Sizin reklam burada

“Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan...

Müəllif: football Tarix: 20-03-2019, 13:32 916 Baxış
“Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan...
Samir Abasovla Tərlan Əhmədovun uşaqlığı olmayıb?
Bu gün azərbaycanlılar ilin axır çərşənbəsini, ardınca isə Novruz bayramını qeyd edəcək. Bu bayramın mənşəyi və tarixi haqda xırdalıqlara varıb, ənənələri yada salmaqla vaxtınızı çox almaq niyyətim yoxdu. Yalnız onu qeyd edim ki, Novruz bütün dünya azərbaycanlılarının sevə-sevə qeyd etdiyi ən əziz bayramlardan biridi. Və bu üzdən istənilən azərbaycanlının - cəmiyyətdə tutduğu mövqedən, ictimai statusundan, peşəsindən asılı olmayaraq – bu bayramla bağlı xatirələri var.
Bayram ərəfəsində futbol ictimaiyyətinin yaxından tanıdığı bəzi şəxslərlə əlaqə saxlayıb, Novruzla bağlı ən yaddaqalan xatirəsini bölüşməsini istədim.
Ayxan Abbasov (“Sumqayıt”ın baş məşqçisi): “Bəlkə də insan yaşlaşdıqca bayramlara xüsusi önəm vermir, adi təqvim günü kimi qarşılayır. Ancaq uşaq yaşlarında hər şey əksinədi. Qayğısız illərdə hər bayram bizim üçün sözün əsl mənasında bayram idi. Novruz isə bizim üçün bütün bayramlardan üstün idi. Məhəllə uşaqları ilə bayram hazırlıqlarına bir ay əvvəldən başlayırdıq. İndi hər şey tapmaq asandı. Bizim vaxtımızda adi tonqala taxta tapmaq üçün nə qədər əziyyət çəkirdik. Məhəllələr arasında “kimin tonqalı daha böyük olacaq?” kimi bir prinsipiallıq yaşanırdı. Heç kimdən geri qalmamaq üçün məcbur idik daha çox odun toplayaq. Həmin illərdə taxta nə gəzirdi? Nə qədər bağların, həyətlərdə qurulan neçə-neçə istirahət yerinin taxtalarını sökmüşük ki, bir gün tonqal yandıracağıq. Əlbəttə, indi düşünəndə səhv etdiyimizi yaxşı başa düşürəm. Ancaq hər anın öz hökmü var. Taxta yığmağa, daha dəqiq desəm, oğurlamağa (gülür) getməyimizi heç vaxt unutmayacam. Sanki düşmən ölkəyə basqına hazırlaşırdıq. Hər xırda detalı yüz dəfə ölçüb-biçirdik ki, ələ keçməyək, kiminsə qapazına tuş gəlməyək. Toplu halda papaq atmağa getməyimizin də öz ləzzəti vardı. İstəsəm də, istəməsəm də, uşaqlıq illərimlə indiki dövrü müqayisə etmək məcburiyyətindəyəm. Həmin dönəmdə şəhərdə bu qədər şirniyyat evi yox idi. İndi kimin ürəyindən nə keçir, gedib dükandan alır. O vaxt dadlı şirniyyatlar çox az tapılırdı. Kiminsə papağına qeyri-adi nəsə qoyulsaydı, onda mərəkə başlayırdı. Hamı o şirniyyatdan dadmaq istədiyinə görə mütləq saydan asılı olmayaraq bərabər yerə bölünməliydi. Kiməsə çatmasaydı, qan düşərdi” (gülür).
