Sizin reklam burada

Aleksey İsayev yığmadan ayrıldı

Baxış Sayı:461

Aleksey İsayev yığmadan ayrıldı
AFFA rəhbərliyi komanda ilə görüşdü, legionerlərin hamısı gəldi
Yığmanı qarşıda çox çətin sınaq gözləyir. Belə ki, milli martın 21-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə münasibətləri aydınlaşdıracaq. Bakı vaxtı ilə saat 23.45-də başlayacaq qarşılaşma Zaqrebdəki "Maksimir" stadionunda gerçəkləşəcək. Təbii, Nikola Yurçeviçin həmyerlilərinə qarşı dueldə hansı futbolçulara güvənəcəyi, sürpriz edib vətənə xalla dönməyi bacarıb-bacarmayacağı, seçmə mərhələnin ilk oyununda hansı nəticəyə imza atacağı maraq doğurur. Bütün bunlar zamanla cavabını tapacaq suallardı. İndi isə bu görüş ərəfəsində hər iki düşərgə ilə bağlı məlumatları nəzərinizə çatdıraq.
Artıq martın 16-dan yığmanın xorvatlarla oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışı başlayıb. AFFA rəhbərliyi seçmə mərhələnin ilk oyunundan öncə komandaya baş çəkməyi lazım bilib. Belə ki, şənbə günü Mərdəkandakı "Milli Komandaların Məşq Mərkəzi"ndə assosiasiya prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və qurumun baş katibi Elxan Məmmədov yığma ilə görüşüb. Assosiasiya rəhbərliyi Xorvatiya ilə qarşılaşacaq milliyə uğurlar arzulayıb, tövsiyələrini verib. Sonda rəhbərlik və komanda birgə şəkil də çəkdirib.
Onu da qeyd edək ki, ölkə xaricində top qovan milli üzvlərindən toplanışın ilk günündən yalnız "Krılya Sovetov"da qolları sıralayan Ramil Şeydayev iştirak edir. "Tobol"la mövsümə uğurlu start verən Emil Balayev isə dünən səhər saatlarında yığmanın düşərgəsinə təşrif buyurub. O ki qaldı qalan 3 nəfərə, Eddi İsrafilov, Dmitri Nazarov və Rüfət Dadaşov eyni - Frankfurt - Bakı reysi ilə dünən axşam gəliblər.
Yeri gəlmişkən, bir futbolçu yığmanın düşərgəsini tərk edib. Bu, ilk dəfə milliyə dəvət alan Aleksey İsayevdi. “Sumqayıt”ın futbolçusu zədələndiyinə görə komandadan ayrılıb. Onun əvəzinə düşərgəyə başqa birinin dəvət olunub-olunmayacağı hələ bəlli deyil. Aleksey "Sabah" - "Sumqayıt" oyununda topuğundan zədə alıb. Düzdü, həmin qarşılaşmada 90 dəqiqə meydanda olub. Lakin yığmada ağrıları artıb və dünən rentgen olunub, 1 həftə oynaya bilməyəcəyi dəqiqləşib. Bu üzdən də komandanı tərk edib.
Bu arada Xorvatiyanın baş məşqçisi Zlatko Daliç komandaya yeni oyunçu dəvət edib. Adıçəkilən mütəxəssis daha əvvəl açıqladığı heyətdə ehtiyat oyunçular siyahısında yer alan Karlo Bartoletsi də komandada görmək istəyib. Buna səbəb rəqibin heyətində ardıcıl bir neçə futbolçunun zədələnməsidi. Hazırda Danimarkanın “Norşellan” klubunda top qovan 23 yaşlı müdafiəçi Zaqreb “Lokomotiv”inin yetirməsidi. O, millinin heyətində ötən il debüt etmək imkanı qazanıb və bir qarşılaşmada forma geyinib.
Sonda Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliçin yığmamızla oyun haqda fikirlərini diqqətinizə çatdıraq: "Xorvatiya qalib gəlməlidi, bu, birmənalıdı. Ancaq komandamız üçün önəmli olan bir sıra yeni futbolçularımız var. Onu da unutmamalıyıq ki, məsələn, Almaniya, Fransa və ya İtaliya kimi böyük ehtiyat qüvvəmiz yoxdu. Çətin vəziyyətdəyik, amma ümid edirəm ki, baş məşqçi doğru həll yolunu tapacaq".
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR