Ağasəlim Mircavadov Krasnodar təəssüratını bölüşdü
U-19-un Avropa çempionatının elit mərhələsində uğursuzluğa düçar olduğunu bilirsiz. Keçirdiyi 3 oyunda yalnız 1 xal toplayan, son görüşdə darmadağınla üzləşən və bu göstərici ilə qrupda sonuncu olan milli dünən vətənə döndü. Onu da qeyd edək ki, yığmanın yer aldığı qrupun oyunları Krasnodarda keçirilirdi. Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov da milli ilə birgə Rusiyanın adı çəkilən şəhərinə yollanmışdı.
Odu ki, dünən təcrübəli mütəxəssislə əlaqə saxlayıb, səfər təəssüratını, Vüqar Məmmədin komandası ilə bağlı düşüncələrini öyrənmək qərarına gəldik: "Nə deyə bilərəm? Güclü qalib gəldi. İrlandiya doğrudan da başqa komandalardan üstün idi, final mərhələsinə vəsiqə qazandı. Bizdə də istedadlı uşaqlar var. Ancaq İrlandiya və Rumıniya ilə oyunlarda alınmadı. Əsas problemin nə olduğunu məşqçilər korpusu deyə bilər. Hər halda, təhlil lazımdı. Ümumiyyətlə, uşaq futbolunda araşdırma tələb edir ki, niyə bizimkilər bir oyunda yaxşı təsir bağışlayırlar, lakin bunun davamını gətirə bilmirlər. Bu, mütləq təhlil edilməlidi. Deməzdim ki, Rusiya ilə heç-heçədən sonra komanda arxayınlaşmışdı. İrlandiya həm fiziki, həm də futbol biliyi baxımından qrupdakı bütün yığmalardan üstün idi. Bu aşkar hiss olunurdu. Komandada lider oyunçuları var idi. Bundan başqa, komanda oyunu sərgiləyirdilər. Bu üzdən bizim millini məğlub edib, son turu gözləmədən adlarını final mərhələsinə yazdırdılar".
Mircavadovun da qeyd etdiyi kimi, son tur formallığa çevrilmişdi. Sadəcə, təsəlli və imic üçün yığma Rumıniya ilə oyunda qalib gəlməliydi. Hətta heç-heçə də bizim qrupu 2-ci yerdə bitirməyimiz üçün yetərli ola bilərdi. Məmmədin komandası nəinki bunu bacardı, əksinə, rumınlara 4 cavabsız qolla uduzaraq sonluğu bərbad gətirdi. Ağasəlim bəydən Rumıniya ilə duel haqda da soruşduq: "Onu deyim ki, Rumıniya bizdən güclü deyildi. Ancaq yığma üzvləri müdafiədə elə səhvlərə yol verdilər ki... Uşaq səhvləri etdilər. Bir də ayıldılar ki, hesab artıq 0:3-dü. İkinci hissədə normal oynasalar da, dönüş edə bilmədilər. Qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Bunu qeyd etməliyik. Ənənəvi problem deyəndə ki, klublarda məşqçilər onun üzərində işləməlidi. Həmin məşqçiləri də başa düşürəm. Klub rəhbərliyi deyir ki, birinci yeri tutmalısan. Lakin bu düzgün fikir deyil. Uşaq futbolunda, aşağı yaş qruplarında uşaqlar oyundan-oyuna "artırmalıdı". Nəticə önəmli olmamalıdı. Belədə yaxşı futbolçular çıxar, yetişər".
Yeri gəlmişkən, U-19 Rusiyada olanda əsas yığma Xorvatiya ilə seçmə mərhələ çərçivəsində səfərdə qarşılaşdısa (1:2), Litva ilə Bakıda yoldaşlıq oyunu (0:0) keçirdi. Maraqlıdı, Mircavadov Nikola Yurçeviçin komandasını izləyib? İzləyibsə, milli ilə bağlı düşüncələri necə olub? Vaxtilə yığmanı çalışdırmış mütəxəssisi dinləyək: "Xorvatiya ilə oyuna baxdım. Bildiyiniz kimi, Rusiya telekanalı da həmin qarşılaşmanı göstərirdi. Yeni məşqçinin rəhbərliyi altında yığmanın ilk oyunu idi. Milli yaxşı təsir bağışladı. Ancaq bəzi futbolçular potensialından aşağı səviyyədə oynadı. Təbii, qəti fikir söyləmək üçün hələ tezdi. Hələ baş məşqçi bütün futbolçuların nəyə qadir olduğunu tam öyrənməlidi. Litva ilə oyunu isə izləyə bilmədim. Açığı, yoldaşlıq matçındakı nəticəyə təəccüblənmədim. Baş məşqçi yeni futbolçular dəvət edibsə, onları sınamalıdı. Özü üçün müəyyən etməlidi ki, əlinin altında hansı "material" var. Yoldaşlıq oyunları sırf buna görə lazımdı".
FARİZ