Sizin reklam burada

Ozobiç: “Milliniz bizimkiləri həyəcanlandırmağı bacardı”

Baxış Sayı:347

Ozobiç: “Milliniz bizimkiləri həyəcanlandırmağı bacardı”
Paratski: “Müdafiə xəttinin intizamlı oyununu qeyd edərdim”
Yığma AÇ-2020-nin final mərhələsinə gedən yolda ilk imtahanını verdi. Rəqib qrupun aşkar favoriti göstərilən son dünya çempionatının finalçısı Xorvatiya olsa da, möcüzəyə olan ümidlər itməmişdi. “Maksimir”də mümkün 1 xal belə günün ən sensasiyalı nəticəsi kimi yadda qalacaqdı. Əslində hər şey buna doğru gedirdi. Oyuna nəzarət xorvatların tərəfində olsa da, ardıcıl təhlükəli vəziyyətləri meydan sahibləri yaratsa da, Ramil Şeydayev vurduğu baxımlı qol hesabına bizimkilər önə çıxarmağı bacarmışdı. Sonradan bərabərlik topu və oyunun başa çatmasına cəmi 11 dəqiqə qalmış buraxılan növbəti qol Luka Modriçin komandasına 3 xal qazandırdı.
Nikola Yurçeviçin yetirmələri matçdan məğlub ayrılsa da, komandanın şəninə xoş sözlər səsləndirilirdi. Çoxları yığmamızın darmadağın olacağını gözlədiyi halda Zaqrebdən minimalhesablı yenilgi ilə dönməsini ümidverici nəticə kimi qələmə verirdi. Xüsusən də əzmkarlıq, müdafiədə əvvəlki oyunlara nisbətən etibarlılıq ön plana çəkilirdi. Bir başqa əsas isə baş məşqçinin yeni olması və heç bir hazırlıq keçmədən Xorvatiya kimi güclü rəqibin qarşısına çıxmasıydı. Təbii, müxalif düşüncəli olanlar da vardı. Onlar deyilənlərlə razılaşmayaraq millinin qorxaq futbol oynadığını və ayrı-ayrı futbolçuların zəif çıxışını qabardırdı.
Oyunu izləyənlər arasında “bizim xorvatlar” da olub. Söhbət premyer-liqada top qovan Balkan ölkəsinin futbolçularından gedir. Düzdü, illər öncə Azərbaycan çempionatında xorvatların sayı azı iki əldəki barmaqların sayı qədər olurdu. Bu gün isə yalnız iki nəfərdilər. Biri “Qarabağ”da top dalınca qaçan Filip Ozobiç, digəri “Neftçi”nin şərəfini qoruyan Qoran Paratski. Hər iki yarımmüdafiəçi ilə söhbətdə oyun və yığmamızın necə təsir bağışlaması ilə bağlı soruşduq.
Filip Ozobiç: “Əlbəttə, baxdım. Razılaşarsız ki, oyunun aşkar favoriti Xorvatiya yığması idi. Təkcə heyətdəki futbolçuların adlarına və hansı komandalarda oynadıqlarına baxmaq bəs edirdi. Üstəlik, demək olar, hamısı ilk dəqiqələrdən meydana çıxmışdı. Buna baxmayaraq, milliniz bizimkiləri həyəcanlandırmağı bacardı. Baxımlı futbol oynamasalar da, ağıllı oyunla xal qoparmağa yaxın idilər. Sensasiyaya 11 dəqiqə çatmadı. Xorvatiyadan 1:2 hesablı yenilgi ilə dönən komandanın üzvlərini tənqid etmək doğru olmaz. Litva ilə Bakıdakı matçı da izlədim. Bu oyunda daha çox hücum edən tərəf Azərbaycan idi. Hətta qol imkanları da oldu. Məncə, ən qısa zamanda yığma öz oyununu tapıb rəqiblərinə həyəcan yaşatmağı bacaracaq”.
Qoran Paratski: “İki komandanı müqayisə edəndə arada ciddi fərq görünür. Xorvatiya yığmasının futbolçuları top-klublarda çıxış edir. Buna rəğmən, Azərbaycan millisi bizimkilərə çətin anlar yaşatmağı bacardı. Əsas olan səfərdən xalla qayıtmaq idi deyə, yığmanız baxımlı oyundan çox nəticə qazanmaq üçün çalışırdı. Deyərdim ki, bu onlarda alınacaqdı. Müdafiə xəttinin intizamlı oyununu qeyd edərdim. Xorvatlardan olsaydı, daha çox qol vurardılar. Əslində buna çalışırdılar da. Sadəcə, müdafiəçilərinizin sayıqlığı hesab arasındakı fərqin böyük olmasına imkan vermədi. Bu yerdə Yurçeviç amilini də qeyd etməliyəm. O Xorvatiya yığmasındakı futbolçuları və komandanın oyun üslubunu əlinin içi kimi bilir. Ona görə də futbolçulara lazım olan tapşırıqları vermişdi. Oyunçular da buna uyğun davrandığından çoxlarının düşündüyü darmadağın olmadı. Məncə, səfərdən 1:2 hesablı yenilgi ilə dönmək Azərbaycan millisi üçün ümidverici nəticədi”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR