Sizin reklam burada

Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı

Müəllif: football Tarix: 19-03-2019, 14:56 352 Baxış
Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı
“Riveyra”da yığışdılar, Halldorssonla Slavçev gəlmədi
2010-cu ildən “Qarabağ”ın uğurları üçün tər tökən və bu müddətdə 317 rəsmi oyuna çıxan Ansi Aqollinin Azərbaycan karyerası başa çatdı. Ən parlaq illərini ölkəmizdə legioner həyatı yaşadığı dönəmdə keçirən, oktyabrda 37 yaşı tamam olacaq müdafiəçi bundan sonra ABŞ-ın “Nyu-York Kosmos” komandasının uğurları üçün tər tökəcək. Camiədə həm futbolçu, həm də insani keyfiyyətlərinə görə hər kəsin rəğbətini qazanan Albaniya yığmasının sabiq üzvü “Qarabağ”ı adınalayiq şəkildə tərk etməliydi ki, belə də oldu.
“Səbail”lə oyunun start fitindən əvvəl komandanın kapitanı Rəşad Sadıqov arxasına “317” yazılmış futbolkanı səbəbkara təqdim etdi. Matç başa çatandan sonra isə ağdamlı azarkeşlər “qaqa” deyə xatırlayacaqları futbolçunu yer aldıqları tribunanın qarşısına səslədilər. Bir neçə dəqiqə olsa da, dəstəkləri ilə Aqollini unutmayacaqlarına işarə vurdular.
Oyun başlamamışdan az əvvəl isə klubun mətbuat katibliyinin əməkdaşları bir neçə günlük əziyyətdən sonra ortaya çıxan məhsulu ictimaiyyətə təqdim etmişdilər. Deməli, Ansinin şərəfinə promo video hazırlanmışdı ki, təcrübəli futbolçu vida sözlərini çətin olsa da, Azərbaycan dilində səsləndirmişdi: “9 il bundan öncə bu ölkəyə gələndə inanmazdım ki, həyatım bu qədər dəyişəcək. Daha öncə başqa ölkələr görmüşdüm, futbol oynamışdım. O zaman hər şey sıradan, adi idi. 9 il bundan öncə “Qarabağ” formasında meydana çıxanda isə hər şey deyişdi. Düz 9 il – şərəf dolu, qürur dolu, hər anında xatirələr, dəyərlər daşıyan “Qarabağ”da çox şey qazandım. Çempionluqlar, kuboklar, Avroliqa, Çempionlar Liqasında oynamaq, amma ən önəmlisi mən özümə ailə, ikinci evimi qazandım. 9 il həyatımın ən gözəl illərini yaşatdı mənə “Qarabağ”. İnsanların sevgisi, ümidi “Qarabağ”. Bu illər ərzində sevincli və kədərli günlərimiz oldu. Amma biz birlikdə böyüdük, zirvələrə ucalan “Qarabağ” olduq. 1 milyon qaçqının, məcburi köçkünün səsi, inamı olduq. Bunun bir parçası olmaq necə də gözəldi. 5 çempionluq, 3 kubok, Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsi, 300-dən çox oyun – necə də unudulmaz idi. Sevinirəm ki, bu uğurlarda mənim də payım olub. Bu gün mən gedirəm, istəməsəm belə, gedirəm. Amma içimdə hər zaman “Qarabağ” və Azərbaycan sözlərini daşıyacam. Bu ölkə mənə sevib-sevilməyi öyrətdi. Komandasını sevən, vətəni üçün ölməyə hazır olan “Qarabağ” azarkeşləri, siz sadəcə möhtəşəmsiz. Mənə verdiyiniz dəyəri ömrüm boyu ən gözəl xatirə kimi yaşayacam. Canım “Qarabağ”, sən hər zaman mənimləsən, ürəyimdəsən, damarımdasan, sevgimdəsən. Səni sevirəm, “Qarabağ”, Azərbaycan. Bir gün yenə görüşəcəyik. Yenə də birlikdə zirvələrdə “Qarabağ”, “Azərbaycan” bağıracağıq. O gün uzaqda deyil. Çox sağ olun, qaqalar. Unutmayın, “Qarabağ”dı Azərbaycan”.
Lakin bu da son olmayıb. “Səbail”lə oyunun axşamı illərdi Aqolli ilə çiyin-çiyinə top qovan futbolçular Bakıdakı restoranların birində bir araya gəliblər. “Riveyra”da təşkil olunan yığıncağın təşəbbüskarı futbolçular olub. Bütün futbolçuların iştirak etdiyi məclisdə yalnız Hannes Halldorssonla Simeon Slavçev gözə dəyməyib. Buna səbəb isə hər iki futbolçunun ailəsinin yanında olmağı üstün tutması olub. Bir də ki, hər iki əcnəbi yalnız yaydan bu yana Ansi ilə komanda yoldaşı olublar. Yolasalma mərasimi gecə saatlarına qədər davam edib ki, bir çox maraqlı hadisələrlə yadda qalıb. Əcnəbilər deyib-gülüb, zarafatlaşıb, səbəbkarla xatirə şəkilləri çəkdiriblər. Bir neçə saat sonra, martın 15-dan 16-na keçən gecə Aqolli Bakını tərk edib.
HƏBİB
SON XƏBƏRLƏR