Sizin reklam burada

Vüqar Həşimov Memorialı start götürdü

Title
Vüqar Həşimov Memorialı start götürdü
FİDE prezidentinin də Şəmkirə səfəri gözlənilir
Şənbə günü Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinin açılış mərasimi keçirildi. Heydər Əliyev Mərkəzində 6-cı dəfə təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Həşimova həsr olunan videosüjet nümayiş etdirildi.
Çıxış üçün kürsüyə çıxan Şəmkirin icra başçısı Alimpaşa Məmmədov ildən-ilə bu tədbirin yüksək səviyyədə təşkilinin dünya şahmat ictimaiyyətinin marağına səbəb olduğunu bildirdi. O, superturnirin yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə SOCAR-a minnətdarlıq etdi. İcra başçısı Şəmkirin dünya şahmatının Linaresinə çevrildiyini vurğulamağı da unutmatı. Sonda Məmmədov yarış iştirakçılarına uğurlar arzuladı.
Gənclər və idman naziri Azad Rəhimov məşhur şahmatçıların "ShamkirChess"ə qatılmasını Azərbaycanda idmana, xüsusən şahmata verilən dəstəyin nümunəsi adlandırdı: "Çox şadıq ki, Ümumdünya Şahmat Olimpiadasına evsahibliyi etmişik. Ölkədə hələ ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə 70-dək şahmat məktəbi tikilib. Ümidvaram ki, bu turnir ölkədə xüsusən uşaqların şahmata cəlb olunmasına böyük dəstək olacaq. Yarışa dəstək olan bütün qurumlara minnətdarlığımı bildirirəm. Sevindirici haldı ki, yarış Şəmkirdə 6-cı dəfə təşkil edilməsinə baxmayaraq, dünyanın 10 ən güclü şahmatçısından altısı qatılıb. Dünya çempionu Maqnus Karlsen də turnirdə iştirak edir. Azərbaycanda şahmata böyük dövlət dəstəyi göstərilir. Şahmat azarkeşlərimiz tərəfindən də sevilir. Belə tədbirlər Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırmaq üçün gözəl vasitədi. Düşünürük ki, növbəti illərdə də bu turnir davam edəcək. Yarışa qatılan bütün şahmatçılara uğurlar arzulayıram. Dünya və Avropa çempionatları həm nazirlik, həm də federasiyalar tərəfindən diqqət mərkəzində saxlanılır və orda iştirak etmək vacibdi. Ona görə Azərbaycan bu yarışlara ən güclü komandaları göndərir. Şahmat isə digər idman növlərindən fərqləndiyinə görə, ola bilsin ki, bizim məşhur şahmatçıların öz planları olub. Bu üzdən Şəhriyarla Teymur sonuncu dünya çempionatına qatılmayıb. Bizim komanda isə orda iştirak etdi və 7-ci yerdə qərarlaşdı. Düşünürük ki, növbəti illərdə Şəhriyar və Teymur komandamızın yaraşmayan yerdə qərarlaşdığını görüb, dünya çempionatında iştirak edəcəklər”.
Açılış mərasimində iştirak etmək üçün Şəmkirə gələn SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov şirkətin prezidenti Rövnəq Abdullayevin adından yarış iştirakçılarını salamladı. O "ShamkirChess"in 6-cı dəfə təşkilini ölkədə şahmata göstərilən diqqətin nümunəsi adlandırdı.
Vüqar Həşimovun atası Qasım Həşimov superturnirin ənənəvi təşkili üçün artıq heç bir tərəddüdün qalmadığını vurğuladı. O, belə səviyyəli yarışın keçirilməsinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Həşimov bunu Azərbaycan xalqının öz oğluna sahib çıxmasının bariz nümunəsi adlandırdı və bütün təşkilatçılara təşəkkürünü çatdırdı: "Vüqar haqda qısa filmə baxandan və burda toplaşanları görəndən sonra mənə danışmaq çətin olur. Burda dünyanın ən məşhur şahmatçılarının iştirakı oğlumun dünyada qazandığı hörmətin göstəricisidi. Demirəm ki, bu turnir ənənəvi olsun. Çünki artıq ənənəvidi".
"ShamkirChess"in Təşkilat Komitəsinin sədri, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov yenə turnirə ən güclü şahmatçıların qatıldığını diqqətə çatdırdı və bunu sevindirici hal adlandırdı: "Azərbaycanda şahmata münasibət tam fərqlidi. Dövlət proqramının qəbulu uğurlarımıza təsirsiz ötüşmədi. Kişilərdən ibarət yığmamız üç dəfə Avropa çempionu oldu. Buna görə ölkə prezidenti İlham Əliyevə minnətdaram. Ola bilər ki, FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviç də Şəmkirə gəlsin”.
Sonda isə səhnəyə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxdı. Faiq bəy "ShamkirChess"də hər il ən güclü şahmatçıların iştirakına nail olduqlarını diqqətə çatdırdı. Federasiya rəsmisi bu il də yarışın maraqlı keçəcəyini vurğuladı. O, dünya çempionu Maqnus Karlsenin ən yüksək reytinq xalını məhz "ShamkirChess"də topladığını qeyd edib, bunu unikal nəticə adlandırdı.
Bir daha xatırladaq ki, SOCAR, AGİN, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığıyla keçirilən 22-ci kateqoriyalı (şahmatda ən yüksək səviyyədi) Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, "ShamkirChess"in üçqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2845), Çin şahmatçısı, FİDE reytinqində 3-cü olan Dinq Liren (2812), Hollandiya şahmatının lideri, FİDE reytinqinin dördüncüsü Aniş Giri (2797), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2779), Aleksandr Qrişuk (Rusiya, 2771), dünya kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2753), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2740), çexiyalı David Navara (2739) iştirak edir. Ölkəmizi isə yarışda superturnirin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində 5-ci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2790), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2756) təmsil edir.
RƏŞAD, Şəmkir

Şəhriyarla Teymur yığmada yer almağa çalışacaqlar
Karlsen: “Rapiddə daha çox Vüqar qazanıb, klassikdə isə mən”
Püşkatmadan sonra şahmatçıların mətbuat konfransı keçirildi. Qroyssmesterlər turniri işıqlandırmaq üçün Şəmkirə gələn jurnalistlərin suallarını cavabladılar.
- Soldan sağa baxdıqda ilk yerdə Məmmədyarov, daha sonra Rəcəbov və Karyakin əyləşib. Gördüyümüz mənzərə yekun sıralamanı əks etdirəcək?
- Ş.M.: Çətin turnir olacaq. Sıralama oturduğumuz kimi ola bilərmi? Bilmək olmaz. Amma ortadakı (Maqnus Karlseni nəzərdə tutur) oğlanın 5-ci olmayacağına əminəm. Bizi maraqlı yarış gözləyir.
- Son 15-20 illə müqayisədə şahmat xeyli gəncləşib. Əvvəllər şahmat tacına iddialıların orta yaş həddi 40 idisə, hazırda bu göstərici xeyli aşağı düşüb. Maqnus, sənə hansı gəncin “əlcək atacağını” düşünürsən?
- M.K.: Verdiyiniz sual geniş məna kəsb edir. Detallara varıb bu suala daha geniş cavab vermək olar. Bəli, o düzdü ki, indi iddialı gənclər çoxdu. Mən isə özümü yaşlılara aid edirəm.
- Şəhriyar, iki dəfə bu turnirdə qalib olmusan. Amma həmin yarışlarda Karlsen iştirak etməyib. Bu dəfə o da burdadı.Tilsimi qıra biləcəksən?
- Ş.M.: Maqnusun olduğu yarışda qalib gəlmişəm. Yaxşı turnir keçirmişəm. Onun iştirak etdiyi turnirlər daha maraqlıdı.
- Şəhriyar və Teymur, son dünya və Avropa çempionatında iştirak etməmisiz. Avropa çempionatını kənara qoysaq, dünya birinciliyində komandaların heyətləri zəif idi. İkinci nömrələr çıxış edirdi. Orda olsaydız, milli mükafatçılar sırasına düşə bilərdi?
- T.R.: Biz əvvəlcədən bildirmişdik ki, proqramımız çətindi. Ona görə uyğun deyildi. Növbəti turnirlərdə iştirak etməyə çalışacağıq.
- Ş.M.: FİDE proqramı gec açıqladı. Təqvim bizə uyğun gəlmədi. Bir çox ölkələr də əsas heyətlə qatıla bilmədi. Biz bu məsələni öz aramızda müzakirə etdik. Sonda məlum oldu ki, dünya çempionatına yollanmağımız alınmayacaq.
- Burdakı şahmatçıların bir çoxu Vüqar Həşimovla qarşılaşıb. Bu görüşlərin statistikası maraqlıdı.
- Ş.M.: Yəqin ki, burda ən çox Vüqarla mən qarşılaşmışam. Çünki həmyaşıd idik. Onunla görüşləri yaxşı xatırlayıram. Biz ilk dəfə 9-10 yaşlarında üz-üzə gəlmişik. Çox maraqlı oyunlar idi. Uşaq vaxtlarında o, daha istedadlı idi və daha çox qalib gəlirdi. Ancaq ümumi balansın bərabər olduğunu düşünürəm.
- S.K.: Əlbəttə, Vüqar möhtəşəm oyunçu idi. Onunla əksər oyunlarımız heç-heçə başa çatıb.
- A.G.: Mən də bir neçə dəfə qarşılaşmışam. Uduzduğum matçlar da olub.
- M.K.: Bir neçə dəfə onunla üz-üzə gəlmişəm. Rapiddə daha çox Vüqar qazanıb, klassikdə isə mən. Çox maraqlı şahmatçı idi.
- A.G: Vüqar çox maraqlı və aqressiv rəqib idi. Onunla xeyli sayda unudulmaz partiyalarım olub.
- V.A.: Vüqarla 2 dəfə rapid, 2 dəfə klassik növdə oynamışam. Maraqlı olub.
- V.T.: Rapid növündə çox qarşılaşmışıq.
- D.N.: Vüqar çox güclü oyunçu olub. Bir dəfə ona qalib gəldim, ardınca 6 dəfə uduzdum.
- T.R.: Çox oynamışam Vüqarla. Son oyunda qalib gəlsəm də, o hər zaman ağ fiqurlarla təhlükəli idi. Aqressiv idi və qarşısındakına təzyiq edə bilirdi.
- Teymur, ilk turda Karlsenlə qarşılaşacaqsan. Püşk barədə fikirlərin necədi?
- T.R.: Çox məmnunam ki, ilk turda Karlsenlə qarşılaşacam.
- Sergey, Vüqarla yaxın dost idiz və onunla bağlı, əlbəttə ki, xatirələriniz çoxdu. İndiyədək heç vaxt bölüşmədiyiniz hansını bu gün yada sala bilərsiz?
- S.K.: Onunla bağlı çox xatirələrim var. Bir çoxunu qəlbimdə saxlamaq istəyirəm. Onunla Çində dünya çempionatında üz-üzə gəldik. Orda yarış uğursuz idi. Amma bir-birimizlə görüşüb danışırdıq. Onun məsləhətlərindən indi də istifadə edirəm. Bakıda dünya çempionatında qardaşı Sərxan mənə böyük dəstək oldu. 0:2 uduzurdum, amma onun sayəsində qələbəyə kökləndim.
- Aleksandr, tarix yadımda olmasa da, Vüqarla aranızda bir partiyanı xatırlatmaq istəyərdim. Debütdə həmyerlimiz “fil”i qurbanı verdi. Daha sonra 4 “piyada” kompensasiyası aldı və qələbəyə çox yaxın olsa da, partiya heç-heçə bitdi. Həmin görüş yadınızdadısa, oyun vaxtı keçirdiyiniz hisslər maraqlıdı...
- A.Q.: İnanın, xatırlamıram. Ancaq onunla bağlı bir xatirəni bölüşə bilərəm. “İnanırsan-inanmırsan” kart oyunu oynayırdıq. Dörd nəfər idik, Həşimov da bizimlə idi. Oyunun qaydalırını bilmirdi. Qısa zamanda mənimsədi. Daha sonra elə aqressiv oynayırdı ki, hamımız məəttəl qalmışdıq. Bizi bələd olmadığı kart oyununda da yamanca sıxdı.
- Veselin, çox bikef görünürsüz. Bu, ötən turnirin sonlarınadək ön sıralarda olsaz da, liderliyi əldən verməyinizlə bağlıdı?
- V.T.: Sadəcə, yorğunam. Başqa səbəb yoxdu.
- Maqnus, hər dəfə Azərbaycana öz aşpazınızı gətirirsiz. Azərbaycan mətbəxinə etibar etmirsiz?
- M.K.: Düşünürəm ki, bu, özümü daha güvəncli hiss etmək üçündü. Xüsusi başqa səbəb yoxdu.
- Püşkatma bir az fərqli idi. Rəqəmlər xanımların qolunda idi. Səhnəyə çıxmazdan öncə seçəcəyiniz xanımları müəyyənləşdirmişdiz, yoxsa gözəlliyə görə seçdiz?
- A.G.: Yeni ailə həyatı qurmuşam. Məni təxribata çəkməyin (gülür).
- S.K.: Mənim üçün daha rahat oldu. Çünki səhnəyə çıxanda 2 qara, 1 ağ rəqəm var idi. Ağı seçdim.
- T.R.: Mən evliyəm. Düşünürəm ki, xanımların hamısı xoşgörünüşlü idi.
- Ş.M.: Başa düşmürəm ki, şahmatçıların evli olub-olmamasının püşkatmaya nə dəxli var? (gülür) Həmişəki kimi səhv intuisiya sayəsində qara fiqurlarla oynayacam. Ümid edirəm ki, gələn il nömrələr kişilərin qolunda olar, ağ fiqurlarla oynayaram.
RƏŞAD, Şəmkir

“Sülh”lə başladılar
Dünən "ShamkirChess" superturnirində mübarizəyə start verildi. Rəcəbov ilk turda Karlsenlə, Məmmədyarov isə Qrişukla münasibətləri aydınlaşdırdı. Ciddi mübarizə izləmədik. Belə ki, Teymur 41-ci, Şəhriyar isə 37-ci gedişdə “sülh”ə razılaşdı. Elə digər görüşlərdə də qalibi müəyyənləşdirmək mümkün olmadı.
1-ci tur
Aniş Giri (Hollandiya, 2797) - Veselin Topalov (Bolqarıstan, 2740)
Sergey Karyakin (Rusiya, 2753) - Dinq Liren (Çin, 2812) 0,5:0,5
Alekandr Qrişşuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Maqnus Karlsen (Norveç, 2845) 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2779) - David Navara (Çexiya, 2739) 0,5:0,5
Bu gün 2-ci turun görüşləri baş tutacaq:
Topalov - Navara
Karlsen - Anand
Məmmədyarov – Rəcəbov
Liren - Qrişuk
Giri - Karyakin
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.