Sizin reklam burada

Obradoviç həm təqvimdən, həm də bəzi məşqçilərdən narazıdı

Baxış Sayı:391

Obradoviç həm təqvimdən, həm də bəzi məşqçilərdən narazıdı
“Futbolu yerlə oynayırlar, göylə yox”
Qarşılaşmadan sonra U-21-in baş məşqçisi Milan Obradoviçə yaxınlaşıb, həm toplanışı dəyərləndirməsini istədim, həm də məni maraqlandıran başqa suallara cavab tapmağa çalışdım.
- Öncə toplanış barədə fikirlərinizi bölüşərdiz. Nəyi bəyəndiz, nədən xoşlanmadız?
- İlk növbədə hava şəraitindən narazı qaldığımı bildirmək istəyirəm. Külək bir, iki, maksimum üç gün əsər. Hər gün küləyin əsməsi artıq anormallıqdı (gülür). Düzdü, Bakının küləklər şəhəri olduğunu eşitmişdim. Ancaq daha belə olacağını düşünmürdüm (gülür). Ümumi toplanışa gəlincə, əvvəlcədən nə planlaşdırmışdıqsa, elə də oldu. Görüdüyümü gördüm, aldığımı aldım. Komandanın “sükanı arxasına” keçəndən bəri ilk dəfə belə uzun müddət bir yerdə olduq. Əvvəlki təlim-məşq toplanışında vaxt az olduğundan futbolçular barədə ətraflı məlumat toplaya bilməmişdim. Məşqlərdə üzərində işlədiyimiz elementləri yoxlama oyunlarında meydanda tətbiq etməyə çalışdıq. Belə toplanışların müsbət tərəfi odu ki, futbolçular mənim qanunlarıma bələd olurlar, onlardan nə tələb etdiyimi tədricən başa düşürlər. Bir sözlə, mən onları, onlar da məni yaxından tanımaq imkanı qazandılar. Artıq durduğumuz yerdən tərpənmişik. Vaxt ötdükcə daha çətin tapşırıqlar üzərində işləyib, məşq yükünü də artıracağıq.
- Çox maraqlıdı, nəyə görə 10 günlük toplanış çərçivəsində rəqib kimi hansısa ölkənin U-21-i ilə yox, yerli klublarla yoxlama görüşləri keçirmək istədiz?
- Düzünü desəm, planımız məhz elə idi. İstəyirdim ki, komandama başqa ölkədən olan həmyaşıdları ilə görüşdə baxım. Ancaq səhv etmirəmsə, 2 və ya 3 ölkə bizim təklifimizi geri çevirdi.
- Niyə imtina etdilər və həmin ölkələr hansılar idi?
- Ölkələrin adlarını çəkmək istəmirəm. İmtinanın isə səbəbini bilmirəm.
- Bu məsələdə kimdi günahkar - AFFA, yoxsa imtina edənlər?
- Gəlin indi günahkar axtarmayaq. Bu işlər necə tənzimlənir? Sən təklif göndərirsən, qarşı tərəf də ya “hə”, ya da “yox” cavabı verir. Bildiyim qədər təklif göndərilən federasiyalardan biri AFFA-ya “90 faiz oyun baş tutacaq” deyib. Son anda fikirlərindən daşınıblar. İkincisi Azərbaycana gəlmək istəməyib və oyunun onların meydanında keçirilməsini istəyib. Sonuncu ölkə isə razılıq vermişdi. Sadəcə, qarşılaşmanın martın 21-də keçirilməsini istəyirdilər ki, buna da mən razı olmadım. Çünki hazırlıq planımla üst-üstə düşmürdü. Mən hələ futbolçularımı yaxından tanımadığım halda, kimin nəyə qadir olduğunu bilmədən komandanın meydana çıxmasını istəmədim. Bu toplanışda əsas məqsəd məşqlərə xüsusi diqqət ayırmaq idi. Odu ki, kimisə nədəsə ittiham etmək düzgün olmaz. Futbolda belə hallar yaşanır.
- U-21 ilk oyunda “Səbail”, bu gün isə MOİK ilə münasibətləri aydınlaşdırdı. Bu qarşılaşmalardan hansında yetirmələrinizin oyunu sizi qane etdi?
- Ardıcıl iki görüşü eyni səviyyədə oynaya biliriksə, bu artıq sabitlikdən xəbər verir. Buna görə də şadam. Hər iki qarşılaşmada futbolçularda qələbə istəyini görmək, meydanda əzmkarlıq nümayiş etdirmələri məni bir qədər də sevindirdi. Məşqlərdə üzərində işlədiyimiz tapşırıqları yoxlama görüşlərində düzgün yerinə yetirmələri də xüsusi vurğulanmalıdı. Bir də ən vacib məqam budu ki, komanda hər matçda 90 dəqiqə ərzində oyundan qopmadı. Bu toplanışda bir çox futbolçuları sınaqdan keçirdik. Bu həm də mənim gözlərimi açdı. Artıq bilirəm ki, yığmanın potensialı nədi. Əsas istəkdi ki, o da bu gün kollektivdə var. Xırda çatışmazlıqları isə tədricən aradan qaldırmaq mümkündü. O ki qaldı keçirdiyimiz yoxlama görüşlərinə, deyərdim ki, “Səbail” səviyyə baxımından MOİK-i üstələyir. Bu belə də olmalıdı. Onlar elitada çıxış edirlər. Lakin MOİK-i də qeyd etmək lazımdı. Bu gün onlar bir daha göstərdilər ki, divizionda lider olmağa layiq komandadılar. Sevindirici haldı ki, toplanış müddətində heç bir oyunçu zədə almadan, yaxşı fiziki formada klublarının düşərgələrinə dönürlər. Xoşuma gəlməyən məqam isə bəzi yığma üzvlərinin öz klublarında yetərincə oyun təcrübəsi qazanmamalarıdı. Futbolçular var ki, klubda əsas komandaya cəlb olunsalar da, meydana çıxmırlar. Məşqçilər onları əsas komandaya dəvət etməklə nə özləri oynadırlar, nə də əvəzedici heyətdə forma geymələrinə imkan verirlər. Bu isə məni narahat edir. Güvəndiyim, U-21-in liderləri olacağını düşündüyüm oyunçulara belə münasibət, məncə, yolverilməzdi. Əsas komandaya dəvət etmələri yaxşıdı. Lakin onları ehtiyat oyunçular skamyasında saxlamaqla bizə problem yaradırlar.
- Başqa nədən narazısız?
- Birinci divizionda bütün oyunların eyni gündə və eyni saatda başlamasından. Mənim gərək 3-4 klonum (oxşarım) olsun ki, bütün matçları canlı izləyim, U-21-ə namizədləri diqqət mərkəzində saxlayım. Fikrimcə, çempionatı təşkil edən qurum bu nüansı da nəzərə almalıdı.
- Apreldə U-21-in toplanışı olacaq? Olacaqsa, planınızda yoxlama oyunu keçirmək var?
- Böyük ehtimalla təlim-məşq toplanışı olmayacaq. Olsa da, komandanı maksimum 2-3 günlük bir araya gətirmək mümkündü. Çünki apreldə istər premyer-liqanın, istərsə də divizionun təqvimi çox sıxdı. Mövsümün sonu olduğundan klublara mane olmaq istəmirik. Eyni zamanda mövsümün sonu mikrotravmalarla zəngin olur. Biz də bir tərəfdən futbolçuları yükləsək, nəticəsi ağır ola bilər.
- İndiki U-21-in müdafiə xəttində yer alan oyunçuların, demək olar ki, hamısı bəstəboydu. Bunun sizə gələcəkdə çətinlik yaradacağını düşünmürsüz?
- Qrupdakı rəqiblərimizin bəzi oyunlarını izləmişəm. Yəqin ki, siz hər zaman fiziki durumu yüksək olan və ucaboy forvardları ilə seçilən Fransa yığmasını nəzərdə tutusuz.
- Tək Fransanı nəzərdə tutmadım. Ancaq siz onların adını çəkirsizsə, lap elə onlarla qarşılaşmanı deyək...
- Fransızlara pressinq tətbiq etdikdə belə, topu hara gəldi və hava ilə uzaqlaşdırmırlar. Əksinə, ucaboy futbolçuları çox olsa da, daha çox yerlə oyuna üstünlük verirlər. Bir də azərbaycanlıların çox da uca boya sahib olmamaları genetikadan irəli gəlir. Bu artıq mənim sahəm deyil, nə edək? (gülür) İndidən ağlaşma quraq ki, bizim müdafiəçilər bəstəboydular? Yəqin ki, Fabio Kannavaronu xatırlayırsız. Oynadığı müddətdə dünyanın ən güclü futbolçularından biri idi və çox vaxt da hava mübarizələrindən qalib ayrılırdı. Cinah müdafiəçisi, vaxtilə dünyanın ən yaxşı futbolçularından biri olan Roberto Karlos da basketbolçu deyildi. Əsas odu ki, müdafiəçi ağıllıa oynasın, mövqe seçimində səhvə yol verməsin. Boyla bağlı çatışmazlığı bununla “sığortalamaq” mümkündü. Ümumiyyətlə, futbolu yerlə oynayırlar, göylə yox. Ona görə də bu məsələ məni o qədər də narahat etmir.
- MOİK-lə oyunda tək hücumçu kimi meydana buraxdığınız Süleyman Əhmədov “Sumqayıt”da müdafiədə oynayır. Onu hücumun sivri ucunda görmək mənim üçün bir qədər təəccüblü gəldi.
- Niyə? Əsas komandada Süleyman sonuncu dəfə səhv etmirəmsə, bir ay öncə forma geyib. Əvəzedici heyətdə isə həm cinahlarda, həm də yarımmüdafiənin mərkəzində oynayır. Mən də onun start sürətini, topla rəftarını görüb hücumda oynamasını istədim. Bu gün qol da vurdu. Yəqin ki, Əhmədovun oyununu siz də bəyəndiz. Mənim və ya klubdakı məşqçinin haqlı olduğunu zaman göstərəcək.
- U-21-in ölkə xaricində çıxış edən üzvləri barədə hansı fikirdəsiz?
- Onların hər birinə güvənirəm. Onlar Avropada gördükləri futbol mədəniyyətini U-21-də komanda yoldaşlarına da başa salmalı, müəyyən mənada dəstək olmalıdılar. Ümumilikdə legionerlərdən narazılığım yoxdu. Ancaq onlar da şərəfini qoruduqları klublarda daim meydana çıxmalı, üzərlərində işləməlidilər. Hamısını diqqət mərkəzində saxlayırıq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR