Türkiyənin 1-ci liqasında 26-cı turun oyunları baş tutub. U-21-in üzvü Ozancan Kökçünün formasını geydiyi “Girəsunspor” “doğma divarlar” arasında “İstanbulspor”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Ozancan qolsuz bitən matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qeyd edək ki, Kökcü hazırda toplanışda olan U-21-ə də dəvət almayıb. 27 xala malik “Girəsunspor” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Bu qış fasiləsində Bosniya və Hersoqovinaya üz tutan Amit Quluzadə həftəsonunu oynamadan keçirib. Bu ölkənin premyer-liqasında 23-cü turun qarşılaşmlar reallaşıb. “Çelik” səfərdə “Sloboda” ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb. Yuxarıda vurğuladığımız kimi, Amit bu oyunun iştirakçısı olmayıb. Ümumiyyətlə, Quluzadə Bosniyaya gedəndən bəri oyuna çıxmayıb və deyilənə görə, sənəd porblemi var. “Çelik” indiyə qədər 31 xal toplayıb və 12 komanda arasında 6-cıdı.
İspaniya sequndasının 29-cu turunda “Alkorkon” 1 xal qazanıb. Belə ki, Eddi İsrafilovun formasını geyindiyi komanda doğma meydanda “Tenerife” ilə üz-üzə gəlib. Tərəflərin hərəyə 1 qol vurduğu matçda qalib müəyyənləşəməyib. İsrafilov 72-ci dəqiqədə meydana çıxıb. O, 85-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Uzun müddətdən sonra yığmamıza dəvət alan İsrafilov hazırda millinin baş məşqçisi Nikola Yurçeviçin sərəncamındadı. “Alkorkon”un isə 43 xalı var və turnir cədvəlində 10-cu yerdədi.
Ukrayna premyer-liqasında 22-ci turun oyunları baş tutub. Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” Odessada “Çernomorets”in qonağı olub. Bu oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib. Ancaq Paşayev böyükhesablı qələbənin iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın protokoluna da daxil edilməyib. Əslində, bu gözlənilən idi. Çünki Pavel zədəlidi və yığmaya da məhz bu üzdən dəvət almayıb. “Aleksandriya” geridə qalan turlarda 41 xal toplayıb və 3-cü pillədədi.
Almaniyanın 2-ci bundesliqasında 26-cı turunda Dmitri Nazarov arzulounmaz hesaba üzülüb. Milli üzvünün çıxış etdiyi “Ertsgebirge” səfərdə “Holştayn”la qarşılaşıb. Aue təmsilçisi darmadağınla (1:5) üzləşib. Nazarov görüşü ehtiyat oyunçular skamyasından izləyib. Bu baxımdan dünən Bakıya gələn yarımmüdafiəçinin əhval-ruhiyyəsinin elə də yaxşı olmadığını söyləmək olar. “Ertsgebirge”nin hazırda 32 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşdığını da qeyd edək.
Almaniyanın 3-cü liqasında isə 29-cu turun qarşılaşmaları baş tutub. Yığmamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” “Veen”in qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşov 90 dəqiqə meydanda olub. O, 87-ci dəqiqədə sarı vərəqə alıb. “Proyssen” 38 xalla sıralamada 12-cidi. Onu da bildirək ki, Rüfət dünən ölkəmizə təşrif buyurub.
U-21-dən dəvət alan Ziya Əzizovun şərəfini qoruduğu “Neymegen” Hollandiyanın ikinci liqasının 29-cu turunda böyükhesablı qələbə qazanıb. Sözügedən kollektiv doğma meydanda “Den Boş”la qarşılaşıb və 5 cavabsız qolla qalib gəlib. Ziya meydana çıxmayıb, onun adı, ümumiyyətlə, qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Neymegen” hazırda 42 xala malikdi və turnir cədvəlində 9-cu pillədədi.
FARİZ