Sizin reklam burada

Yığmanın mümkün “11-liy”i

Baxış Sayı:394

Yığmanın mümkün “11-liy”i
Hədəf layiqincə mübarizə aparmaq olmalıdı
Yığmanın Xorvatiyadan xalla dönməsi sensasiya olar. Hər nə qədər futbolda sürpriz nəticələr qeydə alınsa da, millinin “Maksimir”də müsbət nəticə qazanacağına ən nikbin azərbaycanlı azarkeşi inandırmaq belə çətindi. Ümid edək ki, cümə axşamı Zaqrebdə möcüzə reallaşacaq və Nikola Yurçeviçin komandası AÇ-2020-nin seçmə mərhələsinə uğurla start verəcək. Rəqibin gücünü, son mundialın gümüş medalçısı olduğunu, heyətində ulduz futbolçuların top qovduğunu təkrar-təkrar xatırlatmağa ehtiyac yoxdu. Lakin futbolu sevdirən cəhətlərindən biri də güclünün, aşkar favoritin hər zaman qələbə qazana bilməməsidi. Necə ki 2015-ci ilin sentyabrında yığma məhz bu rəqibdən xal qoparmışdı. Belə sensasiyaların qeydə alınmasında qarşı tərəfin bəxtsizliyinin, oyunun axarının əleyhinə işləməsinin təsiri ola bilər. Ancaq digər tərəfdən çoxlarının qiymətləndirmədiyi komandanın da əzmkarlığından çox şey asılıdı. Deməli, Xorvatiya ilə matçda meydana çıxan hər bir futbolçu rəqibin adından çəkinməməli, hər qarış uğrunda döyüşməli, can qoymalı, şərəfli formanı daşımağa layiq olduğunu göstərməlidi. Bəs görəsən, həmin gün bu funksiyanı kimlər yerinə yetirəcək? Yurçeviçin “11-liy”i necə olacaq? Gəlin, təxminlərimizi sizinlə bölüşək.
qapı
Kamran Ağayev hazırda yığmanın düşərgəsində olsaydı, birmənalı şəkildə “çərçivə”nin ona tapşırılacağını proqnozlaşdırardıq. Lakin Yurçeviçin heyətlə bağlı apardığı islahatlar fonunda qolkiper komandadan uzaq qaldı. Şahruddinin xorvatlarla görüşdə start heyətində olması real görünmədiyindən, iki variant arasında seçim etməliyik. Səlahətlə Emili tərəzinin gözünə qoysaq, “Neftçi”nin qapıçısı “ağır gəlir”. Ən azı Ağayevin 14 oyunluq yığma təcrübəsi var. Yadınızdadısa, bir müddət öncə mütəxəssislərdən də qapıçılarla bağlı proqnoz öyrənmişdik və onlar da Səlahəti daha şansı gördüklərini bildirmişdilər. Bir sözlə, yaşı, təcrübəsi, lider komandanın şərəfini qoruması kimi məqamlar Ağayevin xeyrinədi. Düzdü, Emil legioner həyatı yaşayır. Ancaq bu baxımdan “Neftçi” ilə “Tobol”u müqayisə etmək o qədər də məntiqli olmaz. Bu üzdən “çərçivə” ilə bağlı proqnozları Səlahətin xeyrinə yekunlaşdıraq.
müdafiə
Xorvat mütəxəssis həmyerlilərinə qarşı duel üçün 7 müdafiəçiyə dəvət göndərib. Onlardan ikisi (Anton, Ömər), ümumiyyətlə, yığmada debüt etməyibsə, biri (Şəhriyar) cəmi 1 görüşdə meydanda olub. Bu durumda avtomatik digər arxa xətt oyunçularının start “11-liy”ində yer almaq ehtimalı artır. Bədavi, Maksim və Təmkinin ilk dəqiqələrdən meydanda olacağı gözləniləndi. Belədə Medvedev sağda, Təmkin solda qərarlaşacaq. Mərkəzdə yer alacaq Hüseynovla çiyin-çiyinə Rahilin mübarizə aparması daha məqsədəuyğun olar. Ən azı ona görə ki, bu ikili “Qarabağ”da zaman-zaman yanaşı oynayır. Yeri gəlmişkən, son turlarda klubunda əsas heyətdə meydana çıxmayan Antonun ilk dəqiqələrdən mübarizə aparması real deyil. Bəlkə də Yurçeviç əvvəlki mütəxəssislərin təcrübəsindən yararlanıb Maksimi mərkəzə çəkmək fikrinə düşsün. Ancaq burda iki