Adətən, yığmanın oyunları ilə bağlı yaranmış fasilə zamanı “Qarabağ” yoldaşlıq oyunu keçirmirdi. Heyət üzvlərinin yarısı müxtəlif yığmaların sıralarında olduğundan, Qurban Qurbanov sınaq matçına ehtiyac duymurdu. Görünür, yığmanın sabiq çalışdırıcısı ənənəyə son qoymaq qərarına gəlib.
Belə ki, ağdamlılar martın 24-də ev oyunlarını keçirdikləri Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ni qəbul edib. Qeyd etdiyimiz kimi, yerli futbolçuların çoxu millilərin sıralarında olduğundan, Qurbanov start heyətində birdən-birə 8 əcnəbiyə şans vermək məcburiyyətində qalıb: Vaqner da Silva, Vild-Donald Gerye, Rəşad Sadıqov, Yakub Jezniçak, Abbas Hüseynov, Miçel, Cavid Bayramov, Abdulla Zubir, Filip Ozobiç, Dani Kintana, Reynaldo.
Samir Abasovun ilk dəqiqələrdən güvəndiyi futbolçuların siyahısı isə belə olub: Orxan Sadıqlı, Miloş Radivoyeviç, Adrian Skarlatake, Sadiq Quliyev, İlkin Qırtımov, Budaq Nəsirov, Vüqar Mustafayev, Aleksandr Dedov, İsmael Fofana, Mirsahib Abbasov, Pərdis Fərcad-Azad.
Oyun “köhlən atlar”ın üstünlüyü şəraitində başlayıb ki, hesabı 37-ci dəqiqədə Kintana açıb. Fasilədən dərhal sonra “Keşlə”ylə oyunda dublla yadda qalmış Xulio Sezar Rodriges “Qarabağ”ın qapısına yol tapıb. İkinci yarının ortalarında Ozobiç qol vurmaqla yekun hesabın müəyyənləşdirib.
Bu oyun Jezniçak üçün uğursuz alınıb. Belə ki, polşalı müdafiəçi zədələnib ki, bu da azı 10 gün məşqlərdən kənarda qalacağı deməkdi.
HƏBİB