Bilindiyi kimi, BOS-da keçiriləcək Avroliqanın finalı ilə bağlı martın 27-28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri reallaşdı. AFFA-nın baş katibi Elxan Məmmədovla səfər çərçivəsində paytaxtımıza təşrif buyuran AL-in layihə meneceri Andreas Şar arasında görüş keçirilib. Görüşdə finalın təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Yeri gəlmişkən, mayın 29-da keçiriləcək finalda maraqla gözlənilən məqamlardan biri də komandaların üzvləri ilə bigə meydana çıxacaq, futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydana qədər müşayiət edəcək uşaqların seçim prosesidi. Artıq bu istiqamətdə görülən işlər son mərhələdədi. Dördüncü ildi AL-in gənclər proqramı üzrə rəsmi tərəfdaşlarından biri olan “Fedex” beynəlxalq yükdaşıma şirkətinin əməkdaşlığı ilə gənclər proqramına aztəminatlı və məcburi köçkün ailələrindən 22 nəfər azyaşlı qız (10-12 yaş arası) cəlb olunub. Həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçısı, bəziləri isə federasiyanın təşkilatçılığı ilə keçirilən U-13 qızlar liqasında mübarizə aparan komandaların üzvləridi. “Fedex” şirkətinin xüsusi çəkiliş qrupu martın əvvəllərində Bakıya səfər edərək, layihəyə cəlb edilmiş qızların futbola olan maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıblar. Beləliklə, BOS-dakı final təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün yox, eləcə də futbolçuları müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.