Ölkənin ən titullu məşqçisi – 5 dəfə çempion, 4 dəfə ölkə kubokunun sahibi, 1 dəfə Superkubokun qalibi, 2 dəfə “Birlik kuboku”nu Rusiyadan Azərbaycana gətirən Ağasəlim Mircavadova bu gün ehtiyac duyulmur. Odu ki, “Şöhrət” ordenli mütəxəssisi son illər ancaq Məşqçilər Komitəsinin tərkibində görməkdəyik.
Yanvarda premyer-liqa təmsilçilərini iş başında görmək üçün Antalyaya yollanmalı olan Mircavadov son anda Bakıda qalmağa qərar vermişdi. Qəzetimizə açıqlamasında bunu xəstəliyi ilə əlaqələndirmişdi. Lakin sonrakı tədbirlərdə də gözə dəymədi. İstər AFFA-nın bu ayın əvvəlindəki Hesabat konfransında, istərsə də Böyükağa Hacıyevin ildönümündə. Halbuki komitənin digər dörd üzvünün hər birini həm konfransda, həm də Hacıyevin yas məclisində görmüşdük.
Düşünmək olardı ki, Ağasəlim bəy hələ də xəstəlikdən əziyyət çəkir. Yəni yataq rejimindədi deyə, gözdən uzaq düşüb. Lakin dünən 71 yaşlı mütəxəssislə əlaqə saxlayanda qorxulu bir şeyin olmadığını öyrəndik: “Xəstə idim, ona görə də bir müddət müalicə almalı oldum. Şükürlər olsun, artıq hər şey qaydasındadı. Özümü yaxşı hiss edirəm. Ona görə də yığmanın hazırlığı ilə bağlı Krasnodara gəlmişəm. Bildiyiniz kimi, U-19 yığmamız bir neçə gündən sonra elit mərhələ oyunlarına başlayacaq. Bu səbəbdən martın 15-dən Rusiyadayam”.
HƏBİB