Region Liqasında ikinci pley-offun cütləri müəyyənləşdi
Geridə qalan istirahət günlərində Region Liqasında birinci pley-off mərhələsinə yekun vurulub. Səfərdə “İmişli”ni 2 cavabsız qolla yenən "FC Baku" "ASK Arena"da keçirilən cavab görüşündə rəqibə münasibətdə daha amansız olub. Matçın ilk yarısında hesab açılmayıb. Halbuki paytaxt təmsilçisinin fərqlənmək üçün bir neçə real şansı olub. Təkcə Sabir Allahquliyev 2 penalti zərbəsini boşa verib. Forvard özünə qarşı kobudluğa görə təyin edilən penaltini “feyr-pley”ə görə kənara vurub. Buna səbəb qonaqların hakimin qərarı ilə razılaşmaması olub. Həmin an "İmişli"nin baş məşqçisi Süleyman İsayev komandasından meydandan çıxmağı tələb edib. Futbolçuların onu dinləmədiyini görən çalışdırıcı hirsini referidən çıxmaq istəyib və onunla mübahisəyə girişib. Sonda baş hakim onu texniki zonadan uzaqlaşdırıb. Sabir isə topu kənara vuraraq, tribunadakıların alqışını qazanıb. Allahquliyev bir neçə dəqiqədən sonra yenidən penalti vurmaq hüququ qazanıb. Bu dəfə onun zərbəsi tirə tuş gəlib. Meydan sahibləri ikinci hissədə üstünlüyü tam ələ alaraq, qonaqların qapısından 5 cavabsız top keçirməklə ikinci pley-off mərhələsinə adlayıb. ”FC Baku”nun heyətində Emin Mustafayev dublla yadda qalıb. Tanrıverdi Məhərrəmli, Şahin Əliyev və Sərxan Ağayev hərəyə 1 qol vurub.
Cənub zonasının ikincisi kimi birinci pley-offa vəsiqə qazanan “Ümid” isə ilk oyunda olduğu kimi, “doğma divarlar” arasında da “Füzuli”yə boyun əyib. Cəlilabad komandası ilk görüşdə qeydə alınan 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa bilməyib. “Ağsu Siti”nin “Şirvan”la görüşündə azarkeşlər 6 qola şahidlik etsələr də, qalibi müəyyənləşdirmək mümkün olmayıb. Ağdaşlılar ilk oyunda 2:0 hesabı ilə qalib gəldiklərindən adlarını növbəti mərhələyə yazdıra biliblər. “Şahdağ” isə mərhələni çox asanlıqla keçib. Qusar təmsilçisi ilk görüşdə “Göyəzən”i 5 dəfə meydanın mərkəzinə dəvət etmişdisə, Qazaxda meydan sahiblərinin qapısından 4 top keçirməyi bacarıb. “Energetik” – “Salyan” cütünün qalibi ilk görüşdən sonra artıq məlum idi. Salyanlıların cavab qarşılaşmasında 6 qolluq məğlubiyyətin əvəzini çıxa bilməyəcəyi gözlənilirdi. Formal xarakter daşıyan cavab görüşündə tərəflər özlərini çox əziyyətə salmayıblar və hər komandanın bir qol vurduğu 90 dəqiqə “sülh”lə başa çatıb. Birinci pley-off mərhələsinin cavab görüşləri arasında ən maraqla gözləniləni Lənkəranda baş tutub. İlk görüşdə liqanın ötənilki çempionu “Uğur” “Alyans”ın müqavimətini qıra bilmədiyindən görüş qolsuz heç-heçə başa çatmışdı. Meydan sahiblərinin bir həftə sonra keçiriləcək cavab oyununda sumqayıtlılara çətin anlar yaşadacağına, kiçik sürprizə imza atacağına inanların sayı yetərincə çox idi. Lakin Qəzənfər Abbasovun yetirmələri çətin sınaqdan üzüağ çıxmağı bacarıb. Sumqayıtlılar “Alyans”ı 2 dəfə meydanın mərkəzinə dəvət etməklə cənublu azarkeşləri məyus ediblər.
Region Liqası
1-ci pley-off, cavab oyunları
FC Baku - İmişli 5:0 (ilk oyun - 2:0)
Ümid (Cəlilabad) - Füzuli 1:2 (0:2)
Ağsu Siti – Şirvan (Ağdaş) 3:3 (0:2)
Göyəzən (Qazax) – Şahdağ (Qusar) 0:4 (1:5)
Salyan - Energetik 1:1 (0:6)
Alyans (Lənkəran) – Uğur (Sumqayıt) 0:2 (0:0)
İkinci pley-off mərhələsində bu cütlər üz-üzə gələcək:
FC Baku – Füzuli
Şirvan (Ağdaş) – Şahdağ (Qusar)
Uğur (Sumqayıt) – Energetik (Mingəçevir).
İki oyundan ibarət olacaq ikinci pley-off matçlarından sonra yarımfinalçılar bəlli olacaq. Xatırladaq ki, Naxçıvan çempionatının qalibi adına sahib çıxan komanda birbaşa yarımfinala qatılacaq.
RƏŞAD