Sizin reklam burada

Namiq Əliyev AÇ-də yarışacaq heyəti açıqladı

Title
Namiq Əliyev AÇ-də yarışacaq heyəti açıqladı
“Çox güman, Toğrulu dünya çempionatında görəcəyik”
Güləş yığmalarımız aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında çıxış edəcək. Dünən Olimpiya Güləş Mərkəzində təşkil olunan açıq məşqin yekununda Azərbaycan Güləş Federasiyasının başçısı Namiq Əliyev millilərimizin qitə birinciliyində iştirak edəcək heyətini açıqlayıb. Aprelin 8-də mübarizəyə sərbəst güləşçilər start verəcək. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvəsini sınayacaq.
Ayın 10-12-də xalça üzərinə qadın güləşçilər çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Vorontsova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) icra edəcək.
Aprelin 12-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Buxarestə yollanacaq nümayəndə heyətinə Namiq Əliyev rəhbərlik edəcək. AGF-nin vitse-prezidenti Firdovsi Umudov da nümayəndə heyətinin tərkibində yer alacaq. AÇ-də ölkəmizi rekord sayda - 4 olimpiya kateqoriyalı hakim təmsil edəcək. Buxarestdə Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.
Hazırlıq prosesini canlı izləyən Namiq Əliyev brifinqdə jurnalistlərin suallarını cavablayıb: “Sabit heyətlə Avropa çempionatında təmsil olunacağıq. Ümidvarıq ki, çox uğurlu çıxış edəcəyik. Azərbaycan yığması həmişə dünya güləşində sözünü deyib. Hər zaman olduğu kimi, bu yarışdan da çox yüksək nəticələr gözləyirik. Ancaq Avropa çempionatına həm də sınaq kimi baxırıq. Çünki bu il əsas yarışımız Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatıdı. Bir neçə idmançımızı qorumaq qərarına gəldik və bu üzdən Avropa çempionatında iştirakına ehtiyac görmədik. Çünki bizim üçün əsas dünya çempionatıdı. Mundial həm də Olimpiadaya lisenziya verən ilk yarış olacaq. Yeri gəlmişkən, gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək üçün danışıqlar aparırıq. Müəyyən nəticələr əldə etmişik. İnşallah, ümid edirəm ki, bu yarışın təşkilatçılığı bizə həvalə olunacaq. Buna baxmayaraq, bizim üçün dünya çempionatı prioritet təşkil edir.
Toğrul Əsgərov güləşdən kənarda qalmayıb. Artıq məşqlərə başlayıb. Doğma şəhəri Gəncədə şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında hazırlığa start verib. Çox güman, biz onu dünya çempionatında görəcəyik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.