Dünən futzal üzrə yüksək liqada 22-ci turdan qalan bir oyun olmalı idi. “Araz” – “Yasamal” MFK görüşü saat 19.00-a planlaşdırılmışdı. Qeyd edək ki, turun iki oyunu martın 15-də baş tutmuşdu. “Yasamal” MFK isə iranlı legionerlərinin ölkələrinə yollandığını əsas gətirib, çempionla görüşün 10 gün ertələnməsini xahiş etmiş, federasiya görüşün vaxtını dəyişmişdi. Ancaq yasamallılar dünən görüş yerinə - “Olimpik Star”a gəlmədi. Əslində bu gözlənilən idi. Komanda pulsuzluqdan əziyyət çəkirdi və çıxışını davam etdirmək iqtidarında deyildi. “Araz”la oyuna gəlməməsi isə “yolun sonu” deməkdi. Çünki “Yasamal” MFK üçüncü dövrənin ilk iki turunda - “Araz” və “Ekol”la görüşlərdə iştirak etməmişdi. Düzdü, sonradan özlərində güc tapıb 4 oyuna çıxdılar. İstənilən halda, mövsüm ərzində 3 oyuna çıxmayan komanda çempionatdan kənarlaşdırılır. Bu o deməkdi ki, bütövlükdə dördüncü dövrə “Yasamal” MFK-sız davam etdiriləcək və bu komandayla qarşılaşmalı olan iştirakçılara texniki qələbə veriləcək.
Yeri gəlmişkən, yüksək liqanın 23-cü turunun oyunları martın 29-da baş tutacaq. Turun görüşləri Bakı İdman Sarayında keçiriləcək. Saat 14.30-da “Xəzər Cənub”la “Araz” üz-üzə gələcək. İki saat sonra isə “Yasamal” İSK ilə “Neftçi” münasibətlərinə aydınlıq gətirəcək. Onsuz da rəqiblərindən bir oyun az keçirən, 22-ci turda da oynamayan “Ekol” yenə məcburi istirahət edəcək.
1. Araz 19 14 4 1 142-41 46
2. Neftçi 19 13 1 5 111-56 40
3. Ekol 18 12 3 3 166-52 39
4. Xəzər Cənub 19 11 3 5 187-62 36
5. Yasamal MFK 19 6 1 12 95-102 19
6. Liman 19 2 0 17 63-252 6
7. Yasamal İSK 19 2 0 17 63-260 6
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 49, Xətai Bağırov (Araz) – 28.
MİRAĞA