Kamran Ağayevin adının Xorvatiya ilə oyun üçün dəvətlilər arasında yer almaması hər nə qədər məntiqli görünsə də, bir o qədər anlaşılmaz qaldı. Hər halda, adam hansı formada olmasından asılı olmayaraq, illərdi yığmanın dəyişməz əlcək sahibi statusunu daşıyıb. Lakin Nikola Yurçeviç indiki durumda Səhalət Ağayev, Emil Balayev və Şahruddin Məhəmmədəliyevi ondan üstün tutdu.
Baş məşqçinin məlum qərarından sonra Kamranın zədəyə görə kənarda qalması haqda xəbərlər dolaşsa da, çox keçmədən bunun həqiqət olmadığı üzə çıxdı. Millinin baş meneceri Zaur Hacı-Məhərrəmov qəzetimizə açıqlamasında təcrübəli qolkiperin kənarda qalmasının zədəylə bağlı olmadığını bildirmişdi.
Maraqlıdı ki, Kamranın zədəli olması rəsmi təsdiqini tapdı. Belə ki, “Zirə” ilə “Keşlə” arasındakı vacib oyunda Kamranın adına oyun protokolunda rast gəlmədik. “Çərçivə”ni Davud Kərimi qoruyurdu, Şahin Zəkiyev isə əvəzedici statusunu daşıyırdı. Qısa araşdırmaq apardıq və Ağayevin həqiqətən zədəli olduğunu öyrəndik. Lakin bu, heç də “Keşlə”ylə bağlı olan zədə deyil. Belə ki, asudə vaxtında dostları ilə futbol oynamaq qərarına gələn Kamran orda xəsarət alıb. Bu isə həm baş məşqçi Tərlan Əhmədovun, həm də klub rəhbərliyinin narazılığına səbəb olub. Ağayev çempionatda yaranmış fasilə müddətində müalicə alacaq.
Qeyd edək ki, illərdi millidə görməyə alışdığımız qapıçı Millətlər Liqasının Kosovo ilə səfər qarşılaşmasına yollanmamışdı. Buna əsas kimi zədəli olduğunu göstərmişdi. Ehtimallara görə onun bu addımı AFFA rəhbərliyinin narazılığına səbəb olduğundan, bundan sonra yığmada görünməsi sual altına düşüb.
HƏBİB