Sizin reklam burada

Yurçeviçli yığma Litvayla da bacarmadı

Baxış Sayı:437

Yurçeviçli yığma Litvayla da bacarmadı
Yoldaşlıq oyunu
248. Azərbaycan - Litva 0:0

1. Səlahət Ağayev
21. Təmkin Xəlilzadə
(22. Mirabdulla Abbasov, 88)
18. Anton Krivotsyuk
6. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
(8. Emin Mahmudov, 85)
14. Eddi İsrafilov
(19. Əli Babayev, 75)
11. Ramil Şeydayev
20. Riçard Almeyda
(13. Dmitri Nazarov, 46)
7. Araz Abdullayev
(10. Mahir Mədətov, 64)
16. Rüfət Dadaşov
(9. Namiq Ələsgərov, 65)
Ehtiyat oyunçular
12. Emil Balayev
23. Şahruddin Məhəmmədəliyev
3. Şəhriyar Rəhimov
4. Rahil Məmmədov
15. Ömər Buludov
Baş məşqçi: Nikola Yurçeviç

1. Emilius Zubas
(12. Dzyuqas Bartkus, 46)
2. Linas Klimaviçyus
3. Marrus Palionis
8. Edigiyus Vaytkunas
(4. Vitautas Andriuskeviçyus, 88)
10. Paulius Qolubiçka
(6. Justinas Marazas, 62)
11. Arvidas Novikovas
(17. Mantas Kuklis, 82)
14. Vikintas Slivka
18. Modesta Vorobyov
21. Nerijus Valskis
(15. Deymantas Petraviçyus, 46)
22. Fyodor Çernıx (k)
(13. Saulius Mikoliunas, 65)
23. Rolandas Baravikas
Ehtiyat oyunçular
16. Ernestas Setkus
5. Algis Yankauskas
9. Donatas Kazlauskas
20. Rimvidas Sadauskas
Baş məşqçi: Valdas Urbonas
Vərəqələr: M.Vorobyov, 36. D.Nazarov, 66. S.Mikoliunas, 75. M.Medvedev, 83. J.Marazas, 87 – sarı.

Hakimlər: FESNİK HORATİU, Avram Valentin, Kerey Aleksandru (hamısı Rumıniya), Orxan Məmmədov (Azərbaycan).
25 mart. Bakı. Bakcell Arena. 3122 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
17 (5) qapıya (“çərçivə”yə) zərbə 8 (2)
6 korner 4
1 ofsayd 1
20 qayda pozuntusu 22
2 vərəqə (qırmızı) 3
Martın 21-də Zaqrebdə Xorvatiya önündə asan təslim olmayan, sona 11 dəqiqə qalmış qapısında qol görüb uduzan Yurçeviçli millinin Litva ilə sınaq matçı səbirsizliklə gözlənilirdi. Əvvəla ona görə ki, ölkənin bir nömrəli komandası “doğma divarlar” arasında, yəni azarkeşləri önündə oynayırdı. Əsas məqam isə yeni baş məşqçinin rəhbərliyi altında millinin yeni simasını görmək həvəsi idi. Xorvatiya ilə oyunda rəqibin ad-sanını və gücünü nəzərə alanda, bizimkilərin əsas diqqəti müdafiəyə ayırması anlaşılan idisə, Litva önündə hücum futboluna şahidlik edəcəyimiz sirr deyildi. Hər halda, baş məşçinin özü də bir gün əvvəl “Litva Xorvatiya deyil” deməklə komandasının “1 nömrə” ilə oynayacağına işarə vurmuşdu. Qısası, Yurçeviçin futbol fəlsəfəsinin nədən ibarət olduğunu az da olsa, görəcəkdik.
Təcrübəli çalışdırıcı 4 gün əvvəlki görüşlə müqayisədə “11-lik”də 4 dəyişikliyə əl atmışdı. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dmitri Nazarovu yanında oturmağa məcbur edən Yurçeviç ilk dəqiqələrdən onların əvəzinə Anton Krivotsyuk, Təmkin Xəlilzadə, Araz Abdullayev və Rüfət Dadaşova güvənmişdi.
Bizimkilərin ilk dəqiqələrdən topa nəzarəti ələ alıb, oyuna nəzarət edən tərəfə çevrilməsi təəccüblü görünmədi. Bir neçə gün əvvəl Lüksemburqa uduzan litvalılar üçün heç-heçə də sərfəli nəticə sayılacaqdı deyə, əsas niyyətləri qapılarında top görməmək idi. Odu ki, yığma üzvləri hədsiz istəkli görünür, rəqib qapısına erkən yol tapmağa çalışırdılar. Lakin bu istək heç də arzunun həyata keçməsinə imkan vermirdi. Qonaqlar meydanın hər yerində pressinq edir, ikili mübarizələrdə uduzduqları anlarda kobudluğa əl atmalı olurdular. İlk 15 dəqiqədə millinin çıxışında müəyyən rəngarəngliyin gözə dəydiyini deməliyik. Cinah həmlələri, kəskin ötürmələr, cinahların uzun ötürmələr hesabına dəyişdirilməsi – bütün bunlar rəqibi müəyyən qədər həyəcanlandırsa da, tədricən oyunun axarında bərabərlik yarandı. Stadiona toplaşanlar ilk təhlükəli vəziyyəti 15-ci dəqiqədə görə bildi. Oyunun ən yaxşılarından olan Arazın cinah keçidindən sonra Riçarda ötürdüyü topa “20 nömrə” istədiyi kimi vura bilməyincə, Zubasın üzü güldü. 3 dəqiqə sonra Qara komanda yoldaşlarını pis vəziyyətdə qoyacaqdı. Yaxşı ki, onun top itkisindən sonra rəqibin ən təhlükəli oyunçusu Çernıxın gözlənilməz zərbəsinin qarşısını Səlahət çətinliklə almağı bacardı. 19-cu dəqiqədə Səlahət az öncəki qurtarışını heçə endirməyə yaxın idi. Litvalıların yerinə yetirdiyi cərimə zərbəsi zamanı topu tutmaq üçün irəli şığıyan, lakin çıxışda səhvə yol verən Ağayevin nöqsanını Bədavi düzəltdi. Pusquda duran ovçu təsirini bağışlayan rəqib bütün ümidlərini əks-hücumlara bağlamışdı deyə, təhlükə bizimkilərdən gəlirdi. 24-cü dəqiqədə Eddi qola yaxın oldu. Di gəl ki, Təmkinin ideal ötürməsini başla qapayan İsrafilovun vuruşunda cüzi dəqiqlik çatmadı. Yarım saatın tamamında, nəhayət, Ramil ön plana çıxdı. Rüfətin ötürdüyü topu saxlamadan qapı istiqamətinə vuran hücumçunun ardıcıl 5-ci oyunda fərqlənməsinə zərbəyə əla reaksiya göstərən qapıçı imkan vermədi.
Fasilədən sonra hər iki komandanın təzyiqi artıracağını, bununla da birinci hissədəkindən də maraqlı oyun izləyəcəyimizi təxmin etsək də, əksi yaşandı. Həm meydan sahibləri, həm də qonaqlar rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkir, hücumlar başlamamış sona çatırdı. Hə, bu yerdə kobudluqların həddən artıq çoxaldığını da qeyd etməliyik. Rumın referinin tez-tez fitini səsləndirməsi istər-istəməz oyunun tempinin aşağı düşməsinə səbəb olurdu. Bu azmış kimi, baş məşqçilərin etdiyi ardıcıl əvəzetmələr. Təsəvvür edin, ikinci 45 dəqiqə ərzində 9 əvəzetmə baş tutdu ki, bu da matçın tempinə təsirsiz ötüşmədi. Yurçeviçin Dmitrinin ardınca Mahirlə Namiqi də mübarizəyə qoşması oyun planında artıma hesablanmışdı. Birincidən fərqli digər ikisi xüsusi mənada heç nə ilə yadda qalmadı. Mədətov yalnız 78-ci dəqiqədə uzaqdan zərbəylə diqqəti çəkdi ki, ona qədər Arazla Dmitrinin eyni üsulla fərqlənmək istəyi baş tutmamışdı. Yurçeviçin sonuncu əvəzetməsi oyunu izləyənlərdə biranlıq sanki yığmanın hansısa mötəbər yarışın final mərhələsinə son şansını əldən vermək təhlükəsi ilə üz-üzə qaldığını xatırlatdı. Təmkini meydandan çıxaran baş məşqçinin Mirabdullaya şans verməsi müdafiəçilərin sayını 3-ə endirib 2 hücumçulu sistemə keçmək demək idi. Ancaq bu üsulla qol vurmaq planı da baş tutmadı. Milli üzvləri son dəqiqələrdə böyük qüvvə ilə irəli atılsalar da, nə Namiqin ötürməsi ünvana çatdı, nə də Ramilin zərbəsi hədəfə tuş gəldi. Horatiunun final fiti yığmanın 2019-dakı ilk qələbəsini görməyimizi əngəllədi.
Baş məşqçinin sərəncamındakı futbolçulardan nə dərəcədə razı qaldığını deyə bilmərik. Amma bu oyunla – xüsusən də hücum planında – Macarıstan, Uels və Slovakiya qarşısında yaxşı mənada nəyəsə ümid etmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Yalnız ona ümid edək ki, Xorvatiya ilə çətin səfər oyunundan və uzun yolçuluqdan sonra futbolçularda müəyyən qədər yorğunluq vardı. Lakin bu da təsəllidən başqa nəyəsə oxşamır. Adi vəziyyətlərdə çaş-baş qalmağın, hücumlar zamanı vaxtında nə etmək lazım gəldiyini bilməməyin yorğunluqla əlaqəsi yoxdu. Yenə də ümidimizi üzmədən iyunu gözləyək…
HƏBİB

Reaksiyalar
Təmkin Xəlilzadə: “Yoldaşlıq görüşü olsa da, rəsmi matç kimi hazırlaşmışdıq. Məncə, qələbə qazanmağımız üçün son nöqtəni qoymaq çatmadı. Hər şey edirdik, lakin sonluq alınmırdı. Rəqibdən 90 dəqiqə üstün oynadıq. Təəssüf ki, qalib gələ bilmədik. Qələbə üçün alışıb-yanırdıq. Yəqin buna görə aqressiv idik. Uşaqlarla qələbəyə söz vermişdik. Çox çətin qrupa düşmüşük. Bütün rəqiblər bizdən bir baş üstündü. Lakin Xorvatiyaya 1:2 hesablı məğlubiyyətdən sonra xalq, media bizdən daha artığını gözləyir. Buna haqları da var. Ancaq bizi də başa düşsələr, yaxşı olar. Mən deyərdim ki, Xorvatiyaya məğlub olduğumuz oyun son illərdə milli adına ən yaxşı nəticəmiz idi. Slovakiya və Macarıstanla oyunlarda əlimizdən gələni edəcəyik. Millimiz üçün uğurlu adlandırdığımız nəticəni xorvatların zəif oyunu ilə əlaqələndirənlər var. Ancaq mən belə deməzdim. Xorvatiya bizimlə matçda əziyyət çəkdi və qələbəni asan şəkildə qazanmadı. Qrupda gərgin mübarizə gedəcək. Bizə kiçik ölkə kimi baxıb, 6 xal qazanacaqlarını düşünə bilərlər. Biz də əl-qolumuzu sallamayacağıq. Bütün görüşlərdə rəqiblərimizi büdrətməyə çalışacağıq. Real baxsaq, qrupun ən zəifi bizik. Ancaq indi futbolda hər şey mümkündü. Hamı mübarizə aparır. San Marino Şotlandiyaya müqavimət göstərə bilirsə, biz niyə rəqiblərdən xal almayaq?! Vaxtımız var, hazırlaşacağıq”.
Eddi İsrafilov: “Bu gün biz yaxşı oynadıq, sadəcə, qol çatmadı. Yeni baş məşqçimiz var, heyətə yeni futbolçular cəlb olunub. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq. Ola bilsin, Xorvatiya ilə qarşılaşmadan sonra Litvaya 2-3 cavabsız qolla qalib gələcəyimizi düşünürdülər. Futbol elədi ki, necə olacağını qabaqcadan demək olmaz. Ona görə çox çalışmaq lazımdı. Düşünürəm ki, digər oyunlarda qalib gələrik. Nə qədər real olub-olmadığını bilmirəm, amma qrupdan çıxmaq istəyirik. Necə olacağını sonda görəcəyik. Bunun üçün gücümüz var. Futbolda nəyin necə olacağını bilmək olmaz. Sadəcə, potensialımız var və irəli getmək istəyirik. Düzdü, əvvəllər yığmada oyunum yaxşı alınmırdı. Bunun səbəbini bilmirəm. Mən həmişə yaxşı oynamaq istəyirəm. Amma hərdən istədiyin kimi alınmır. Hər zaman azı indiki kimi çıxış etməyi arzulayıram. Qurban Qurbanovun dönəmində niyə dəvət almırdım? Bilmirəm, bunu məndən yox, Qurban Qurbanovdan soruşun. Nikola Yurçeviçin Azərbaycan millisinə uğur qazandıra bilib-bilməyəcəyi haqda nəsə demək üçün çox tezdi. Nikola yaxşı baş məşqçidi. Bizə yaxşı motivasiya verir. Çoxlu söhbət edir. Görək necə olacaq”.
Qara Qarayev: “Öncə onu deyim ki, uzun müddət idi evdə oynamırdıq. Bizi tək qoymadıqlarına görə azarkeşlərə təşəkkürümü bildirərəm. Biz də istəyirdik ki, qalib gələk. Buna çox ehtiyacımız var idi. Amma alınmadı. Düşünürəm ki, oyunun əsas hissəsi üstünlüyümüz şəraitində keçdi, istədiyimizi edə bildik. Sadəcə, qol vura bilmədik. Ən real qol imkanları bizdə oldu, Litvaya imkan vermədik. Sözsüz ki, rəqib zaman-zaman üstünlüyü ələ keçirirdi. Amma çox da danışmağa ehtiyac yoxdu, daha çox çalışmaq lazımdı. Biz 10 günün komandasıyıq. On gün ərzində iki oyun oynamışıq. Startımız Xorvatiya ilə oldu və fikrimcə, pis alınmadı. Düşünürəm ki, pis başlamamışıq. Daha yaxşı olacağını düşünürəm. Futbol bizim işimizdi. Nə vaxt ki qalib gəlməyəcəyik, ümidləri doğrultmayacağıq, tənqid olunacağıq. Bundan düzgün nəticə çıxarmalıyıq. Çətin olacağını bilirdik. Çünki zəif komanda yoxdu. Hər kəs oynaya, müdafiə oluna bilir. Xorvatiya ilə matçdan əvvəl hamı deyirdi ki, biz zəifik. Amma 78-ci dəqiqəyə qədər bir xalı ala bilirdik. Sadəcə, ustalıq səviyyəsinə görə vurdular. Düşünürəm ki, indi hər kəs müdafiə olunub bir xal qazana bilir. Bu gün də bu oyunlardan biri idi. Qrupun çətinliyini bu qədər gözləmirdik. Artıq ilk turlardan bəlli oldu ki, elə-belə qrupda yer almamışıq. Həm sevindirdi, həm də düşündürdü. Dörd komandanın eyni xalı var və gücləri, demək olar, bərabərdi. Son vaxtlar Eddi klubunda müntəzəm oynamağa başlayıb. Məncə, onun çox faydası var. Nəinki Eddi, Riçard, Emin, Əli, ortada elə uşaqlar yığışıb ki, hamısı ilə oynamaq mənə rahatdı. Baş məşqçimizin seçimi budusa, çalışırıq ki, bir-birimizi daha yaxşı başa düşək. Düşünürəm ki, oyunda sürət aşağı deyildi. Qol olsaydı, sürətin olduğu danışılacaqdı. Lazım olan temp var idi. Qol olmadığı üçün sürət gözə görünmür. O ki qaldı hər iki görüşdə əvəzlənməyimə, həm Xorvatiyada, həm də bu gün baş məşqçi sona 2-3 dəqiqə qalmış məni dəyişib. Məşqçinin oyunu sürətləndirmək istəyi normaldı. Nikola Yurçeviçlə Qurban Qurbanovun kollektivlərində ciddi fərq yoxdu. Ab-hava eynidi. Hər iki mütəxəssis tələbkardı. Fikrimcə, fərqlərdən danışmaq üçün çox erkəndi. Düzdü, Yurçeviç hər iki oyunda riskə əl atıb. Amma riskə getmək zamanı idi. Oyunun sonlarında bu addım normal idi. Bizə gələn məşqçilərdə ən çox diqqət yetirdiyim amillər bizim mentallığa hörmət etməsi, yerli futbolçulara münasibəti və uyğunlaşmalarıdı. Prosineçki və Yurçeviç bunu ən yüksək səviyyədə edir. İnsan olaraq bizə münasibətləri ən yüksək səviyyədədi. Prosineçkini də fərqləndirmək istəmirəm, bizə inanırdı, hörmət edirdi. Nikola Yurçeviç də 10 gündü burdadı və bizə inandığını, güvəndiyini göstərir”.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR