Sizin reklam burada

Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir

Baxış Sayı:354

Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir
Yunis Hüseynov: “Xorvatlarla açıq futbol oynamaq tankın önünə daşla çıxmağa bənzəyər”
Vidadi Rzayev: “Modriçə, Rakitiçə topla istədiyi kimi davranmağa imkan versələr...”
Vəli Qasımov: “Bu seçmə mərhələdə pis nə olacaqsa, qoy elə “Maksimir”də olsun və orda da qalsın”

Martın 21-də Nikola Yurçeviçin baş məşqçi olduğu yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk rəsmi oyununa çıxacaq. Rəqib son mundialda gümüş medallara sahib çıxan, heyətində dünyanın aparıcı klublarının şərəfini qoruyan bir çox tanınmış futbolçu yer alan Xorvatiyadı. Tək iki oyunçunun - 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş “Real”lı Luko Modriçlə “Barselona”nın liderlərindən biri sayılan İvan Rakitiçin adını qeyd etmək kifayətdi ki, “damalılar”ın hansı potensiala malik olduğunu görəsən.
Xorvatiyanın gücünü qabardıb, Yurçeviçin rəhbərlik etdiyi millinin “Maksimir”də böyük hesabla məğlub olacağını düşünmək istəməsək də, real durum 90 dəqiqənin məhz belə sonluqla bitəcəyindən xəbər verir. Hər nə qədər “futbol proqnozu sevmir”, “futbolda sürprizlər daim olur” deyimləri ilə özümüzə təsəlli verib, “yığma ilk görüşdə bizləri sevindirəcək” kimi utopik fikirlərlə özümüzü aldatmağa çalışsaq da, bu gün hər şey xorvatların xeyrinədi.
Bəs görəsən, mütəxəssislər qarşıdakı matçla bağlı hansı fikirdədilər? Onlar Xorvatiya ilə oyundan nə gözləyirlər? Yunis Hüseynov: “İlk növbədə fürsətdən istifadə edib həm sizin kollektivi, həm də bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bayram günündə yığma heç olmasa, Xorvatiyadan 1 xal götürə bilsə, bizi çox sevindirər. Yığmamıza qarşıdakı oyunda uğurlar arzulayıram. Rəqib ortabab Avropa komandalarından biri olsaydı, deyərdim ki, bu heç də çətin deyil. Ancaq Xorvatiya kimi komandaya qarşı səfərdə oynamaq çox çətindi. Heyətləri, demək olar ki, ulduz futbolçulardan təşkil olunub. Ən pisi odu ki, Yurçeviçin gəlişindən sonra millinin hansı oyuna üstünlük verəcəyindən, baş məşqçinin futbol fəlsəfəsindən məlumatımız yoxdu. Böyük ehtimalla ilk matçda yığma müdafiə futboluna üstünlük verəcək. Xorvatlarla açıq futbol oynamaq tankın önünə daşla çıxmağa bənzəyər. Yurçeviçin yığmasının nəyə qadir olduğunu Litva ilə görüşdə biləcəyik. Nəyə ümid etmək olar? Milli ilk görüşdə layiqli oyun sərgiləsə, bu bizim üçün bəsdi. Başqa nəyə ümid edə bilərik? Yeni çalışdırıcı “sükan arxasına” keçəndən sonra nə toplanış keçirib, nə də yığmanı bir yoxlama görüşünə çıxarıb. Hələ nə o futbolçularımızı yaxından tanıyır, nə oyunçular onu. Sadəcə, premyer-liqanın bir neçə oyununu izləməklə millini formalaşdırıb. AFFA da, Yurçeviç də yaxşı başa düşür ki, Xorvatiyaya məğlubiyyətə görə heç kim onları qınamayacaq. Dünya ikincisi olmuş komanda ilə matçda heç kim yığmadan qələbə gözləmir”.
Vidadi Rzayev: “Ümid sonda olür” deyirlər. İndi mən də ümid edirəm ki, yığma bayrama bayram qatmağı bacaracaq, heç olmasa, səfərdən 1 xalla dönəcək. Düzdü, kağız üzərində xorvatlar bizdən qat-qat güclüdülər. Onların futbolçuları top-klublarda çıxış edirlər, daha səviyyəli çempionatlarda top qovurlar. Ancaq futbolda bəzən sürprizlər olur. Ümid edək ki, Avropa çempionatının seçmə mərhələsinin ilk turunda da sürpriz edən komanda kimi hamı Azərbaycan yığmasından danışsın. Nikola Yurçeviçin Xorvatiyaya aparacağı futbolçuların siyahısı ilə tanışam. Yeni baş məşqçi komandada o qədər də dəyişikliklər etməyib. Yəni deməyim odu ki, düşərgədə yer alanların əksəriyyəti bərkə-boşa düşmüş oyunçulardı, daha çox azarkeş qarşısında çıxış ediblər. Ona görə də ilk dəqiqələrdən özlərini itirəcəklərini düşünmürəm. Meydana çıxan oyunçular ilk dəqiqələrdən nizam-intizamı qoruyub saxlaya bilsələr, rəqib hövsələdən çıxıb böyük qüvvə ilə irəli atılmağa məcbur olacaq. Belədə onları əks-hücumda yaxalamaq mümkündü. Sevindirici haldı ki, Ramil Şeydayev son oyunlarda “Krıllya Sovetov”da özünü göstərə bilir. Onun işgüzarlığından və sürətindən yararlanmaq mümkündü. Bir də ən vacibi, xorvatların aparıcı oyunçularına qarşı diqqətli olmaq lazımdı. Modriçə, Rakitiçə topla istədiyi kimi davranmağa imkan versələr, hücumların qarşısını almaq mümkün olmayacaq. Xorvatiyanın “düşünən beyin”ləri onlardı. Ona görə də hər zaman onları təzyiq altında saxlamaq lazımdı”.
Vəli Qasımov: “Yeni baş məşqçinin rəhbərliyi altında, ilk görüşdə Xorvatiya kimi güclü komandaya qarşı oynamaq doğrudan da çətindi. Martın 21-də yığmanı çox çətin 90 dəqiqə gözləyir. Çox istərdim ki, Azərbaycan komandası Xorvatiyadan xal alsın. İnanmıram ki, bu gün kimsə Azərbaycanda bunu istəməsin. Lakin hər şeyə olduğu kimi yanaşmaq lazımdı. Biz hələ o səviyyəyə çatmamışıq ki, dünya ikincisini səfərdə məğlub edək. Məncə, bu seçmə mərhələdə pis nə olacaqsa, qoy elə “Maksimir”də olsun və orda da qalsın. Növbvəti oyunlar barədə düşünmək, başqa rəqiblərlə görüşə diqqət ayırmaq lazımdı. Biz bu görüşdə yalnız futbolçularımızın xarakterinə bel bağlaya bilərik. Meyana çıxan oyunçular yalnız xarakter sayəsində sürprizə imza ata bilərlər”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR