Sizin reklam burada

U-19 ikinci oyunda da darmadağın oldu

Baxış Sayı:379

U-19 ikinci oyunda da darmadağın oldu
Ağatahir Əzimov yenə yetirmələrini qınayır
Avropa çempionatı

Əsas mərhələ, 2-ci qrup
Hollandiya (U-19) - Azərbaycan (U-19) 6:1 (2:0)
Hollandiya: 1. Yusif Ben Salam, 3. Fabyan Hendriks, 6. Sabri Haruna Kabamba, 10. Məhəmməd Sabir Ben Xaloy, 11. Faykal Amheye; 12. Tom Sterkenburq, 2. Adnan Əl Terrahi, 4. Tim Taylor, 5. Kevin Van Londen, 7. Kolin Kamp (k), 8. Nabil Azzanaquy, 9. Həmzə Benali.
Baş məşqçi: Hyalmar Hoyekema.
Azərbaycan: 1. Vladislav Reznov, 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli; 12. Niyaz Əhmədov, 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Qollar: K.Van Londen, 6 (1:0). K.Van Londen, 11 (2:0). F.Amheye, 22 (3:0). K.Əsədli, 23 (3:1). M.S.Ben Xoloy, 24 (4:1). N. Azzanaquy, 31 (5:1). F.Henrdiks, 40 (6:1).
Vərəqələr: N.Quluzadə, 28. T.Taylor, 36. N.Mehdizadə, 38 - sarı.
Hakimlər: DAMYAN YARUŞEVİÇ (Polşa), Marko Rothenfluh (İsveçrə), Yuri Neverov (Rusiya).
Hakim-inspektor: Antonio Xose Fernandes Kardoso (Portuqaliya).
UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə).
28 mart. Sloveniya. Podçetrtek İdman Zalı.
Avropa çempionatına bərbad start verən U-19 dünən ikinci oyununu keçirdi. Hollandiya ilə qarşılaşmanın reportajına keçməzdən öncə yığmanın baş məşqçisi Ağatahir Əzimovun Cənubi Kiprə biabırçı yenilgi ilə bağlı fikirlərini nəzərinizə çatdıraq. Çalışdırıcı ilk görüşdəki mübarizədən narazılığını dilə gətirib: "İnandığım, güvəndiyim oyunçular özlərinə bənzəmədilər. Bilmirəm, həyəcanlıydılar, ya rəqibdən qorxdular. Təsəvvür edin, zədəli olduğuna görə kənarda oturan futzalçım axsaya-axsaya daha yaxşı oynadı, gözlədiklərimdən üstün çıxış etdi. Burda bizdən başqa üç komanda var. Kənardan baxanda hamısı fiziki göstəricilərinə görə bizdən çox üstün görünürlər. Sanki onların yanında balaca uşaqlara bənzəyirik.
Cənubi Kipr yığması ilk mərhələdən vəsiqə qazansa da, güclü və təşkilatlanmış komandadı. Hiss olunur ki, çox çalışıblar. Boy-buxunlarına, fiziki göstəricilərinə görə də çox seçilirdilər. Meydanda nə etdiklərini bilirdilər. Bizim uşaqlar da mübarizə apardılar. Ancaq onlar güc baxımından o qədər fərqlənirdilər ki, hətta gövdələri ilə toxunmaqla bizim oyunçunu mübarizədən kənarlaşdırırdılar. Hollandiyanın Sloveniya ilə oyununu izlədim. Meydan sahibi komandanı məğlub ediblər. Yaxşı "stolba”ları, müdafiəçiləri var. Düzdü, onlar Cənubi Kipr qədər sürətli oynamırlar. Daha çox fərdi oyuna üstünlük verirlər. "Stolba”ları topla yaxşı oynayır, epizodlar yaradır. Yəni fərqli oyun üslubuna malik komandadılar. Məncə, biz bu gün daha yaxşı çıxış edəcəyik. Dünən oyunumuz alınmadı. Uşaqlar can yandırdılar, güclərini sərf etdilər, amma oyunumuz sanki getmədi. Topla biz daha yaxşı idik. Fərqimiz onda idi ki, biz epizodları boşa verirdik, onlar realizə edirdilər. Qolların da çoxunu öz səhvlərimizdən buraxdıq. Ya oyunçunu boş buraxırdıq və çata bilmirdik, ya da təkətək mübarizələri uduzurduq”.
Hollandlara qarşı daha yaxşı oyun sərgiləyib uğurlu nəticə əldə edəcəklərinə söz verən Əzimovun yetirmələri bu dəfə də yarıtmadı. Artıq 6-cı dəqiqədə qapısında qol görən U-19-u Van Londen məyus etdi ki, bu futzalçı 11-ci dəqiqədə dublunu gerçəkləşdirdi. Fasiləyə qədər başqa qol olmadı və beləliklə, rəqib ilk yarını 2:0 öndə bitirdi. İkinci yarının əvvəlində Amheye fərqi 3 topa çatdırdı. Düzdü, bir dəqiqə sonra Kənan Əsədli qollardan birinin əvəzini çıxdı. Ancaq Cənubi Kiprlə oyunda olduğu kimi, bu qol da "gözmuncuğu"ndan başqa işə yaramadı. Əvəzində əksər hallarda üstələdiyimiz Hollandiyanın yeniyetmələri Ağatahir Əzizovun komandasına futzal dərsi keçməkdə davam edirdi. Qalan dəqiqələrdə rəqib bizimkiləri daha üç dəfə meydanın mərkəzinə dəvət etdi. 24-cü dəqiqədə Ben Xoloy, 31-də Azzanaquy, sonuncu dəqiqədə isə Henrdiks adını tabloya yazdırdı. Beləliklə, U-19 bu dəfə 6:1 hesabıyla məğlub oldu. Bununla da bizimkilər final mərhələsinə yüksəlmək şansını itirdi. Qrupun digər qarşılaşmasında Sloveniya Cənubi Kipri üstələdi - 6:0. U-19 turnirdə son oyununu sabah saat 21.00-da meydan sahibi Sloveniyaya qarşı keçirəcək. Turnirdən əvvəl son oyunun finala vəsiqə baxımından həlledici olacağı proqnozlaşdırılsa da, təəssüf ki, hazırda formal matçdan danışırıq. Vaxtilə Alesionu bəyənməyən, hər fürsətdə braziliyalının “bostanına daş atan” Ağatahir Əzimovun yəqin bundan sonra deməyə sözü olmaz. U-19 onun karyerasında "qara ləkə" kimi qalacaq. Bundan sonra hansısa mütəxəssisin işini müzakirə edib tənqid hədəfinə çevirsə, bu günləri, ilkin mərhələdən gələn və futzal reytinqi Azərbaycandan qat-qat aşağı olan ölkə təmsilçilərinə böyük hesabla uduzmasını onun başına qaxınc edəcəklər. Haqlı deyillər? Bir başqa maraqlı sual da var: görəsən, bizimkilər sloveniyalılardan neçə qol buraxacaqlar?
1. Hollandiya 2 2 0 0 11-5 6
2. Sloveniya 2 1 0 1 10-5 3
3. Cənubi Kipr 2 1 0 1 7-7 3
4. AZƏRBAYCAN 2 0 0 2 2-13 0
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR