Millətlər Liqasında hədəfə çata bilməyən yığmanın baş məşqçi postunda dəyişiklik edildi. AFFA uzun sürən axtarışdan sonra Nikola Yurçeviçlə ortaq məxrəcə gəldi. Hərçənd xorvat mütəxəssisin təyinatı o qədər yubandı ki, bunun da komandanın əleyhinə işlədiyi birmənalıdı. Özü də Yurçeviç heç bir yoxlama matçına çıxmadan ilk oyununu seçmə mərhələ çərçivəsində keçirdi. Ancaq hələ Millətlər Liqasındakı uğurzuluqlardan sonra millidə dəyişikliklərin olacağı gözlənilən idi. Çünki heç bir yenilik, fərqlilik olmadan yeni mübarizədə nəyəsə ümid etmək mənasız olardı. Beləcə, 9 günlük toplanış yığma ilə bağlı müəyyən təsəvvürlərin formalaşmasına səbəb oldu. Yurçeviçin ciddi fərq yaratdığını söyləmək nə qədər çətin olsa da, yığma ilə bağlı müəyyən cizgilərin üzərində dayanmaq olar.
Heyət
Öncə Yurçeviçin heyətlə bağlı seçimi maraqlı oldu. Belə ki, bəzi sürprizlər diqqətdən yayınmadı. Aleksey İsayev, Anton Krivotsyuk, Ömər Buludov kimi futbolçuların dəvət alması bir qədər gəncləşdirmə siyasətinin təzahürü idi. Hərçənd Aleksey zədəli olduğuna görə yığmadan ayrıldı, Ömər, ümumiyyətlə, şans qazanmadı. Bununla belə, onların dəvət alması gələcəklə bağlı baş məşqçinin planlarına daxil olduqlarını göstərdi. “Qəbələ”dən heç bir futbolçunun dəvət almamasını, Kamran Ağayevin uzun müddətdən sonra çağırılmamasını hətta inqilabi dəyişikliklər kimi də dəyərləndirənlər var. Ən azı iki oyunda Səlahət Ağayevə güvənən xorvat mütəxəssis “çərçivə” ilə bağlı planlarını da ortaya qoydu. Təbii, Emil Balayevin yoldaşlıq oyununda belə meydana çıxmaması xoş olmadı. Legioner həyatı yaşayan qapıçıya güvənmək ona əlavə motivasiya olacaqdı. Bundan başqa, Eddi İsrafilovun uzun müddətdən sonra yığmaya dönməsini də islahatların önəmli parçası saymaq olar. Hər iki oyunda şans qazanan və ən yaxşılardan biri olan Eddi milliyə layiq olduğunu göstərdi. Görünür, klubunda daim forma geyməsi və aradan keçən müddət onun xeyrinə işləyib. “Krılya Sovetov”da ardıcıl qollar vuran Ramil Şeydayevin Xorvatiya ilə oyunda fərqlənməsi və sərgilədiyi oyun da ürəkaçandı. Qalan mövqelərlə bağlı uzun-uzadı rəy bildirməyə ehtiyac yoxdu. Ancaq bəzi suallara cavab tapmaq çətindi. Dmitri Nazarov – Araz Abdullayev, Rahil Məmmədov – Anton Krivotsyuk, Təmkin Xəlilzadə - Şəhriyar Rəhimov kimi müqayisəli cütlüklər haqda baş məşqçinin də yekun qərar vermədiyi birmənalıdı. Yeri gəlmişkən, Nazarovun zəif çıxışı, Rüfət Dadaşovun komandaya faydalı olmaq ehtimalın azlığı da heyətlə bağlı müzakirələrdə qeyd olunası nüanslardı.
İki fərqli oyun
Qısa müddətdə komandanı bir araya gətirən Yurçeviç iki bir-birindən kəskin fərqlənən oyuna çıxdı. Belə ki, biri rəsmi oyun idi, o biri yoldaşlıq görüşü, birində baş məşqçinin rotasiya etmək imkanı az idi, o birində çox, biri səfərdə idi, digəri evdə, birində müdafiə olunurduqsa, o birində hücum etməliydik, bir rəqib mundialın gümüş medalçısı idisə, o biri son oyunda Lüksemburqa uduzan yığma. Lakin bu iki oyunu ümumi götürəndə bir məqam özünü qabarıq şəkildə göstərir: biz “1-ci skripka” kimi oynaya bilmirik! Millətlər Liqasında da bu “xəstəliyin” dərmanını tapa bilmədik, Litva ilə görüşdə də eyni hal təkrarlandı. Bunun da müxtəlif səbəbləri var. Güclü rəqiblə qarşılaşmada müdafiə olunursan, əsas işin topu uzaqlaşdırmaq və imkan düşdükcə əks-hücumlar qurmaq olur. Bu baxımdan Şeydayev kimi hücumçular komandanın arzuladığı qolu vura bilir. Ancaq “1-ci skripka” olan tərəf kombinasiyalı hücumlar qurmalı və uğura bu yolla nail olmalıdı. Bizim ən böyük problemimiz də məhz düşünülmüş və çoxgedişli həmlələr edə bilməməyimizdi. Yurçeviç isə 9 günlük toplanış zamanı bu baxımdan hansısa fərqlilik yarada bilmədi. Bunu Litva ilə oyun göstərdi. Yurçeviçin işində müsbət məqamlardan biri isə riski sevməsidi. Xorvatiya ilə oyunun sonlarında ikihücumçulu sistemə keçən mütəxəssis Litva ilə matçın axırlarında onların sayını 3-ə çatdırdı. “Bakcell Arena”dakı görüşdə Ramillə Rüfətin eyni anda meydanda olması da baş məşqçinin hücuma diqqət ayrımaqdan çəkinmədiyini göstərdi.
Nəticə
Doğrudu, Yurçeviç qısa müddətdi iş başındadı və komandanı cəmi iki oyuna çıxardı. Üstəlik, Litva ilə görüş yoxlama oyunu olduğundan nəticə o qədər də önəmli deyil. Bununla belə, qarşıdakı mübarizə haqda xoş xəyallar qurmaq üçün yığma “Bakcell Arena”da qələbə qazanmalıydı. Xorvatiya ilə oyunda yaranan müsbət düşüncələr Litva ilə görüşdə möhkəmlənməliydi. Bu baş versəydi, Yurçeviçin komandasının nəyəsə nail olacağını düşünmək olardı. Yalnız bir amil müəyyən nailiyyət gözləməyə əsas verir. Söhbət favorit göstərilmədiyimiz oyunlarda daha yaxşı təsir bağışlamağımızdan gedir. Bu da faktdı ki, hazırda qrupumuzda olan bütün rəqiblər bizimlə oyunda “1-ci skripka” kimi çıxış edəcək. Ola bilsin, məhz bu məqam yığmanın işinə yarayar. Çətin ki, “öz meydanımızdı” düşüncəsi ilə irəli atılmaq bizə uğur gətirsin. Yəqin ki, geridə qalan toplanışdan nəticə çıxaran Yurçeviç Macarıstan və Slovakiya ilə oyunlara qədər bu haqda uzun-uzadı düşünəcək.
FARİZ