Mayın 29-da BOS-da keçiriləcək Avroliqanın finalına biletlər üçün ödəmə mərhələsinə start verilib. Müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçdiyindən UEFA bilet satışını lotereya sistemi vasitəsilə həyata keçirib. Müraciətləri uğurla tamamlananlara UEFA tərəfindən elektron məktub göndərilib. Qeyd edək ki, şanslı azarkeşlər martın 28-dən aprelin 9-dək ödəniş etməklə lotereyada adlarına çıxan bileti əldə edə bilərlər. Göstərilən tarixlərdə ödəniş edilmədikdə, qalan biletlər yenidən satışa buraxılacaq. Mayın 21-dən isə hər kəsin aldığı bilet mobil telefonuna göndəriləcək. Bunun üçün telefonlara UEFA-nın saytından xüsusi tətbiqi yükləmək lazımdı. Eyni zamanda, digər şəxslər üçün alınan biletləri onların mobil telefonuna göndərmək mümkündü. Bu şəxslər də öz növbələrində UEFA-nın rəsmi saytında qeydiyyatdan keçməli və şəxsi hesablarını yaratmalıdılar.
Oyun günü stadiona giriş zamanı mobil bileti aktivləşdirmək lazımdı. Bunun üçün mobil telefon İOS və ya Android sistemini dəstəkləməlidi. Biletlərin aktivləşdirilməsi ilə bağlı ətraflı məlumat www.finalbaku2019.az saytında yerləşdiriləcək.
Xatırladaq ki, final qarşılaşması üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ümumi satışa buraxılıb. Qalan biletlər isə yerli təşkilat komitəsi, milli assosiasiyalar, maliyyə tərəfdaşları, kütləvi informasiya vasitələri (yayınçılar), eləcə də finalçı klubların azarkeşləri üçün ayrılacaq.