Qadın həndbolçuların ölkə çempionatında növbəti oyunlar baş tutub. Qızıl medallara namizədlərdən sayılan “Azəryol” “Qarabağ”ı məğlub edib - 26:23. Lider “Azərsu” isə çətinlik çəkmədən “Gənclərbirliyi”ni 49:23 hesabı ilə üstələyib. Hərəyə 32 xalı olan “Azərsu” və “Azəryol” 1-2-ci yerləri bölüşür. “Azərsu”nun bir oyun az keçirdiyini də qeyd edək. “Qarabağ” 16 xalla üçüncüdü. 7 xala malik “İdman Akademiyası” və “Olimpiya” 4-5-ci pillələrdə qərarlaşıb. Autsayder “Gənclərbirliyi” hələ də xala həsrətdi.
Kişi həndbolçuların ölkə çempionatında isə 11-ci turun oyunları keçirilib. Vahid lider “Məhsul” U-16-nı məğlub edib - 32:21. Liderin təqibçisi “Bakı” da turu qələbə ilə başa vurub. Paytaxtın eyniadlı təmsilçisi “Təhsil”i 37:26 hesabı ilə üstələyib. 11 oyundan 20 xal toplayan “Məhsul” zirvədə qərarlaşıb. “Bakı” liderdən 2 xal geri qalır. “Təhsil” 6 xalla 3-cü pillədə qərarlaşıbsa, xala həsrət U-16 sonuncudu.