Sizin reklam burada

Bir etirafa sözardı…

Müəllif: football Tarix: 3-04-2019, 14:23 371 Baxış
Bir etirafa sözardı…
Bu yol yol deyil!
Son yoldaşlıq görüşündə FİFA reytinqində Azərbaycan millisindən 30 pillə geridə - 138-ci yerdə olan Litva ilə matçdakı bərabərliyə görə yığmadakı futbolçuların AFFA tərəfindən hərəyə 5 min manatla mükafatlandırılması media və sosial şəbəkələrdə haqlı etirazla qarşılanıb. Bir müddət keçsə də, öz meydanında planetin ən zəif millilərindən biri ilə “quru” heç-heçəyə razılaşan komandanın xoş təsir bağışlamayan üzvlərinin hərəsinin 5 min manat “premiya” almasıyla barışmaq istəməyənlər məsələni gündəmdə saxlayır. Bu gün (dünən) baş katib Elxan Məmmədovun mükafatla bağlı dediklərini eşidənlərin hansı hisslər keçirdiyini təsəvvür etmək çətin deyil.
Məmmədovun etirafı
Öncə Elxan bəyin mövzuyla bağlı dilə gətirdiklərini diqqətinizə çatdıraq: “Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib. O cümlədən yoldaşlıq oyunları nəzərə alınaraq. Mən gördüm ki, bu məsələ media və sosial şəbəkələrdə müzakirə olunur. Amma hiss etdim ki, bu, süni müzakirədi. Çünki əvvəlki illərdə komandaya uğurlu nəticəyə görə, o cümlədən yoxlama oyunundakı nəticəyə görə mükafat veriləndə müzakirə olunmurdu. Bu ajiotaj və müzakirələr süni şəkildə yaradılıb. Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burda stimullaşdırma amili nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq. Bu, futbolçulara maliyyə dəstəyi göstərmək üçün yeganə imkandı. Amma təbii ki, mükafat ancaq və ancaq qələbə və heç-heçəyə görə tətbiq olunur”.
Baş katibin süni müzakirə ilə bağlı söylədikləri yetərincə mübahisəli, hətta yanlış yanaşmadı. Ölkə mətbuatında “külüng çalan” vicdanlı jurnalistlər sıravi vətəndaşların yuxusunda görmədiyi paraları haqq etmədən götürənlərə milli futbol tarixinin bütün dönəmlərində etiraz edib. “Elin gözü tərəzidi” deyimi əbəs yerə formalaşmayıb. Media mənsublarının idmanın kütləviləşməsinə, xalqın informasiya ilə yaxşı təmin edilməsinə çalışan qismi futbolsevərlərlə həmfikir olub. Tutaq ki, Rusiya ilə Bakıdakı məlum heç-heçələr yığma üzvlərinin zəhmətinin, alın tərinin nəticəsiydisə, qələm əhlində də, azarkeşlərdə də müəyyən ümid yaratmışdı. Lap ağıllı başlar bunun böyük hədəflər üçün yetərli olmadığını anlamışdısa belə, şimal qonşularımıza yenilməmək yetərincə sanballı təsəlliydi. Sözügedən rəqiblə “dogma divarlar” arasında keçirilən görüşlərdə döyüşən və xal “qoparan” futbolçuların aldığı pul ortaya atıla, müzakirə mövzusuna çevrilə bilməzdi. Lixtenşteyn, Litva və bu “çəki”də digər millilərlə bərabərliklər isə bütün hallarda mətbuatın və sosial şəbəkədə hikkəsindən qurtulmaqdan başqa çıxış yolu tapmayanların obyektiv tənqidinə, müzakirələrinə meydan verib. Oxşar məqamlar üzərində dayanmaq, haqq etməklə etməmək arasındakı fərqi fəlsəfi dərinliklərə qədər incələmək olar. Kimə lazımdı süni ajiotaj? Bəlkə Elxan bəyin ruhunda sabiqlərlə bağlı şübhələr var. Vaqrsa, niyə açıq demir? Nə isə…
Digər tərəfdən, adam milli üzvlərinə yalnız uduzmayanda pul ödənildiyini israrla qabardıb və deyəsən, ən yaxın keçmişi qətiyyən nəzərə almayıb.
Uelsə “yaxşı uduzanlar”ı kim unudar?
2008-ci ilin sentyabrında uduzan millinin AFFA tərəfindən mükafatlandırılması böyük müzakirələrə səbəb olmuşdu. O vaxt Elxan Məmmədov indiki postundaydı, millini isə Uelslə səfər matçına Berti Foqts çıxarmışdı. Bu gün əvvəlki formasından və imicindən çox uzaq görünən Kamran Ağayevin əla oyunu sayəsində “əjdahalar” komandamızın qapısına cəmi 1 dəfə yol tapmışdı. DÇ-2010-un seçmə mərhələsinin ilk matçında darmadağın olmayan millinin ultramüdafiə sayəsində “yaxşı hesab”la uduzması “yuxarılar”ın səxavət damarını titrətmiş, neft ümmanından balaca bir xortum “qəhrəmanlar”ın ciblərinə uzanmışdı…
“Futbol+”çilər bir neçə futbolçudan mətbuata sızan bu informasiyanı dəqiqləşdirmişdi. Minimalhesablı yenilgiyə görə mükafat komandada ruh yüksəkliyi yaratmaq, növbəti matçlarda yığmanın daha mübariz görünməsini təmin etmək üçün verilmişdi.
Şübhəsiz, alman çalışdırıcının rəqib qapısına yaxınlaşmağı bacarmayan komandası həmin tsikldə darmadağın olmamağı öyrənmək istəyən kollektivi xatırlatdı. Hətta məğlubiyyətlə para qazanan futbolçularımız qalib gəlməli olduğu sonrakı qarşılaşmada – Lixtenşteynlə “Tofiq Bəhramov”dakı görüşdə yerli tərəfdarları 0:0 hesablı heç-heçə ilə üzdü. Yekunda 4-ü Lixtenşteyndən, 1-i isə evdə Rusiyadan alınan 5 xalla barışmaq məcburiyyətində qaldıq. Qısası, ruh yüksəkliyi üçün verilən pullar işə yaramadı.
Bu yol yol deyil
Litva 5 il əvvəlkindən də bərbad durumdadı. Adı çəkilən basketbol ölkəsində yeni nəsil “idmanın şahı”na ciddi maraq göstərmir. SSRİ məktəbi görmüş nəsil yerini yenilərə verəndən bəri ənənəsi olmayan Baltikyanı ölkədə ciddi mütəxəssis çatışmazlığı “göz oxşayır”. Bizdən fərqli, onlarda neftdən gələn milyonlar da yoxdu. Azərbaycanla səfər heç-heçəsi litvalılar üçün normal nəticə sayılır. Ən azı səfərdə oynadıqlarına görə… Bizim üçün bərabərlik “qazanc”dısa, o zaman böyük hədəflərin Azərbaycan yığması üçün olmadığı da etiraf edilməli, Nikola Yurçeviçli yığmanın AÇ-2020-yə yollanmaq ehtimalı haqda heç bir fikir səsləndirilməməliydi. Məntiqlə, Litva ilə yoldaşlıq görüşündə 0:0-a razılaşan kollektiv mükafat alırsa, bu nəticə qənaətbəxş adlandırılırsa, AÇ xəyalı qurmaq ilk növbədə qeyri-peşəkarlıqdı. Hansı qitə birinciliyi arzusunun real olduğunu düşünən komandaya belə rəqiblə bərabərliyə görə “çox sağ ol” deyilir, pul verilir? Slovakiyaya? Macarıstana? Bəlkə Xorvatiyaya?
Bu yol doğru yol deyil və tarixən işə yaramadığı kimi, yenə səmərəsiz olacaq. İki oyundan sonra hədəflərlə real potensialın uzlaşmadığını anlayan Yurçeviç sürət problemini qabardırsa, futbolçuların avropalı həmkarlarıyla ayaqlaşa bilmədiyini söyləyirsə, əlavə şərhə ehtiyac yoxdu. Tsiklin sonunda Litvayla heç-heçənin hansı səviyyədə uğur olduğunu hamılıqla görəcəyik. Belə lazımsız həvəsləndirmə metodundansa, milli ruh, milli rəmzlər, milli azarkeşlərə sayğı yolunu öyrənmək və öyrətmək lazımdı. Bu ölkəni ciddi uğurlara yeni təfəkkür apara bilər. Başqa heç nə…
NİHAT
SON XƏBƏRLƏR