Sizin reklam burada

Vüqar Məmməd uğursuzluğun səbəblərini sadaladı

Baxış Sayı:653

Vüqar Məmməd uğursuzluğun səbəblərini sadaladı
"Onlar futbolu fikirləşməkdən, futbolla yaşamaqdan çox öz problemləri içində üzürlər"
Ötən il yığmalar adına yeganə təsəllimiz U-19-la bağlı oldu. Vüqar Məmmədin yetirmələri Avropa çempionatının seçmə mərhələsini uğurla dəf etdi. Bunun da məntiqi nəticəsi kimi AFFA rəhbərliyi qalan yığmaların çalışdırıcılarını istefaya göndərsə də, Vüqar bəylə işbirliyinə davam etdi. Belə ki, Məmməd komandanı elit mərhələyə çıxardı. Yığma final mərhələsinə vəsiqə qazanacağı təqdirdə isə orda da məhz adı çəkilən baş məşqçinin rəhbərliyi altında çıxış edəcəkdi. Yalnız bundan sonra Vüqar bəy postunu Samir Əliyevə təhvil verəcəkdi. Əksəriyyət həmin yaş qrupunda istedadlı uşaqların olduğunu deyirdi. Bu üzdən sözügedən millidən elit mərhələdə də uğurlu nəticə gözləyirdik. Əslində U-19 mübarizəyə yaxşı başladı, ilk turda meydan sahibi Rusiya ilə heç-heçə (0:0) etdi. Lakin ikinci oyunda İrlandiyaya uduzan (1:3) komanda final mərhələsinə yüksəlmək şansını itirdi. Son turda isə yığmadan təsəlli qələbəsi və ikincilik gözləsək də, Məmmədin komandası Rumıniyaya 4 cavabsız qolla uduzdu. Beləcə, darmadağın millini qrupda sonuncu etdi. Dünən U-19-un Krasnodardakı çıxışı ilə bağlı Vüqar Məmmədlə söhbətləşdik.
- Öncə elit mərhələni ümumi dəyərləndirərdiz. Rəqiblər gözlədiyiniz gücdə idi?
- Püşk atılan gündən demişdim ki, elit mərhələdə zəif rəqib olmur. Bizim qrupda yer alan komandalar da futbol ənənələri olan ölkələrdi və hər biri səviyyə baxımından yaxşı komanda idi.
- Rusiya ilə heç-heçədən sonra azarkeşlərin ümidi artmışdı. Ancaq İrlandiya ilə matçda məğlub olduq. Necə düşünürsüz, ola bilərmi ki, ruslarla oyundan sonra komanda eyforiyaya qapılsın, arxayınlaşsın?
- Yox, qətiyyən. Əksinə, İrlandiya ilə oyuna çox yaxşı hazırlaşdıq. Sadəcə, bəzi zədələr və cəzalar oyunlara tam gücümüzlə hazırlaşmağa imkan vermədi. Bundan başqa, İrlandiya millisi Avropada güclü komandalardan biri sayılır, son ilyarım ərzində heç kimə uduzmayıb. İrlandlar həm seçmə, həm də elit mərhələ çərçivəsində keçirdiyi bütün oyunlarda qalib gəldilər. Hər iki turnirdə 9 xal toplayaraq mərhələ adlayıblar. Fiziki baxımdan güclü olan oyunçularına uyğun çox ağıllı taktika seçmişdilər və bunun da nəticəsi idi ki, bütün rəqiblərdən üstün oynayırdılar. Ümumiyyətlə, Avropada futbolçuları klublar hazırlayır və oyunçular milliyə hazır gəlirlər. Yığmada heç hazırlaşmağa vaxtları da olmur. Bu mövzuda oyunlardan sonra rəqib komandaların məşqçiləri ilə görüşlərimizdə də danışırdıq. Onlar da qeyd edirdilər ki, futbolçular klubla çox olurlar, biz qısa müddətdə çox az hazırlaşa bilirik.
- İrlandlarla görüşdə Elvin Cəfərquliyevə göstərilən qırmızı vərəqə və penalti epizodları ilə bağlı fikirləriniz maraqlıdı.
- "Qırmızı" anı adi oyun epizodu idi. Hakim qırmızı vərəqə yox, "sarı" göstərməli idi. Bildiyiniz kimi, həm bizim, həm də rəqib qapısına penalti təyin olundu. Ancaq heç biri dəqiq yerinə yetirilmədi. Hər halda, rəqib qapıçı penaltini dəf etsə də, Kamran Quliyev epiozodun davamını qolla yekunlaşdırdı.
- Rumıniya ilə oyunda böyük hesabla uduzmağımızın səbəbi nə idi? Uşaqlar psixoloji cəhətdən hazır deyildilər, yoxsa başqa amillər təsir etdi?
- Ən çox da cəzalı oyunçularımızın oynamaması bu matçda bizə çətinlik yaratdı. Təsəvvür edin ki, son oyuna 13 futbolçu ilə cıxmışdıq. Bildiyiniz kimi, seçmə mərhələdə alınan vərəqələr "elit"də də qüvvədə qalır. Odu ki, vərəqə limitini dolduranların hansısa oyunu buraxması problem yaradırdı.
- Ümumilikdə elit mərhələdə komanda görmək istədiyinizin, verdiyiniz tapşırıqların neçə faizini yerinə yetirə bildi?
- Daha öncə də qeyd etdiyim kimi, futbolçuların çoxu özlərini tam göstərə bilmədi. Bu da cəza və zədədən irəli gəlirdi. Oyunlara məcburi şəkildə tam heyətlə hazırlaşa bilmirdik.
- Bizdə əsas problemlər nə ilə bağlıdı?
- Ən əsas problem ölkə çempionatının aşağı səviyyədə keçməsidi. Futbolçularımız 19 yaşında əsas komandanın ehtiyatına belə düşməyə çətinlik çəkirlər, qaldı ki əsas heyətdə oynamaları. Rəqib futbolçularının çoxu həm səviyyəcə yüksək komandalarda, həm də əsas heyətdə oynayırlar. Avropada sürət, güc, mübarizə var. Meydanda dayanmadan işləyirlər. Özü də yüksək səviyyədə.
- Bu mərhələnin bizə nə xeyri oldu? Nələrin üzərində işləməliyik ki, uğurlu olaq?
- Fikrimcə, elit mərhələdə tez-tez iştirak etməliyik. İstər U-17, istərsə də U-19 səviyyəsində. Ardıcıl 3-4 dəfə düşdükdən sonra hansındasa finala vəsiqə qazana bilərik. Səviyyəmizi yüksəltmək istəyiriksə, dediyim kimi, müntəzəm elit mərhələdə mübarizə aparmalıyıq. Birdən-birə heç nə olmayacaq. Elit mərhələ bü gün bu yaşda olan futbolçulara böyük təcrübə qazandırdı. Onlar artıq hiss etdilər ki, Avropada oynamaları üçün hansı səviyyədə olmalıdılar və hansı işləri görməlidilər. Maraq üçün onu deyim ki, bu gün dünya çempionları İngiltərə, Hollandiya, Almaniya, Xorvatiya, İsveçrə, Belçika kimi komandalar final mərhələsinə yüksələ bilmədilər. Nələrin üzərində işləməliyik sualına cavab olaraq onu deyə bilərəm ki, bir çox məsələlərin üzərində çalışmalıyıq. Əvvəla, struktur olmalıdı, sistem qurmalıyıq, klublar və millilər birlikdə əməkdaşlıq etməliyik. Ən əsası, çempionatlarımızın səviyyəsini qaldırmalıyıq bütün liqalarda. Çempionat oyunlarında perspektivli futbolçular özlərindən yaşca böyük və üst səviyyəli oyunçularla mübarizə aparmalıdı. Futbolçular böyüdükcə onlara fərdi yanaşma daha da çox olmalıdı. Bir sözlə, hamı futbolçu üçün çalışmalıdı. Bu gün tərsinədi, komandalara yer tutmaq, çempion olmaq vacibdi. Bu gün 18, 19 yaşında futbolçu bu yaşa çatdıqda qarşısına dəhşətli dərəcədə problemler çıxır. Onlar futbolu fikirləşməkdən, futbolla yaşamaqdan çox öz problemləri içində üzürlər.
- Məlum olduğu kimi, U-19-u bundan sonra Samir Əliyev çalışdıracaq. Bildiyimizə görə, siz U-17-də fəaliyyət göstərəcəksiz. Bu informasiya nə qədər doğrudu?
- Rəhbərlik hansı qərarı verəcəksə, ona da əməl etməyə hazıram.
- Krasnodardan qayıdandan sonra AFFA rəhbərliyi ilə görüşmək imkanınız oldu? Onlar nəticə haqda nə dedilər?
- Bakıya yeni gəlmişik. Hələ görüşməmişik. Əlbəttə, görüşümüz olacaq.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR