Sizin reklam burada

Urbonas heç-heçəyə sevinir

Baxış Sayı:408

Urbonas heç-heçəyə sevinir
Yurçeviç: “Macarıstan və Slovakiya ilə oyunlarda qələbə istəyirik”
Oyun başa çatandan sonra hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavabladı. Öncə mətbuat konfransına qonaqların baş məşqçisi Valdas Urbonas çıxdı. Onun qolsuz heç-heçədən razı qaldığı səsləndirdiyi fikirlərdən hiss olunurdu.
- Maraqlı və əzmkar oyun getdi. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Müdafiədə etibarlı çıxış etdik. Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Topa sahib olur, təşkilatlanmış hücumlar edirdik. Bu oyuna mövqelər üzrə yanaşırdıq. Meydan sahibləri bu gün ikinci hissədə daha fəal idilər. Ancaq nəticə oyuna görə idi. Hər iki komandanın qol imkanları çox olmadı. Komandamın oyunundan razı qaldım.
- Yəqin ki, qapınızda qol görmədiyiniz üçün oyundan razı qalmısız. Çünki oyun ərzində qol imkanı yarada bilmədiz.
- Bir daha təkrarlayıram: Azərbaycan yığmasının fərdi cəhətdən texnikalı oyunçuları var. Onlara qarşı ümumi komanda şəklində düzgün müdafiə olunmaq vacib idi. Azərbaycan yığmasına qapımız qarşısında rahat oynamaq imkanı vermədik. Təbii ki, hücumlar etməyə də çalışırdıq. Pressinq edərək, qol vəziyyətləri yaratmaq istədik.
- Lüksemburqla Azərbaycanı müqayisə etsəz, hansını daha güclü sayarsız?
- Müqayisə etmək istəmirəm. Çünki biri rəsmi, digəri yoldaşlıq görüşüdü. Bunlar arasında böyük fərq var. Bir o qədər də uğurlu təqvim deyildi. Öncə yoldaşlıq görüşü keçirməyimiz daha yaxşı olardı. Sizin komandanız Xorvatiyaya çətin anlar yaşatmağı bacarmışdı. Orda müdafiədən oynamağa məcbur idi. Bu gün də topla oynamaq bacardığını göstərdi. Top səndə olanda yaradıcılıq qabiliyyətini daha yaxşı büruzə verə bilərsən. Heyətdə bəzi rotasiyalar etdim. İki səfər oyunundan sıfırla qayıtmaq istəmirdik. Sevindik ki, bu gün 0:0-la qayıdırıq.
- Azərbaycan yığmasının zəif cəhəti nə idi?
- Baş məşqçiniz yenidi. Fərdi cəhətdən yaxşı oyunçularınız var. Ümumilikdə təhlil etmək baş məşqçinizə hörmətsizlik olardı. Bir daha rəqibin yaxşı komanda olduğunu gördüm. Azərbaycan yığmasına uğurlar arzulayıram.
- Niyə doğma dilinizdə yox, rus dilində danışırsız?
- Azərbaycan da postsovet məkanı ölkələrindən biridi. Litva dilində danışmağımı istəyirsizsə, problem yoxdu. İngilis dilində də həmçinin. Əsas odu ki, burda futbol barədə danışırıq.
Litvanın baş məşqçisindən sonra mikrofonlar arxasına yığmanın çalışdırıcısı Nikola Yurçeviç keçdi. O da həmkarı kimi sualları cavablamamış oyunla bağlı fikirlərini bölüşdü.
- Maraqlı və gözəl oyun oldu. Hərçənd qarşılaşmanın gedişi asan deyildi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumilikdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, davamı gəlsin. Ümumilikdə komandadan razı qaldım.
- Bu gün sizin üçün nəticə, yoxsa komandanın meydanda sərgilədiyi oyunun keyfiyyəti önəmli idi?
- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də Xorvatiya ilə görüşdən fərqli, bu dəfə start heyətində 4 yeni oyunçuya meydana çıxmaq şansı yaratmışdıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budu. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.
- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...
- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında biz daha güclü idik.
- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?
- Paşayev zədəlidi. Əslində o, heyətdə yer almalı oyunçudu. Sadəcə, zədəli olduğuna görə çağırılmadı.
- Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli "11-lik"lə başlaya bilməzdiz? Məsələn, Emil Balayev, Ömər Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdı?
- Bir çox şey etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, həm də digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı ab-hava oldu. Bu, mənim üçün çox vacibdi. Növbəti oyunlara hazırlıq mənim üçün daha vacibdi.
- Millətlər Liqasında qarşılaşdığımız rəqiblərlə, demək olar ki, eyni səviyyədə olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi dəyişməsə də, yığmada baş məşqçi dəyişikliyi reallaşıb. Qələbə üçün başqa nəyi dəyişmək lazımdı?
- Çox çətin sualdı. Yaratdığın şanslardan istifadə edə bilirsənsə, qələbə qazanmaq şansın daha yüksək olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da meydana ön xətt oyunçularını buraxdıq. Heyf ki, qol vura bilmədik.
- Bu gün qeyri-iş günü olsa da, azarkeş sayı yenə çox az idi. Azarkeşləri stadiona cəlb etmək üçün nə etməyi düşünürsüz?
- Nə deyə bilərəm… Mən də istərdim ki, çox azarkeş olsun. Tribunaların heç olmasa yarısı dolsa, yüksək ab-havada daha yüksək adrenalin yaranar və bəlkə də bir və ya bir neçə qol vura bilərdik. Ola bilsin, azarkeş sayının azlığı havanın soyuq olmasından qaynaqlanır. Və ya azarkeş cəlb etmək üçün yaxşı nəticələr göstərməliyik.
- AFFA sizi AÇ-2020-yə vəsiqə üçün gətirdiyini açıqlamışdı. Sonradan siz belə tələbin olmadığını dediz. Bu məsələ dəqiqləşibmi?
- Məqsəd odu ki, daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiz. Amma bunlara söykənmək istəmirik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Bu bizim istəyimizdi. Reallıq fərqli ola bilər. Hər halda, bizim arzumuz budu.
- “Zirə”nin baş məşqçisi Samir Abasov ötən gün jurnalistlərə açıqlamasında İsmael Fofananı milliyə təklif etmişdi və demişdi ki, İsmael azərbaycanlı adıdı. Sizcə, o, bununla nə demək istəyir?
- Elə bildim ki, ciddi sualdı. Fofananı necə yığmaya çağıra bilərəm? Bəlkə məşqçinin niyyəti budu ki, komandasında yerli statusla daha çox əcnəbi oyunçu çıxış etsin, bunu bilmirəm. Demişdim ki, klubları ziyarət edib, məşqçilərlə görüşəcəm. “Qarabağ” və “Neftçi”nin düşərgəsinə baş çəkib, orda görülən peşəkar işdən çox razı qaldım. Milli komandaya ən çox oyunçu onlardan gəlir. Bundan sonrakı günlər, həftələr ərzində başqa klublarla da görüşəcəm.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR