Tanınmış qrossmeyster, Avropa çempionu, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturniri start götürür. Daha dəqiq desək, bu gün Şəmkirdəki Heydər Əliyev Mərkəzində təntənəli açılış mərasimi keçiriləcək. 100 min avro mükafat fonduna malik, 9 turdan ibarət yarış aprelin 9-da yekunlaşacaq. ARDNŞ, AGİN və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən 22-ci kateqoriyalı superturnirdə dünyanın sayılıb-seçilən qrossmeysterləri mübarizə aparacaq. Ölkə xaricindən Maqnus Karlsen (Norveç, 2845), Dinq Liren (Çin, 2812), Aniş Giri (Hollandiya, 2797), Vişvanatan Anand (Hindistan, 2779), Aleksandr Qrişuk (Rusiya, 2771), Sergey Karyakin (Rusiya, 2753), Veselin Topalov (Bolqarıstan, 2740) və David Navara (2739) dəvət olunub. Azərbaycanlı şahmatsevərlər isə Memorialda Şəhriyar Məmmədyarovla (2790) Teymur Rəcəbovun (2756) uğurlu çıxışına ümid edəcək.
Maraq üçün qeyd edək ki, 2014, 2015 və 2018-də yarışın qalibi dünya çempionu Maqnus Karlsen olub. 2016 və 2017-də isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.