Sizin reklam burada

Gerye: “Bizdə nəinki məğlubiyyətə, hətta heç-heçəyə görə də mükafat verilmir”

Baxış Sayı:508

Gerye: “Bizdə nəinki məğlubiyyətə, hətta heç-heçəyə görə də mükafat verilmir”
Başqa yığma üzvləri mükafat mövzusunda danışmaqdan boyun qaçırdı
Litva ilə oyunda heç-heçəyə rəğmən, yığma üzvlərinə pul mükafatının verilməsi son günlərin actual müzakirə mövzusudu. Mətbuatda bununla bağlı yazılar dərc olunur, sosial şəbəkələrdə atmacalar bir-birini əvəz edir. Lüksemburqa boyun əyən litvalılarla oyundakı heç-heçəyə görə futbolçulara mükafatın ayrılması həqiqətən absurddu. Lakin bu məsələdə AFFA rəhbərliyinin niyyətini anlamaq çətin deyil. İyunda Nikola Yurçeviçin yetirmələrini Slovakiya və Macarıstanla ağır oyunlar gözləyir deyə, başbilənlər bu yolla futbolçuları həvəsləndirmək qərarına gəliblər. Yəni ki, hələlik bu qəpik-quruşu cibinizə qoyun, qarşıdakı iki oyundan yaxşı nəticə ilə ayrılsaz, büdcənizi daha çox zənginləşdirə bilərsiz.
Ötən sayımızda məlum məsələ ilə bağlı yığma üzvlərinin fikirlərini öyrənmək istəsək də, yalnız Təmkin Xəlilzadə özündə danışmaq gücü tapmışdı. “Sabah”ın müdafiəçisi mükafatın verilməsini normal qəbul etdiyini demiş, bunu isti-soyuq demədən top dalınca qaçmaları ilə əlaqələndirmişdi.
Ölkənin stajlı mütəxəssislərindən sayılan Ağasəlim Mircavadovla Vaqif Sadıqovun düşüncələrində isə müəyyən fərq ortaya çıxmışdı. Mircavadov heç-heçəyə görə mükafatın verilməsini “bunda heç bir qəbahət görmürəm, pul var, verirlər” şəklində əsaslandırsa da, Sadıqovun düşündükləri belə olmuşdu: “Məğlub komandanın üzvlərinə mükafat verilməsinin əleyhinəyəm. Nəticə olmayan yerdə mükafat verməyin heç bir mənası yoxdu”.
Mövzunu davam etdirmək üçün bu dəfə fərqli yol seçdik. Mükafat məsələsinin başqa yığmalarda necə tənzimləndiyini öyrənmək qərarına gəldik. Bunun üçün isə hazırda ölkəmizdə top qovan, eyni zamanda ölkəsinin millisinə dəvət alan bəzi legionerlərlə danışmaq istədik. Təəssüf ki, heç də hamısı sualımıza cavab vermədi. Konkretləşdirsək, əlaqə saxladıqlarımızdan Simeon Slavçev, Hannes Halldorsson və Aleksandr Dedov bu haqda fikir bildirməyin tərəfdarı olmadığını dedi. İmtinanın səbəbini isə bu cür izah etdilər: “Bu elə məsələdi ki, nəsə deməyim doğru olmaz. Çünki mükafat federasiya ilə futbolçu arasında olan məsələdi. Ona görə də bu haqda mətbuata açıqlama verməyim düzgün deyil. Bir də ki hər federasiyanın öz iş metodu var. Hamısı eyni ola bilməz”.
Lakin cəsarətli davranan da tapıldı. “Qarabağ”lı Vild-Donald Gerye Haiti yığmasında gördüklərini bu cür şərh etdi: “Bəli, pul mükafatı bizdə də var. Bu, yoldaşlıq görüşündə də olur, seçmə mərhələ oyununda da. Yadıma gəlir ki, DÇ-2018-ə qatılmaq üçün Panama ilə oyundan əvvəl rəhbərlik hər futbolçuya 20 min dollar söz vermişdi. Lakin məğlub olduq, ona görə də qazandığımız yalnız gündəlik pul oldu (“sutoçnı” kimi bildiyimiz qazanc – H.). Yoldaşlıq görüşlərinə görə də mükafat nəzərdə tutulur. Çünki həmin oyundakı nəticə FİFA-nın reytinq cədvəlindəki yerimizə təsir edir. Amma bizdə nəinki məğlubiyyətə, hətta heç-heçəyə görə də mükafat verilmir. Yalnız gündəlik pulla kifayətlənirik. Təbii ki, yoldaşlıq oyunları ilə müqayisədə seçmə mərhələ oyunları üçün nəzərdə tutulan mükafatın məbləği daha yüksək olur. Bu hər yerdə belədi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR