Yurçeviç hər şeyin qaydasında olduğunu düşünür
Yığmanın baş məşqçisi Nikola Yurçeviç Xorvatiyada "Sportske jutarnji" nəşrinə müsahibə verib. Mütəxəssis əsasən Xorvatiya ilə oyun (1:2) haqda danışıb.
- Səfərdə Xorvatiyaya ciddi problem yaratdız. Həmin oyunu necə şərh edərdiz?
- Buna üç prizmadan nəzər yetirmək lazımdı. Birincisi, bu bir faktdı ki, hələ mənim həm oynadığım, həm də Biliçin köməkçisi kimi işlədiyim dövrdə də Xorvatiya seçmə mərhələ ilə müqayisədə böyük turnirlərə daha məsuliyyətli yanaşır. Çünki seçmə mərhələ matçlarında xorvatlar əsasən favorit sayılırlar. İkincisi, rəqib daha motivasiyalı olur. Məsələn, biz Xorvatiya ilə oyuna 200 faizlik köklənmə ilə getmişdik. Üçüncüsü isə oyun aspektidi.
- Sizin Xorvatiya yığmasını yaxşı tanımağınızın bunda rolu oldumu?
- Xorvatiya ötən il Rusiyadakı dünya çempionatında qeyri-adi enerji və fantastik əks-hücumlarla ən təhlükəli rəqiblərdən birinə çevrilmişdi. Bilirdim ki, müdafiədə etibarlı oynasaq, onlara problem yarada bilərik. Həmin görüşdə də bunu 5-6 dəfə etdik. Rəqib qapısından bir top keçirdik, ancaq yenə vura bilərdik.
- Futbolçularınıza əsasən nəyə diqqət yetirməyi tapşırmışdız?
- Əsas məqsəd maksimum gücümüzü ortaya qoymaq idi. Ona görə də sona yaxın cinah oyunçularımız yorulmuşdular. Onlar Perişiç və Barişiçin olduğu cinahı bağlamışdılar, həmçinin digərləri də çətinlik çəkirdilər. Xorvatlar sonda Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki bu futbolçu ilə bağlı da söhbət etmişdik. Təbii ki, tapşırıqların hamısını tam yerinə yetirmək mümkünsüzdü. Onun dahiliyi bizi məğlub etdi.
- Xorvatiyanın 3 gün sonra Macarıstana uduzması sizi təəccübləndirmədi?
- Təəccübləndim. Oyunu izlədim və hər şeyin necə baş verdiyini gördüm. Düzgün motivasiya olunmamışdılar. Hesabı açdıqdan sonra futbolçular hər şeyə nəzarət etdiklərini düşündülər. Macarları yaxşı tanıyıram, onlar qol buraxanda daha aqressiv olurlar. İndiyə qədər onların belə ruh yüksəkliyi ilə oynadığını görməmişdim. Azarkeşlərlə oyunçular arasında qarşılıqlı əlaqə möhtəşəm idi.
- Azərbaycan yığması daha sonra yoldaşlıq oyununda Litva ilə qolsuz bərabərə qaldı...
- Yerli assosiasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan, rəqibə yaratdığımız problemdən razı qaldı. Təəssüf edirik ki, Azərbaycan futbolu tarixinin ən böyük sensasiyasını gerçəkləşdirə bilmədik. Komandada yaxşı ab-hava yaratmaq vacibdi. Litvanı məğlub etməliydik. Amma hər şey qaydasındadı. Seçmə mərhələdə autsayder sayılsaq da, hər bir komandaya güclü rəqib olmağa çalışacağıq.
FARİZ hazırladı