Miçel 3 aydan sonra qayıtdı
“Qarabağ”ın “Səbail”lə səfər qarşılaşması təkcə ağdamlıların qələbəsi ilə yadda qalmadı. Bu oyunda həm də Miçel yaşıl meydan həsrətinə son qoydu. Qış fasiləsində Antalyada keçirilən yoldaşlıq görüşlərində komandasına kömək edən, lakin 15-ci tur çərçivəsində “Neftçi”ylə baş tutan prinsipial oyundan əvvəl gözlənilmədən sıradan çıxan futbolçu xeyli vaxt idi müalicə alırdı. Kollektiv çalışmalara başlasa da, dönüşü məhz “Səbail”lə matça təsadüf etdi. 79-cu dəqiqədə Abdulla Zubirin əvəzinə döyüşə atılan ispan yarımmüdafiəçi bununla da rəsmi oyunlarda təxminən 3 aylıq həsrətə son qoydu. Maraq üçün qeyd edək ki, “8 nömrə” sonuncu dəfə dekabrın 16-da, ölkə kubokunun 1/4 finalının “Keşlə”ylə cavab oyununda meydana çıxmışdı.
Miçel qayıtsa da, “Qarabağ”da bir başqa itki diqqəti çəkdi. Söhbət komandanın “vuran ayağı” hesab olunan İnnosent Emeqaranın yoxluğundan gedir. “Köhlən atlar”ın üç ən sərrast futbolçusundan biri olan forvardın adı “23-lüy”ə salınmamışdı. Düşünmək olardı ki, o da Con Delarj kimi ailə vəziyyətinə görə ölkəsinə səfər edib. Amma yox. Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovla söhbətdə məlum oldu ki, Emeqara son məşqlərin birində zədələnib. Halbuki bir tur əvvəl “Zirə”ylə oyunda meydana çıxmasa da, adı iştirak ərizəsinə salınmışdı. Çempionatda fasilə yarandığından, Emeqaranın zədəsini sağaldıb aprelin 1-də “Sumqayıt”la qarşılaşmaya qədər hazır olacağı gözlənilir.
HƏBİB