məqam vəziyyəti çətinləşdirir. Əvvəla, Medvedev stopper kimi o qədər də effekt vermir. İkincisi, həmin düzülüşdə sağ cinah ilk dəfə yığmaya dəvət alan Ömərin ümidinə qalır. Xorvat mütəxəssis çətin ki belə riskə getsin. Hə, Şəhriyarın da solda qərarlaşdığını iddia etmək olar. Lakin bu da inandırıcı variant deyil. Çünki Təmkin həm yığma təcrübəsi, həm də hücumlara dəstək verməsi baxımından önə çıxır. Bir sözlə, müdafiə xəttinin soldan sağa Təmkin – Rahil – Bədavi – Maksim “dördlüy”ünə həvalə olunacağını proqnozlaşdırmaq mümkündü.
yarımmüdafiə
Öncə “dayaq” və mərkəzlə bağlı təxminlərimizi diqqətinizə çatdıraq. Qara ilə Riçardın start heyətində yer alacağı şübhə doğurmur. Ümumiyyətlə, bu ikilinin ilk dəqiqələrdən meydanda olmaması sürpriz sayılacaq. Onları uzun müddət “Qarabağ”da, Almeyda “milliləşdiriləndən” sonra isə yığmada daim yanaşı görməyə adət etmişik. Bir-birini yaxşı başa düşürlər, səvhlərini “sığortalamağı” bacarırlar. Mərkəzdəki 3-cü ad isə böyük ehtimalla Eddi olacaq. “Alkorkon”da daim forma geyən futbolçu uzun müddətdən sonra yığmaya dönüb və belə bir oyunda ona ehtiyac var. Amma Eminin də şansı az deyil. “Neftçi”nin kapitanı və lideri hazırda əla formadadı. Sadəcə, Yurçeviçə “damalılar”la görüşdə daha çox dağıdıcı, fiziki cəhətdən üstün biri lazımdı. Bu baxımdan yaradıcı futbol oynayan Mahmudovun əvəzinə İsrafilov daha çox baş məşqçinin işinə yaraya bilər. Cinahlarda da “Qarabağ”lıların olacağını düşünmək olar. Sağda Mahir, solda Araz. Klubunda çox az şans qazanan Dmitrinin ilk dəqiqələrdən meydanda olacağı çətin məsələdi. Odu ki, yarımmüdafiə “5-liy”i haqda yekun fikrimiz belədi: Qara – Riçard – Eddi – Mahir - Araz.
hücum
Bəlkə də 3-4 ay öncə vəziyyət fərqli idi. Hazırda isə yığmanın əsas qol silahının kim olacağını təxmin etmək çətin deyil. Böyük ehtimalla millinin baş məşqçisi hücumda Ramilə şans verəcək. “Krılya Sovetov”da 3 oyuna 3 qol vuran futbolçudan yaxşı namizəd tapmaq çətindi. Əvvəla, çıxış etdiyi çempionat belə deməyə əsas verir. İkincisi, Şeydayevin həmin mövqedəki rəqibləri ideal formada deyil. Nəinki fərqlənə bilmirlər, heç əsas heyətə düşməyi də bacarmırlar. Xüsusən əks-hücumlarda effektli olan Ramil bu baxımdan daha faydalı olar.
Son söz əvəzi
Əlbəttə, bu bizim proqnozlaşdırdığımız “11-lik”di. Ancaq Yurçeviçin futbol fəlsəfəsinə bələd olmadığımız üçün konkret fikir səsləndirmək çətindi. Xorvat mütəxəssis toplanışa dəvət etdiyi futbolçuların siyahısı ilə bizi təəccübləndirməyi bacardı. Bəlkə həmyerlilərinə qarşı oyunda da sürprizlər edəcək? Yaxud da matçın gedişində itiriləsi bir şeyin olmadığını görüb, Rüfət, Mirabdulla, Dmitri kimi hücumameyilli futbolçuçuları döyüşə ata bilər. Yaxud da hesabı qorumaq üçün sona yaxın müdafiəçilərin sayının artırılması da mümkündü. Bundan başqa, oyuna hazırlıq zamanı futbolçuların məşqlərdəki performansı da çox önəmlidi. Hər halda, Yurçeviçin ideal seçim edəcəyinə, meydana çıxan futbolçuların isə əzmkarlıq ortaya qoyacağına inanaq. Kim şans qazanır-qazansın, fərq etmir, hədəf layiqincə mübarizə aparmaq olmalıdı.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR