“Nəticə naminə planlarımı poza, kiminsə haqqını yeyə bilmərəm”
Ötən ilin sonunda 19 yaşadək futbolçulardan ibarət yığmaya baş məşqçi təyin olunan Samir Əliyev işə payızda başlayacaq. AFFA, sadəcə, Vüqar Məmmədi komanda elit mərhələdə çıxış etdiyinə görə postunda müvəqqəti saxlamışdı. Əliyev isə 2001 təvəllüdlü futbolçulardan ibarət komandanı oktyabrda keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlayacaq. Gənc mütəxəssis artıq seleksiya işini həyata keçirir. O, U-19-a namizədlərlə iki toplanış keçirib. Son olaraq martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı keçirən komanda hazırlıq prosesi çərçivəsində martın 22-si və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirdi. İlk görüşdə 1:1 bərabərliyə qalan yığma iki gün sonrakı qarşılaşmada 0:1 uduzdu.
Samir Əliyevlə əlaqə saxlayıb, nəticələr və ümumiyyətlə, toplanışla bağlı fikirlərini öyrəndik: “Seleksiya xarakterli toplanış idi. Bu, sayca ikinci toplanış oldu. Məqsədimiz bütün namizədləri gözdən keçirmək idi. Ötən dəfə olduğu kimi, yenə yeni futbolçular dəvət etmişdik. Üçü qapıçı olmaqla 23 futbolçu cəlb etmişdik ki, iki oyunda hamıya şans verdik. Elə futbolçu olmadı ki, az və ya çox oynamasın. Hətta qapıçıların üçünə də şans verdik. Nəticə vacib deyildi. Çünki bu, optimal heyət deyil. Ancaq yerli çempionatda çıxış edən oyunçuları sınadıq. 2001 təvəllüdlü 7 yığma üzvü hazırda elit mərhələdə çıxış edir. Onlarla birgə optimal heyət formalaşacaq. Növbəti toplanış üçün artıq tam heyətdən danışa bilərik. Qeyd etdiyim kimi, Birləşmiş Ərəb Əmirlikləri ilə görüşlərin nəticəsinə fikir vermirdik. Əslində hər iki matçda biz rəqibdən daha üstün idik. Ancaq təcrübəsizlik özünü göstərdi. Bu uşaqların çoxu ilk dəfə beynəlxalq oyuna çıxırdı. İkinci oyunda bir səhv etdik, o da qapımıza qolla nəticələndi. Səhvin olmasını normal qəbul edirəm. Çünki oyunun gedişində 10 əvəzetmə etdim və belədə əlaqə itdi. Buna baxmayaraq, rəqibi bir çox komponentlərdə üstələdik. Bunu qarşılaşmanı izləyən mütəxəssislər də təsdiqləyə bilər. BƏƏ yoxlama oyunu üçün yaxşı rəqib idi. Xorvatiyalı baş məşqçiləri var və hiss olunurdu ki, oturuşmuş heyətə malikdilər. Əlbəttə, heç kim uduzmağı xoşlamır. Amma nəticə naminə planlarımı da poza bilməzdim. Heç kimin haqqını yeyə bilmərəm, toplanışa çağırmışamsa, hamıya özünü göstərmək üçün şans verməliyəm. Elə namizədlər var ki, zədəli olduğu, bəzilərinin seçimi zamanı isə tərəddüd etdiyim üçün budəfəki hazırlıq prosesinə cəlb etmədim. Ancaq onları da diqqətdə saxlayacam və gələcəkdə dəvət edəcəm”.
Samir Əliyev növbəti təlim-məşq toplanışının mayda baş tutacağını deyir: “Düzdü, hələ plan tam təsdiqlənməyib, amma belə istəyimiz var. Biz əsasən birinci divizionda oynayan 2001 təvəllüdlü uşaqları yığmaya cəlb edirik. Çempionat başa çatandan sonra bir araya gəlməyi planlaşdırırıq. Bu yaş qrupunda seçim genişdi. Demirəm ki, hamısı hazır məhsuldu. Eləsi var ki, düşərgəyə hazırlıqlı gəlir, eləsi də var üzərində işləmək lazımdı. Amma ümumilikdə sayları çoxdu. Bu mənada “Səbail”i xüsusi vurğulamalıyam. “Səbail” 2001 təvəllüdlülərə daha çox güvənir. Təsadüfi deyil ki, budəfəki toplanışa hamıdan çox məhz bu klubdan futbolçu cəlb etmişdim”.
MİRAĞA