Anar Allahverdiyev yeni heyət formalaşdırır
Böyüklərdən ibarət karate yığmamız martın 28-31-i aralığında İspaniyanın Qvadalahara şəhərində keçiriləcək 54-cü Avropa çempionatına yollanıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə yer alan 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatamiyə çıxacaq.
Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Rəşad Hüseynov kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlıya (+84 kq) şans tanıyıb. Qadınların baş məşqçisi Denis Morozov isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevaya (+68 kq) üstünlük verib. Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev də heyətdə yer alacaq. Kata üzrə baş məşqçi Vahid Ayvazov fərdi yarışlarda Roman Heydərova, para-karatedə Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyətə güvənib.
Turnirdən bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçiriləcək. EKF-nin İcraiyyə Komitəsinin üzvü olan Yaşar Bəşirovla birgə federasiyanın vitse-prezidenti Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcəklər.
Avropa çempionatında 51 ölkədən 508 idmançı mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini yaxşılaşdırmaqdan əlavə, olimpiya və Avropa Oyunlarına vəsiqə əldə etmək üçün reytinq xalları qazanmağa çalışacaqlar. Yarışı idarə edənlər arasında beynəlxalq dərəcəli referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq.
Karatedən söz düşmüşkən, yeniyetmə və gənclərdən ibarət yığmaların üzvləri arasında növbəti seçim turniri keçirilib. Avropa çempionatında uğurla çıxış edən idmançıların baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev yarışın məqsədi və qarşıdakı planlar ilə bağlı məlumat verib: “Bu il Avropa çempionatından yaxşı nəticələrlə gəlmişik. 4 qızıl və 1 bürünc medalla 51 ölkə arasında 4-cü yeri tutmuşuq. Milli komandanın üzvləri həm yaşlarını, həm də çəkilərini dəyişdiyinə görə ilin sonunda dünya çempionatında başqa yaş qrupları və çəkilərdə çıxış etməli olacaqlar. Dünya çempionatına hazırlıq məqsədilə yığmanın heyətini formalaşdırmaq üçün seçim yarışı təşkil etməyə qərar verdik. Obyektivliyin təmin olunması məqsədilə ötən ay Avropa çempionatında mükafat qazanan idmançılar da başqaları kimi mübarizəyə qatıldılar. Seçimlər lazım olan səviyyədə aparıldı. Mayın əvvəlində bizi Cənubi Kiprdə yeniyetmə və gənclərin liqa yarışı gözləyir. Bu turnir oktyabrda Çilinin paytaxtı Santyaqoda keçiriləcək dünya çempionatı ərəfəsində sınaq xarakteri daşıyacaq. Fevralda Avropa çempionatında fərqlənən idmançıların federasiya rəhbərliyi tərəfindən mükafatlandırılması onlara əlavə stimul verib. Baş məşqçi kimi öz adımdan və yığma üzvlərinin adından rəhbərliyə təşəkkürümüzü bildiririk. Çalışacağıq qarşıdakı rəsmi yarışlarda və dünya çempionatında da etimadı doğruldaq”.