Çox dəyərli ağsaqqalımız, Məşqçilər Komitəsinin üzvü, “Şöhrət” ordenli Ağasəlim Mircavadovun Krasnodar səfərinin təəssüratı barədə müsahibəsini çox maraqla oxudum. Ey gidi dünya, vaxt var idi “Mircavadov harda, çempionluq orda” şüarları hava limanını, stadionların tribunalarını bəzəyirdi. Ölkənin paytaxtı ilə cənubu Ağasəlim bəyin uğrunda amansız savaşa çıxmışdı. Onun məvacibini əks etdirən rəqəmlər hər saatın başında artırdı, “Neftçi” ilə “Xəzər Lənkəran”ın rəhbərliyi cəddinə qurban olduğumu baş məşqçi postuna gətirmək uğrunda yarışır, bunun üçün milyonlar xərcləməyə hazır görünürdülər. Hər kəs bu həqiqəti qəbul edirdi ki, Ağasəlim Mircavadov çempionluğun sirrini bilir. Lap elə “qaval daşı”nın sirri kimi. Azərbaycan çempionu olmaq istəyən komandanın baş məşqçisi mütləq o olmalıdı. Ondan sonra komandanın meneceri də özü olacaq, fiziki hazırlıq üzrə məşqçisi də, inzibatçısı da. Hər şeyi özü düzüb-qoşacaq. Mövsümün sonunda da çempionluq kuboku ilə qızıl medalları gətirib sponsorların masasının üzərinə qoyacaq.
Mən hələ Mircavadovun Rusiyada yazdığı tarixi demirəm. “Birlik kuboku”nda onun rəhbərliyi altında tarixi nəticələr qazanmışdıq. Erməniləri qabağımızdan qaçmağa məcbur edəndə “Neftçi”ni kim çalışdırırdı? Əlbəttə ki, Mircavadov. Həmin il “Birlik kuboku”nun finalında uduzsaq da, arzumuza növbəti qış çata bildik. Maraqlısı o idi ki, hər iki halda “Neftçi”nin baş məşqçisi Mircavadov idi. “Xəzər Lənkəran” Mişel Platini ilə Yozef Blatterin gözləri qarşısında kuboku başı üzərinə qaldıranda da komandanın “sükanı arxasında” Mircavadov dayanırdı. Ona qədər Ağasəlim bəy daha bir uğura imza atmış, hamımızı sevinc gözyaşlarına boğmuşdu. Yəqin ki, “Şəmkir”in Çempionlar Liqasının ilk təsnifat mərhələsində Latviya “Skonto”suna qarşı keçirdiyi oyunları xatırlayırsız. Bakıda qazanılan 4:1 hesablı möhtəşəm qələbə ilə “qırmızı-ağlar” mərhələni keçmiş, Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi adını Azərbaycan futbolunun tarixinə yazmışdılar. Və sözsüz ki, bu uğurda komandanın baş məşqçisi kimi Mircavadov böyük pay sahibi idi.
Yaxşı yadımdadı, bir dəfə “böyük oyun”da “Neftçi” ilə “Xəzər Lənkəran” üz-üzə gəlirdi. Ağasəlim bəyin çalışdırdığı idialı Lənkəran təmsilçisi “altılıq” sistemi ilə keçirilən çempionatda ilk “altılığ”a qatılmaq üçün yetərli xalı toplamış, yerini təmin etmişdi. Vaqif Sadıqovun baş məşqçilik etdiyi “Neftçi” isə çətin durumda idi. Komandanın nəinki çempionluğu, heç birinci “altılığ”a düşməsi belə sual altındaydı. Heyətində xeyli sayda legioner olan “xalq komandası”nın ilk “altılıq”dan kənarda qalması əsl fiasko sayılacaqdı. “Xəzər Lənkəran”la oyunda qazanılacaq bir xal isə “Neftçi”ni çempionluq uğrunda yarışacaq 6 komanda sırasında saxlayacaqdı. Görüşü izləyənlərin yadında olar, xala ehtiyacı olmayan “gəmiçilər” meydanda ayaqlarını sürüyürdülər, hiss etmək çətin deyildi ki, Mircavadov komandasına rəqibi “əzmək” tapşırığı verməyib. “Neftçi”nin vəziyyəti o qədər acınacaqlı idi ki, rəqibin qol vurmasını əngəlləmək üçün Vaqif Sadıqov estoniyalı legioner, taran tipli forvardları xatırladan Vladimir Voskoboynikovu da mərkəz müdafiəçisi kimi oynadırdı. 189 sm boya malik hücumçunu müdafiəyə qoyduğunu Sadıqov oyundan sonrakı mətbuat konfransında da etiraf etmişdi.
Zəmanənin üzü qara olsun. İndi gör nə günlərə qaldıq ki, Mircavadov Məşqçilər Komitəsi adlanan bir oyuncaq qurumda papağını günə yandırmaqla məşğuldu. Özü də ona elə Sadıqov rəhbərlik edir, ezamiyyət vərəqələni o yazır. Sadıqov özü əsas milli ilə Avropanın göbəyinə, gəzməli-görməli yerlərə yollanır, İsgəndər Cavadovla birlikdə deyib-gülür, əylənir. Mircavadovu isə uşaqları müşayiət etmək üçün Krasnodara göndərir. Gözünə döndüyüm Ağasəlim bəy də yaxşı müşahidələr edib, səfərdən maraqlı qeydlərlə qayıdıb. Onlardan biri mənim lap xoşuma gəldi. Azərbaycan futbolunun indiki durumuna bundan gözəl qiymət vermək də mümkün deyildi: “Onu deyim ki, Rumıniya bizdən güclü deyildi. Ancaq yığma üzvləri müdafiədə elə səhvlərə yol verdilər ki... Uşaq səhvləri etdilər. Bir də ayıldılar ki, hesab artıq 0:3-dü”.
Lap Abdulla Şaiqin məşhur şeirini xatırladır. Orda ala-bula boz keçiyə necə deyilmişdi? Dağa-daşa dırmanma, çoban açınca gözün, qalar iki buynuzun. Bizim hansı günümüzə elit mərhələ yaraşırdı ki, orda da 0:3-dən sonra ayılaq?