Yığmalarımız rəqiblərə qarşı - 0:9!
Novruz bayramını ikiqat sevinclə qeyd etmək istəyirdik. Hər nə qədər inanmasaq da, nəhayət, fələyin çərxinin bizdən yana dönəcəyinə ümid edirdik. Özümüzü elə aparırdıq ki, sanki bizim olan “pirin kəramətinə bələd deyilik”. Amma azərbaycanlı futbolsevərləri də qınamaq doğru olmaz. Ən azı ona görə ki, bir yox, bir neçə yığmamız ölkəni beynəlxalq arenada təmsil edəcəkdi. Heç olmasa, onlardan birinin uğurlu olacağına ümid etmək bizim də haqqımız idi. Düşünürdük ki, AFFA ötən ilin dekabrında yığmaların baş məşqçilərini istefaya göndərdi, yeni mütəxəssislər gətirdi və bunun bəhrəsini martda görəcəyik. Ancaq sən saydığını say...
Əsas yığma
Nikola Yurçeviçin komandası Xorvatiyada hesabda önə keçməklə hər kəsi az qala şoka salacaqdı ki, tezliklə vəziyyəti qaydasına qoya bildi. İki top buraxaraq meydanı məğlub tərk edən komanda “elə əvvəlkiyəm, dəyişməmişəm” ismarıcını vermiş oldu. Düzdü, nəticə o qədər də faciəvi olmadı. Çünki daha öncə Xorvatiyadan 6 cavabsız qol yeyən komanda da məhz bizim yığma idi. Bu üzdən 1:2-yə sevinməyimiz normaldı. Bəlkə də AFFA rəhbərliyi də bu məqama görə əlini cibinə atmağı lazım bildi. Doğrudu, mükafatın “damalılar”la görüşə görə verilmədiyini açıqladılar. Ancaq çox güman, Zaqrebdəki nəticənin də futbolçuların mükafatlandırılmasında rolu oldu. Əks halda hansı federasiya evdə, yoldaşlıq oyununda, özü də qələbə qazanılmayan qarşılaşmaya görə komandanı sevindirər? Hələ bura yığmanın sərgilədiyi oyunu da əlavə etsək, ümumiyyətlə, mükafat məsələsini anlamaq olmur. Bir sözlə, əsas milli Yurçeviçin rəhbərliyi altında ilk iki cəhddə bir məğlubiyyət və bir heç-heçəyə imza atdı.
U-19
Ötən il AÇ-nin seçmə mərhələsini uğurla dəf edən yığmadan gözləntilər böyük idi. Vüqar Məmmədin komandasından elit mərhələdə də yaxşı nəticə gözləyirdik. Əslində, U-19 mübarizəyə pis başlamamışdı. Meydan sahibi Rusiya ilə qolsuz heç-heçə milliyə inamın artması üçün yetərli səbəb idi. Amma sən demə, bu, “biratımlıq barıt” imiş. Növbəti oyunda İrlandiyaya uduzaraq (1:3) final mərhələsi şansını itirən komandanın son turda təsəlli qələbəsini qazanacağına özümüzü inandırsaq da, xəyallarımız puç oldu. Rumıniya önündə darmadağın olan (0:4) milli sonuncu pilləyə yuvarlandı. Bəlkə də Rusiya ilə bərabərlikdən sonra yığma üzvləri missiyalarının başa çatdığını düşünüblər. Nə bilmək olar?!
U-18 və U-17
Rəsmi oyunlarla yanaşı, digər millilərimiz yoldaşlıq xarakterli matçlarda da qüvvəsini sınadı. U-21-i xüsusi qeyd etdməyə ehtiyac görmürük, çünki Milan Obradoviçin yetirmələri öz komandalarımızla - “Səbail” və MOİK-lə qarşılaşdı. Samir Əliyevin çalışdırıdığı 2001 təvəllüdlü futbolçulardan ibarət yığma BƏƏ ilə iki yoxlama oyunu keçirdi. Ancaq onun komandası da ərəblər üzərində qələbə qazana bilmədi (1:1, 0:1). Miloş Velebitin rəhbərliyi altında Makedoniyaya yollanan U-17-dən də xoş xəbər ala bilmədik. Sağ olsunlar, UEFA İnkişaf turnirinə qatılan 2003-04 təvəllüdlülər heç-heçə də etmədilər. Həm meydan sahibi Şimali Makedoniyaya, həm də Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzan yığma Gürcüstana qol vura bilmədi – 0:2. Deyək ki, Avropa komandaları inkişaf edir, onların düşüncəsi, şəraiti, futbola baxışı fərqlidi. Bəs ərəblərə qalib gələ bilməyən yığmalara nə deyək? Bu millilərin futbolumuzun gələcəyi olduğunu düşünəndə, qarşıdakı illərlə bağlı nikbin proqnoz vermək üçün kiçik bir əsas da tapmaq olmur.
U-19 (futzal)
Hələ bu harasıdı?! Bu gün kimə desək ki, illərlə sinəmizə döyüb “bizdə futzal ənənəsi var” demişik, bizə gülər. Haqqı da var. Hansı ənənədən danışırıq ki, futzal üzrə U-19 yığmamız Cənubi Kiprə 1:7, Hollandiyaya 1:6 hesabı ilə uduzur? Bəlkə də rəqib komandalar özləri bu nəticələrə inamırlar. Axı, onlar futzal ölkəsi deyil. Fakt isə budu ki, Ağatahir Əzimovun rəhbərlik etdiyi yığma futzal tariximizə yağlı bir qara səhifə əlavə etdi. Hələ Slovakiya ilə oyun var. Artıq “nəticə necə olacaq” deyə düşünmürük, neçə top buraxacağımızı saf-çürük edirik. Belə yığmanın olmasındansa, olmaması yaxşıdı. Sanki az idi üzümüzü qaraldan...
Nəticə
Göründüyü kimi, təxminən 10 gün ərzində yığmalarımız 12 oyun keçirib. Bunlardan 3-də heç-heçə qeydə alınıbsa, qalan matçlarda uduzmuşuq. Başqa sözlə, komandalarımızın rəqiblərlə duellərində hesab 0:9-du! Bircə qələbəmiz belə yoxdu. Bu cür “inklişaf”dan gözləri qamaşanlar çətin ki, reallığı görsün. Necə deyərlər, millilər Novruz bayramını burnumuzdan gətirməyi əla bacardılar. Oynamağı, uğur qazanmağı, qol vurmağı, ötürmə verməyi, hücuma çıxmağı, müdafiə olunmağı, ölkəni layiqincə təmsil etməyi bacarmasalar da...
FARİZ