Sizin reklam burada

Litvalılar nəticədən razı, hakimdən narazı qalıb

Baxış Sayı:362

Litvalılar nəticədən razı, hakimdən narazı qalıb
“Hakim oyunu itirdi və bizi dayandırmağa başladı”
Avropa çempionatının seçmə mərhələsinə Xorvatiyada start verən və minimal hesabla məğlub olan yığmamızdan Litva üzərində inamlı qələbə gözləyirdik. Elə Nikola Yurçeviçin oyunöncəsi verdiyi “Litva Xorvatiya deyil” açıqlaması da bu inamdan xəbər verirdi. Ancaq bazar ertəsi inamlı-inamsız üstünlüyə şahid olmadıq. Yığma “Bakcell Arena”da qolsuz heç-heçəyə razılaşdı. Təbii ki, bu, uğurlu nəticə kimi qəbul oluna bilməz. Düzdü, yoldaşlıq görüşü mahiyyətcə rəsmi oyun qədər prinsipiallıq daşımır. Ancaq yığmamızın ab-hava yaratmaq, iyunda Bakıda keçiriləcək ardıcıl iki seçmə oyuna indidən inam formalaşdırmaq üçün bu qələbəyə ehtiyacı var idi. Bizimkilərdən fərqli, Litva üçün 0:0 normal nəticə sayılmalıdı. Seçmə mərhələyə Lüksemburqa məğlubiyyətlə başlayan Baltikyanı ölkə təmsilçisinin üzvlərinin açıqlamalarından da bunu görmək mümkündü.
Fyodor Çernıx: "Həm bizim, həm də Azərbaycan üçün çətin oyun oldu. Çünki hər iki komanda üç gün öncə çətin, ağır oyun keçirmişdi. Üstəlik, biz uzun yol qət etmişdik. Çətinliklərə baxmayaraq, meydanda maraqlı oyunun getdiyini deyə bilərəm. Azərbaycanın da yaxşı imkanları oldu, bizim də. Məncə, hər iki komanda qalib gələ bilərdi. Düşünürəm ki, sonda ədalətli nəticə oldu. Hər zaman qalib gəlmək mümkündü. Ola bilsin ki, Azərbaycana qalib gələ bilməməyimizə aqressivliyin çatışmaması səbəb oldu. İlk dəqiqələrdən gördük ki, Azərbaycan yaxşı komandadı, döyüşkəndi. Demək olar, bütün futbolçulçar texnikalı idi. Buna görə hazırlaşmışdıq. Meydanın mərkəzində rəqibi bağlamağa çalışırdıq ki, ordan hücum qura bilməsinlər, daha çox cinahlardan gəlsinlər. Buna uyğun oynadıq və bərabərə qaldıq. Bizim üçün müsbət nəticədi. Həm bizim, həm də Azərbaycanın yer aldığı qrup çətindi. Düşünürəm ki, hər iki komanda üçün ağır olacaq. Amma həyatda möcüzələr baş verir. Bəlkə də Litvanı və ya Azərbaycanı Avropa çempionatında görərik".
Modesta Vorobyov: "Bu, iki komanda arasında mübarizə idi. Düşünürəm ki, heç-heçə ədalətli nəticədi. Lüksemburqdakı uğursuzluqdan sonra bir az daha yaxşı oynamağa və özümüzü sübut etməyə çalışdıq. Amma hakim oyunu itirdi və bizi dayandırmağa başladı. Əslində isə biz kobud yox, sərt oynayırdıq”.
Paulius Qolubitskas: "Əhvalım əladı, çünki yaxşı oyun keçirdim. Müsbət nəticə qazanmağımız əla oldu. Cəmi 19 yaşım olsa da, Azərbaycanla matçda elə də çox həyəcan hiss etmədim. Həm Lüksemburq, həm də Azərbaycan ilə oyunlarda ilk 5-10 dəqiqədən sonra həyəcan keçdi. Matçdan əvvəl baş məşqçi müdafiədə intizamlı olmağı və rəqibə oynamaq imkanı verməməyi tapırmışdı. Düşünürəm ki, onun tapşırıqlarını yaxşı yerinə yetirdik. Hətta qol vurmaq üçün də şansımız oldu".
MİRAĞA hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR