləyir. Problemlər həmişə var. Həmişə istədiyimiz kimi olsa, bizə işləmək asan olar. Dəfələrlə bildirmişəm ki, hər oyun bizə ağır olacaq. Belə asan qarşılaşmalar ildə bəlkə bir-iki dəfə olur. Düşünürəm ki, futbolçularımız təcrübəlidilər və çempion olmağa istəklidilər. Ancaq idmanda həmişə düşündüyümüz, istədiyimiz kimi olmur. İnşallah, qismət olsa, çempion olacağıq. Olmasa, çalışırıq ki, idman prinsiplərinə əməl edək. Bizdə heç vaxt çempionluğa görə kuboku qurban vermək düşüncəsi olmayıb. Şans varsa, niyə istifadə etməyək? Hər iki turnir bizim üçün vacibdi”.
“Qarabağ”ın baş məşqçisinin mətbuat konfransından fərqli, biabırçı hesabla yenilən meydan sahiblərinin çalışdırıcısı Ayxan Abbasova suallar daha çox oldu. 38 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikilərini bölüşdü.
- Əlbəttə, acı məğlubiyyət aldıq. Oyuna pis də başlamamışdıq. Ancaq ustalıq sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji planda kökləmək çətin idi. Əlbəttə, çempionatın elə vaxtı, mövqeyimiz də elədi ki, günü-gündən təzyiq altındayıq. Vaxt da azdı. Artıq 5 gün sonra "Keşlə"lə ilə matçımız var və buna hazırlaşmalıyıq.
- Heyətə baxanda sanki eksperiment etdiyiniz düşünmək olar. Bu gün bütün mövsümü oynayan Vurğun Hüseynovla Rail Məlikovu ehtiyatda saxlayıb, yeni müdafiə xətti formalaşdırmışdız...
- Böyük dəyişiklik etməmişdik. Yalnız Elvin Bədəlova şans vermişdim. Arif Daşdəmirov mütəmadi çıxış edir, Şəhriyar Əliyev zədəyə görə kənarda qalmışdı. Ehtiram da son görüşlərdə meydanda olub.
- Peymana hər oyunda şans verirsiz. Buna baxmayaraq, o ümidləri doğrultmur. "Sumqayıt-2"də özünü yaxşı tərəfdən göstərən, demək olar, son qarşılaşmaların hamısında fərqlənən İbrahim Əliyev var. Bu gün onu sona qədər ehtiyatda saxladız. 0:4 və ya 0:6? Bunun nə fərqi var. Olmazdı ki, Əliyevi də meydana buraxasız?
- Hərənin öz baxışı var. Mən başqa cür fikirləşirəm, siz başverənlərə fərqli yanaşırsız. İbrahim bizimlə məşq edir, perspektivi görürük. Ancaq premier-liqa ilə birinci dəstə arasında fərq böyükdü. Sən onu görmürsənsə...
- Mən onu yaxşı görürəm və səviyyə fərqini də bilirəm. Ancaq bu gəncin “vuran ayağı” var. Peymanla hara qədər getmək fikriniz var?
- O, premyer-liqada yox, birinci divizionda qollar vurub. İbrahimin potensialını bilirik. Ancaq onu meydana buraxmamağımızın səbəbləri var. Ülvi İsgəndərli artıq meydana çıxmışdı. İkinci hücumçunu da oyuna daxil etsəydim, orta sahədə boşluq yaranacaqdı.
- Bu məğlubiyyətdə sizin payınız nə qədərdi?
- Əlbəttə, məğlub olmuşuqsa, məndə də günah var. Bu nəticədə hərənin öz payı var. Bütün həftə işləmişik. Ancaq Zubir bütün komandanı aldadıb qol vurursa, onda məsələyə real baxmaq lazımdı.

Gözdən qaçmadı
* Oyundan öncə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş hərbçilərimiz anıldı. Belə ki, hər iki komandanın futbolçuları meydana üzərində “Şəhidlər ölməz, Vətən bölünməz” və şəhid əsgər və zabitlərin adları yazılmış ağ formalarla çıxdılar. Onların yanında isə aprel döyüşlərində dünyasını dəyişənlərin uşaqları yer almışdı. Onlar da eyni formada idilər. Hakimin start fitindən sonra isə oyun gedə-gedə diktor şəhidlərin adlarını çəkdi və tribunaya toplaşan azarkeşlər də hamılıqla “burda” deyərək, bir daha şəhidlərin unudulmadığını göstərdilər. Onu da qeyd edək ki, sumqayıtlılar bu aksiyanı fikirləşənləri xeyli alqışladılar. Oyunu tribunadan və ekran önündən izləyən minlərlə soydaşımıza bu anlarda qəhərini boğmaq çox çətin idi.
* Komandaları ağır məğlubiyyətə düçar olan sumqayıtlı azarkeşlər nə qədər qəzəbli olsalar da, Zubirin 78-ci dəqiqəyə təsadüf edən qolunu ayaqüstə alqışladılar.
* Hakimin final fitindən sonra Xəyal Nəcəfovla Dani Kintana arasında mübahisə yaşandı. Xəyal Daniyə nə demişdisə, ispan futbolçu çox qəzəblənmişdi. Komanda yoldaşları ispan futbolçunu çox çətinliklə sakitləşdirib paltardəyişmə otağına apara bildilər.
* Peyman Babayinin oyunu sumqayıtlıları özündən çıxarmışdı. Onun növbəti top itkisinə dözə bilməyən tamaşaçılardan biri “iranlı gədə bu qədər azarkeşi barmağına sarıyıb” deyincə, yanında oturanlardan biri “azarkeşi yox e, yarımmilyonluq şəhəri” deyib, forvardın ünvanına üçmərtəbəli “xoş sözlər” söylədi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR