Sizin reklam burada

Veteranlar U-19-un fiaskoya uğrayacağını gözləyirmiş

Baxış Sayı:433

Veteranlar U-19-un fiaskoya uğrayacağını gözləyirmiş
Rizvan Fərzəliyev: “...belə faciələr çox yaşanacaq”
19 yaşlılardan ibarət yığma Avropa çempionatında rüsvayçı şəkildə çıxış etməklə futzal ictimaiyyətini üzdü. Məhz əsas millinin qazandığı reytinqə görə mübarizəyə əsas raunddan başlayan yeniyetmələrin Sloveniyada ilkin seçmə mərhələdən gələn ölkələrə böyük hesabla uduzması problemin nə qədər ciddi olduğunu göstərməklə yanaşı, futzalımızın qaranlıq gələcəyindən xəbər verdi. Halbuki kollektiv idman növlərində uğurları ilə az-çox öyünə bildiyimiz komanda futzal millisi olub. Mundialda çıxış etməyi, Avropa çempionatının yarımfinalına yüksəlməyi futbol yığmamız hələ ki xəyal edə bilər. Bəs necə olur ki, fərzəliyevlərin, borisovların, fərəczadələrin davamçıları onların yolunu davam etdirə bilmir? Problem nədədi? U-19-un qitə turnirindəki çıxışına elə həmin veteranlardan – Rizvan Fərzəliyev, Vitali Borisov və Rəcəb Fərəczadədən münasibət öyrəndik.
Rizvan Fərzəliyev: “Millinin zəif çıxışı mənim üçün gözlənilməz olmadı. Niyə? Çünki iki il əvvəl Fuad Rzayevin çalışdırdığı U-17 də bərbad nəticə göstərmişdi. Ağatahir Əzimov noyabrın sonunda baş tutan Gürcüstan toplanışına qədər seleksiya aparırdı. Belə baxsaq, 3-4 ayın komandasıdı. Böyük futboldan gələn uşaqlardı. Xahiş-minnətlə gətiriblər. Nə qədər ki, uşaq məktəbləri, futzal akademiyaları olmayacaq, belə faciələr çox yaşanacaq. Ağatahir müəllimi qınamıram. Belə qısa müddətdə komanda formalaşdırmaq çətindi. Futzalın incəliklərini aşağı yaşdan öyrətmək lazımdı. Bu uşaqlar 18 yaşına kimi, hələ indi də böyük futbol oynayırlar. Futzalın incəliklərini başa salmaq bir ilin işi deyil. Düzdü, tədricən məşqçi işi görünür, standart vəziyyətdən fərqlənə bilirlər. Ancaq o incəlikləri illərin təcrübəsi sayəsində püxtələşdirmək lazımdı. Veteran futzalçı kimi rəhbərliyə üzümü tutub xahiş edirəm ki, uşaq məktəbləri yaradılsın. Qoy üç-beş il boşa verilsin, nəticə olmasın, amma biləcəyik ki, gələcəkdə əlimizdə “material” olacaq. Etiraf etmək lazımdı ki, bu gün futzalımızın üzünü legionerlər ağardır. Onlar çıxıb getsə, bərbad duruma düşərik, əsas yığmanın nəticələri də U-19-unku kimi acınacaqlı olar. Çünki üç-beş qoca qalmışıq, yeni nəsil yetişmir. Bu gün limit tətbiq etsək və tələb qoysaq ki, hər komandanın “beşliy”ində mütləq bir 19 yaşadək oyunçu çıxış etsin, effekt verməyəcək. Çünki əvvəl “material” hazırlamalıyıq, sonra onu “bazar”a təklif etməliyik. Yoxsa həmin yeniyetməni də “yandırarıq”, onu oynadan klubun nəticələri də zəifləyər. Gərək əvvəl uşaq yetişsin, sonra həmin tələbi qoymaq olar. Razıyam, bu U-19-un səviyyəsi çox aşağıdı. Mən onların bir neçə oyununa baxmışam. Təsəvvür edin, aşağı liqada məhəllədən yığılıb gələn komandalar U-19-u udur. Futzalı bilmirlər. Türkiyə ilə oyunlara da baxdım. Nə taktika gördüm, nə də başqa bir şey. Onların gəlib burda bizi böyük hesabla udması acınacaqlıdı. Dünənə kimi türklər futzalın nə olduğunu bilmirdi. Həmişə onları darmadağın etmişik. Görünür, onlar problemə kompleks yanaşıblar, biz isə iki-üç qoca yerli ilə legionerlərin keçmişdəki nəticələri ilə öyünə-öyünə yerimizdə sayırıq”.
Vitali Borisov: “U-19-u müntəzəm izləyirəm, problemlərini də bilirəm. Bacım oğlu da ordadı. Əvvəla, gec yığışıblar. Dörd-beş ayın komandasıdı. Böyük futboldan gəliblər, bir gün orda məşq edirlər, bir gün orda. Futzalçı mini-futbol meydanlarında oynaya-oynaya yox, zalda məşq edib artırmalıdı. Əsas problem isə futzal məktəblərinin yoxluğudu. Mən də futzala gələndə 18 yaşım var idi, ona qədər futbola gedirdim. Amma bizim dövrümüzdəki futzalla indiki ayrıdı. O vaxt kütləvilik var idi, hamı eyni cür, eyni üslubda oynayırdı. Ona görə də futzalı mənimsəmək asan idi. Ağatahir də o dövrün futzalını görüb, çalışır bildiklərini yetirmələrinə başa salsın. Müasir futzal nisbətən mürəkkəbdi, incəliklər çoxdu. Böyük futboldan gələn uşağın birdən-birə onu mənimsəməsi qəlizdi. Bir yerdə çox olmalı, xırdalıqları öyrənməklə paralel, təcrübə də toplamalıdılar. Yaxşı ki, U-19 aşağı liqada da çıxış edir, yoxsa daha biabırçı nəticələr qeydə alınacaqdı. Bu uşaqlar yox, başqaları da olsa, yenə eyni nəticə olacaqdı. Mən fikrimi əsaslandıra bilərəm. Çünki əksər ölkələrdəki vəziyyətlə tanışam. Təkcə Sloveniyadakı yox, başqa qrupların da bir neçə oyununu izlədim. İspaniyada, Rusiyada, Serbiyada, Portuqaliyada, Ukraynada uşaq məktəbləri güclüdü. Dünya çempionatında Rusiyanın heyətində 19-20 yaşlı futzalçılar var idi. Ona görə bu ölkələrin 19 yaşlılarının səviyyəsi aşkar fərqlənir. Çoxu İtaliya və Qazaxıstan kimi Avropa reytinqində ilk “altılıq”da olan ölkələrin U-19-nun qrupda qalmasını sensasiya sayır. Amma mənim üçün gözlənilməz olmadı. Çünki İtaliyanın əsas yığmasında tarixən braziliyalılar oynayıb. Elə vaxt olub heyətlərində 11 futzalçı olub. Yaxud Qazaxıstan, onlar da bizim günümüzdədi. Halbuki infrastrukturları bizimkindən daha yaxşıdı.
“Sumqayıt”ın Futzal Akademiyası açmasına çox sevindim. “Neftçi” və “Qarabağ” da eyni addımı atsa, futzalın inkişafına təkan olar. Növbəti mövsümdən çempionatda limit də tətbiq etmək lazımdı. Qoy 18-19 yaşlı yeniyetmə heyətə düşməkdə çətinlik çəksin, ancaq Rizvanın, mənim, iranlıların, braziliyalıların yanında məşq etsin, istər-istəməz artıracaqlar. Elə alınacaq ki, məşqçi onu meydana buraxacaq. Böyük futboldakı qayda burda yoxdu ki, üç əvəzetmə etməlisən. Tez-tez dəyişiklik olur və həmin yeniyetməyə də növbə çatacaq. Beləliklə, qazanan həmin gənc, bütövlükdə isə ölkə futzalı olacaq”.
Rəcəb Fərəczadə: “Kollektiv idman növündə anlaşma gec əldə olunur. Odu ki, üç-beş ayın komandasından bundan artıq nəsə gözləmək mənasızdı. Biz millidə oynayanda üç-dörd il bir yerdə çıxış etməyimizə rəğmən, yenə də taktiki planda səhvlərimiz olurdu, Alesionun gətirdiyi yenilikləri icra edə bilmirdik. Hələ bizim yaşımız çox idi, təcrübəliydik, beynimiz bunlarınkından tez çalışırdı. Uşaqlar bir-iki ayın içində heç nə öyrənə bilməzlər. Heç məşqçi də hər şeyi öyrədə bilməz. Yığmanın “sükanı arxasında” Ağatahir yox, hansısa ispan mütəxəssis də olsaydı, yenə uğur olmayacaqdı. Belə məğlubiyyətlərdən nəticə çıxarmaq, Ağatahir Əzimova vaxt vermək lazımdı”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR