U-21 Bakıdakı təlim-məşq toplanışı çərçivəsində dünən “Dalğa Arena”da MOİK-lə yoxlama görüşündə münasibətləri aydınlaşdırdı. Xatırladaq ki, Milan Obradoviçin rəhbərlik etdiyi milli bu oyuna qədər artıq bir sınaq matçı keçirmişdi. Premyer-liqa təmsilçisi “Səbail”lə gerçəkləşən qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.
Boş tribunalar önündə baş tutan MOİK-lə matça gənclər yığması daha fəal başladı. Artıq 13-cü dəqiqədə Süleyman Əhmədov qapıçı ilə təkbətək çıxsa da, zərbəsi qeyri-dəqiq alındı. “Hərbçilər”in buna cavabı özünü çox gözlətmədi. 4 dəqiqə sonra, demək olar ki, eyni vəziyyət Murad Popovun qoruduğu qapı önündə yaşandı. Lakin müdafiəçilər vaxtında müdaxilə edərək, MOİK-in oyunçusunun topa istənilən kimi zərbə vurmasına imkan vermədilər. 30-cu dəqiqəyə kimi meydanda bərabərsəviyyəli oyun getsə də, Azər Bağırovun komandası qapısında qol gördü. 36-cı dəqiqədə qapıçı ilə müdafiəçinin bir-birini başa düşməməsindən yararlanan Rövlan Muradov zəif, lakin hiyləgər zərbə ilə toru silkələdi. İlk yarının sonuna 3 dəqiqə qalmış U-21 hesab arasındakı fərqi iki topa çatdırdı. Bu dəfə hücumun sivri ucunda oynayan və hissənin əvvəlində real qol şansını boşa verən Süleyman Əhmədov komanda yoldaşlarından təbrikləri qəbul etdi. Forvard cərimə meydançasının daxilindən uzaq küncü dəqiq nişan aldı. Bu həm də oyunda son qol oldu. İkinci yarıda hər iki komanda fərqlənmək üçün yetərincə imkan qazansa da, tablodakı hesab dəyişmədi.
Milan Obradoviçin gəlişi ilə əsaslı dəyişikliklərə məruz qalan U-21 haqda nə demək olar? Serb mütəxəssisin baş məşqçisi olduğu komandada - bəlkə də yeni formalaşdığından – anlaşma istənilən səviyyədə deyil. Düzdü, gənc oyunçular texniki cəhətdən rəqibdən üstün təsir bağışlayırdılar. Ancaq ötürmələrdə çox sayda səhvlər, bəzən müdafiədən hücuma gec çıxmaq komandanın mobil görünməsinə mane olurdu. Obradoviç isə oyunboyu yetirmələrindən yalnız irəli oynamağı tələb edir, paralel və geriyə ötürmələr edən futbolçulara iradlarını bildirirdi. U-21-in üzvləri də çox vaxt baş məşqçinin bu istəyini yerinə yetirməyə çalışırdılar. Daha bir sevindirici məqam ondan ibarətdi ki, meydana çıxan futbolçuların heç biri ikili mübarizələrdən çəkinmirdilər. Necə deyərlər, növbəti toplanışda düşərgədə olmaq üçün gənclər ayaq qoyulan yerə başla “sürüşmə” fəndi edirdilər. Onu da qeyd edim ki, serb mütəxəssis qapıçıdan başqa ehtiyat oyunçular skamyasında yer alan bütün oyunçulara özünü göstərmək imkanı yaratdı. Yenilənmiş U-21-də çatışmayan daha bir cəhət müdafiəçilərin bəstəboy olmasıdı. Bu yöndə yalnız müdafiənin sağında çıxış edən “Qəbələ”nin yetirməsi Amin Seydiyevi istisna etmək olar. Qarşıda gənclər yığmasını Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa kimi fiziki cəhətdən güclü və ucaboy futbolçulardan qurulmuş yığma ilə oyunun gözlədiyini nəzərə alsaq, Obradoviçiç bu məqama xüsusi diqqət ayırmalıdı. Onu da xatırladım ki, “hərbçilər”lə görüş toplanışın son gününə təsadüf etdiyindən, qarşılaşma başa çatandan sonra bütün futbolçular yığmanın düşərgəsini tərk etdilər.
RƏŞAD