Sizin reklam burada

U-19 Sloveniyaya yollandı

Baxış Sayı:393

U-19 Sloveniyaya yollandı
Alesio səfərdən imtina etdi
Martın 16-dan təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət yığmamız Avropa çempionatına hazırlığı dünən başa vurub. Ağatahir Əzimovun komandası bu gün Sloveniyaya yollanıb. U-19 saat 04.15-də Bakı – İstanbul - Lyublyana reysi ilə səfərə çıxıb. Sabah isə komandamız əsas mərhələ çərçivəsində ilk oyununa çıxacaq. Yığma Cənubi Kiprlə qarşılaşacaq ki, görüş Podçetrtek şəhərindəki eyniadlı idman zalında, saat 22.45-də başlayacaq. U-19 ayın 28-də Hollandiya, 30-da isə meydan sahibi Sloveniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Ağatahir Əzimov səfərə 14 nəfərlik heyətlə yollanıb: Vladislav Reznov, Niyaz Əhmədov, İqbal Pənahov, Tofiq Hüseynov, Turan Əhmədov, Rauf Rüstəmov, Nurlan Mehdizadə, Hüseyn Qarayev, Kənan Əsədli, Ceyhun Nuriyev, Nicat Quluzadə, Rafael Mütəllimov, Fuad Məmmədzadə, Hüseyn Abutalıbov. Rəhbərlikdən isə heç kim komandanı müşayiət etməyəcək. Hətta əsas yığmanın çalışdırıcısı Joze Alesio da Silva da Sloveniyaya getməyəcək. Halbuki braziliyalı mütəxəssisin komandanın yanında olacağı bildirilirdi. Alesio imtinanın səbəbini qrafikinin sıxlığı, martın 29-da çempionat oyunlarının olması, 10-17-si aralığında isə Latviya və Serbiyada baş tutacaq toplanışlarla əsaslandırıb.
UEFA artıq 2-ci qrupun oyunlarına təyinatları da açıqlayıb. 27-30-u aralığında baş tutacaq qrup oyunlarını 4 ölkədən olan hakimlər idarə edəcək. Damian Yaruşeviç Polşadan, Yuri Neverov Rusiyadan, David Şaerli İsveçrədən, İvo Tsenov isə Bolqarıstandandı. Hakimlərin işinə portuqaliyalı Antonio Xose Fernandes Kardoso qiymət verəcək. UEFA nümayəndəsi funksiyasını isə ingilis Sean Dipple yerinə yetirəcək.
Bu arada millinin baş məşqçisi Ağatahir Əzimov səfəröncəsi federasiyanın rəsmi saytına müsahibə verib. Çalışdırıcı yenə problemlərdən şikayətlənib.
- Səfəröncəsi komandada ümumi ab-hava necədi?
- Pis deyil. Türkiyə ilə yoldaşlıq oyunları keçirdik, ardınca komanda 10 gün ərzində sırf fiziki hazırlıq keçdi, martın 16-dan isə təlim-məşq toplanışına yığışmışıq və taktiki planda çalışırıq. Uşaqlar məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər, normal işləyirlər. Ancaq ölkə çempionatı çərçivəsində keçirdiyimiz oyunlarda istədiyimizi əldə edə bilmədik. Sanki komandada nəsə çatışmır. Qol vəziyyətləri yaradırıq, amma “çərçivə”yə düşə bilmirik. Təbii ki, bu qolları vurmasaq, çətin olacaq.
- Bu psixoloji hazırlıqla bağlıdı, yoxsa ustalıq səviyyəsi aşağıdı?
- Ustalıq səviyyəsi barədə danışmayaq, çünki yoxdu. Uşaqlar indi-indi futzal oynamağa başlayıblar. Ancaq psixoloji baxımdan da problemlərin olduğunu danmıram. Bu ehtimal mümkündü. Türkiyəyə məğlub olduqdan sonra uşaqlar toparlana bilmirlər. Oyunumuz var, müəyyən taktiki işlər görürük, amma vacib olan qol vurmaqdı ki, onu da istənilən səviyyədə bacarmırıq. Oyunçularla həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq.
- Yetirmələriniz öz oyunlarına baxıb təhlillər aparmır?
- Dediklərinə görə baxırlar. Ancaq necə baxırlar, təhlil edirlər, onu bilmirəm. Hər şeydən əvvəl komandada mehribanlıq olmalıdı, uşaqlar bir-birinə kömək etməyi bacarmalıdı. Necə ki, yeməkxanada növbədə dayanıb bir-birimizi gözləyir, hömət edirik, meydanda da bunu etməliyik. Rəqiblə fərdi oynayan zaman komanda yoldaşını “sığortalamalısan”, daha deməməlisən ki, qol vuran mənim oyunçum deyildi. Oyunlara baxdıqca nələrin çatışmadığını görürəm. İstəyirəm onları məşqlərdə düzəldim, ancaq sonra baxıram ki, biz heç təkbətək çıxanda qol vura bilmirik. Taktiki gedişlərdə məqsəd qapıçı ilə təkbətək çıxmaq və qol vurmaqdı. Biz qol vura bilmiriksə, qalanını neynirəm? Çatışmazlıq çoxdu.
- Rəqibləri izləyə bilirsiz?
- Nəticələri ilə maraqlanırıq. Bilirəm ki, Sloveniya Serbiya ilə iki yoldaşlıq oyunu keçirib. Hamısı toplanış keçirib, yaxşı hazırlaşıb. Kiprlilər birinci mərhələdə oynasa da, zəif komanda deyil.
- Oyunların Sloveniyada keçirilməsi problem yarada bilərmi?
- Biz Bakıda ancaq Türkiyə ilə oynamışıq. Artıq belə şeyləri unutmalı, boyumuzdan yuxarı tullanmalıyıq. Ustalığımız yoxdu, işə sıfırdan başlamışıq. Görək nəticələr necə olacaq.
- Zədəli və ya hansısa səbəbdən səfərə apara bilməyəcəyiniz oyunçu varmı?
- Yüngül zədəsi olan oyunçular var. Həkim oyunlara qədər düzələcəklərini deyib. Ancaq nəzərdə tutduğumuz futzalçılar bizimlə səfərə çıxacaq.
- Həm Gürcüstanla, həm də Türkiyə ilə yoldaşlıq oyunlarında qırmızı vərəqə alan futzalçılarımız oldu. Bunun qarşısını almaq üçün iş görmüsüz?
- Oyun epizodu zamanı alınan vərəqəyə bir söz deyə bilmərəm. Amma hakimlə danışmağa, rəqiblə mübahisə etməyə görə alınan vərəqəyə görə iradımızı bildiririk. Məsələn, Türkiyə ilə oyunda Rauf Rüstəmovun, eləcə də Gürcüstanla matçda Vladislav Reznovun “qırmızı”sı gərəksiz idi. Hər şey özlərindən asılıdı. Ancaq “Füzuli” ilə oyunumuz əksini göstərdi. Uşaqlar beyində rəqibi udublar, ancaq meydanda onlar bizi yendilər. Halbuki “Füzuli” ilə 5 yoldaşlıq oyunu keçirsək, hamısında qalib gələrik. Çatışmazlıqlar var. Əlimizdən gələni edirik ki, uşaqların düzgün yetişməsinə kömək edək.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR