Sizin reklam burada

Elxan Məmmədov yığmanın mükafatlandırılmasını normal sayır

Baxış Sayı:398

Elxan Məmmədov yığmanın mükafatlandırılmasını normal sayır
"Hiss etdim ki, bu, süni şəkildə müzakirə olunur"
Yığmanın Xorvatiya (1:2) və Litva (0:0) ilə oyunları geniş müzakirələrə səbəb oldu. Xüsusən Litva ilə yoldaşlıq matçına görə milli üzvlərinə mükafat verilməsi hədsiz qınaq obyektinə çevrildi. AFFA-nın baş katibi Elxan Məmmədov "Real" telekanalında yayınlanan "TopQapı" verilişində yığma haqda sualları da cavablayıb.
Baş katib öncə iki oyunla bağlı fikirlərini dilə gətirib: "Təbii, baş məşqçi üçün çətin sınaq idi. Çünki bir ay öncə yığmaya təyin olundu. Heç bir təlim-məşq toplanışı keçmədən və yoxlama matçı keçirə bilmədən. Çünki vaxt məhdudiyyəti var idi. Buna baxmayaraq, qısa müddət ərzində futbolçular, klub məşqçiləri ilə ünsiyyətdə oldu, münasibət qurdu və komandada müsbət ab-hava yarada bildi. Əlbəttə, qrupumuzda Xorvatiya favorit sayılır. İlk oyunu məhz bu komandaya qarşı, özü də səfərdə keçirmək doğrudan da böyük sınaq idi. Təkcə baş məşqçi üçün yox, futbolçular üçün də. Düşünürəm ki, bir qədər bəxtimiz də gətirmədi. Çünki oyuna yaxşı başladıq, hesabı açmağı da bacardıq. İlk yarının sonuna qədər komandamız hesabda irəlidə idi. Lakin ustalıq və təcrübələri imkan verdi ki, fasiləyə qədər tarazlığı bərpa etdilər. İkinci hissənin sonlarında daha bir qol vurub 3 xal qazandılar. Təbii, heç-heçə bizim üçün çox uğurlu nəticə olardı. İlk yarıda məhz bu ümidlə oyunu izləyirdik. Lakin dünya ikincisinə qarşı oynamaq o deməkdi ki, həmin komanda son saniyələrə kimi qol vura bilər. Bu da oldu. Yoldaşlıq oyununa gəlincə, sevindirici haldı ki, Yurçeviç qarşıya təkcə qalib gəlmək məqsədi qoymamışdı. Məqsəd bütün futbolçuları yoxlamaq idi. Buna da nail oldu. Yoldaşlıq oyunu olmasına baxmayaraq, komanda qalib gəlmək istəyirdi. Xorvatiya ilə görüşdə hesab rəqibin xeyrinə olanda yığma oyunu xilas etmək üçün hücum futbolu oynamağa başladı. Litva ilə matçda da bir neçə imkan oldu, ancaq vura bilmədik. Bununla belə, baş məşqçi futbolçuları yoxladı, onlara özlərini göstərməyə imkan verdi".
Elxan bəy mükafatla bağlı bunları deyib‬: "Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da mükafatlandırma sistemi var idi. Həmişə mükafat heç-heçə və qələbəyə görə verilib. Yoldaşlıq oyunları da nəzərə alınaraq. Gördüm ki, mediada və sosial şəbəkələrdə bu məsələ müzakirə olunur. Amma hiss etdim ki, bu, süni şəkildə müzakirə olunur. Çünki əvvəlki illərdə heç-heçəyə və ya yoldaşlıq oyununa görə mükafat verəndə, bu heç də müzakirə olunmurdu. Bu dəfə isə düşünürəm ki, subyektiv fikrimdi, müzakirələr süni şəkildə yaradılıb. Bu ajiotaj və müzakirə. Hamı bunu bilsin ki, millidə oynayan futbolçular AFFA-dan maaş almır. Bunu unutmayaq. Bu yaxınlarda bir mütəxəssis qeyd etmişdi ki, milliə mükafat verilməsi elə-belə deyil. Yığmaya stimullaşdırma amili də nəzərə alınır. Təbii, mən də bunu etiraf edə bilərəm. Milli üzvləri AFFA-dan maaş almır, 3-5 günlük təlim-məşq toplanışına gəlirlər və gündəlik ezamiyyət pulu alırlar. Çünki səfərdə olurlar və s. Ancaq illik, rüblük və ya həftəlik maaş almırlar. Ona görə də yaxşı nəticə əldə olunanda - qələbə və ya heç-heçə zamanı komandanı mükafatlandırmağa çalışırıq. Çünki bu yeganə imkanımızdı ki, həmin komandaya, futbolçulara maliyyə dəstəyi göstərək. Ancaq və ancaq heç-heçə və qələbəyə görə mükafat tətbiq olunur".
Mükafatla bağlı söz-söhbətin yaranmasının səbəbini Məmm‬ədov belə izah edib: "Deməzdim ki, yığmanın uğur qazanmasını istəməyənlər var. Mövzu başqadı. Bəlkə kimsə qısqanır ki, komanda heç-heçə oynayıb. Bəlkə də bəziləri Litva ilə görüşdə qələbə arzusunda idilər və bu olmadı. Azarkeşdə əsəb yaranır ki, nəyə görə heç-heçəyə mükafat verilir? Bəli, mən həmin qısqanclığın sevgidən doğduğuna inanıram. AFFA olaraq hər zaman şəffaflığa üstünlük veririk və hər bir sualı cavablamağa hazırıq. Ona görə də mətbuat katibimiz son günlərdə bu məsələyə aydınlıq gətirdi".
Baş katib bir daha yığmanın məqsədinin final mərhələsinə yüksəlmək olduğunu vurğulayıb‬: "Biz anlayırıq ki, AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq çox çətindi. Ancaq bu, bizim məqsədimizdi. Millətlər Liqası başlayanda da bunu demişdik. Orda hədəf bir neçə məhələdən ibarət idi. İlk məqsəd o idi ki, qrupda birinci olaq və yarımfinala vəsiqə qazanaq. Təəssüf ki, bunu edə bilmədik. Millətlər Liqası asan yol idi. Çünki rəqiblər bizim reytinqə uyğun idilər. Bu əlavə bir imkan idi. Əfsuslar olsun ki, asan yoldan istifadə edə bilmədik və çətin yol ilə getməyə başladıq. Lakin məqsədimiz bəllidi və baş məşqçi də bunu bilir. Təbii, son oyunlar da göstərdi ki, təkcə Xorvatiya yox, başqa rəqiblər də mübarizə aparmaq istəyir. Hazırda qrupdakı vəziyyətlə tanışsız. İki oyun keçirən komandaların xalı 3-ə bırabərdi. Ümid edirəm ki, iyunda keçirilən oyunlarda hədəflərimizə yaxınlaşacağıq".
FARİZ hazırladı

Oxşar xəbərlər
[not-category]
SON XƏBƏRLƏR