Aslan Şahgəldiyev (PFL-in Mətbuat və İctaimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Adətən, bayramla bağlı hamı xoş təəssüratını bölüşür. Mən isə bir qədər qəmli notlar üzərində dayanıb, indiyədək unutmadığım hadisəni sizlərlə bölüşəcəm. Uşaq vaxtı papaq atmağa getmişdim. Papağı atdım, ancaq heç nə qoymadılar. Qadın məni çağırıb boş papağı özümə qaytardı və ardınca “bala, evinizə get, indi papaq atmazlar” deyib qapını üzümə bağladı. Heç nə anlamadım. Elə başa düşdüm ki, məni əlidolu yola salmaq üçün heç nələri yoxdu və buna görə də papağı boş qaytarmaqla yanaşı, mənə evə getməyi məsləhət görür. Heç kimə heç nə demədim. Amma qadının dediyi söz beynimdən çıxmırdı. Sonradan, bir neçə ildən sonra dərk etdim ki, həmin il 1 ay öncə Xocalıda ermənilər azərbaycanlılara qarşı genosid törətmişdi. Ona görə də həmin qadın mənə “papaq atmaq zamanı deyil” söyləyib. Bu gün də həmin sözlər qulağımdadı”.
Futbol camiəsində çalışanların bayramla bağlı xatirələrini oxuduz. Fürsətdən istifadə edib mən də illər öncə Novruz bayramında yaşadığım, indiyədək unutmadığım olayı sizlərlə bölüşmək istəyirəm. Ayxan bəyin qeyd etdiyi kimi, şəhərdə yaşayan uşaqlar üçün ən ümdə məsələ hansı məhəllənin tonqalının daha böyük olması idi. Bayramdan bir ay sonra da bu məsələ məktəbdə müzakirə olunur, ən uca tonqalı yandıran məhəllənin uşaqları başqalarına rişxənd edirdilər. Səhv etmirəmsə, 7-ci sinifdə oxuyurdum. Bayrama xeyli taxta yığmışdıq. Tonqalı yandıran gün məlum oldu ki, ortaya basdırılacaq dirək (şalban) qısadı. Yenisini, daha ucasını tapmaq lazımdı. Uşaqlardan biri “qonşu məhəllənin uşaqlarında belə tir var. Ancaq binanın zirzəmisində gizlədiblər” deyib, bizi oğurluğa sövq etdi. Bir tərəfdə məhəllənin ad-sanı, bir tərəfdə də sonradan kütləvi dava-dalaşa səbəb olacaq oğurluq məsələsi (hətta buna görə valideynlərimiz bizim əraziyə baxan 3-cü polis bölməsinə dəvət olundular). Sabah kimlərinsə qarşısında dilimiz gödək olmasın deyə, zirzəmiyə hücum planını bir anda müəyyənləşdirdik. Bəndəniz də daxil olmaqla 4 nəfər – indi onlardan biri Rusiyada imkanlı biznesmendi, ikisi dövlət qulluğunda çalışır - su turbalarının üstü ilə sürüşü-sürüşə gedib, tiri çiynimizdə (sanki Lenin iməciliyində idik) zirzəmidən çıxarıb, məhəlləyə gətirdik və tonqalımızı qurduq. Ancaq nə mən, nə də “əməliyyat yoldaşlarım” tonqal yandırılan zaman onun qırağında ola bildik. Sən demə, su turbasının üstü şüşə qırıntılarından hazırlanmış izolyasiya ilə örtülübmüş. Biz də onun üstündə sürüşdüyümüzdən həmin qırıntılar bədənimizə yeriyib. Müəyyən vaxtdan sonra bədənimizi o qədər qaşımışdıq ki, qan axırdı. Hamı (xüsusilə də məhəllə qızları - biz də onlar üçün çalışırdıq) tonqalın kənarında bayramın şirinliyini çıxaran vaxt mən və məhəllənin başqa “üçlüy”ü marqanislı suda oturub başımıza döyürdük.
RƏŞAD
P.S. Bayramla bağlı xatirələrini bölüşmələri üçün Samir Abasovla Tərlan Əhmədova da müraciət etdim. Lakin hər iki mütəxəssis mesajla tanış olsa da, reaksiya vermədilər. Görünür, Əhmədovla Abasovun mənalı uşaqlığı olmayıb...
SON XƏBƏRLƏR