Bəhram Abdinov: “Onlar elə bilirlər ki, Azərbaycana gəlib bir ildə hər şeyə nail olacaqlar, burda pul qazanacaqlar”
Basketbol üzrə Azərbaycan çempionatının dayandığını bilirsiz. Qısaca xatırladaq ki, federasiya prezidenti Nadir Nəsibovun fəaliyyətindən narazı qalan 5 klub – NTD, AZTOP, “Alov”, ADNSU və “80-lər” çempionatı boykot edib. Klub rəhbərləri federasiya prezidenti postundan gedənə qədər birincilikdə iştirak etməyəcəklərini ictimaiyyətə alçıqlayıblar. Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyində “qiyamçılar”la federasiya nümayəndələri arasında iki dəfə görüş təşkil olunsa da, narazı tərəflə kompromisə gəlmək mümkün olmayıb.
Ötən sayımızda “Zirvə” idman klubunda basketbol bölmələrinin fəaliyyət göstərəciyini, bu məqsədlə Türkiyədən mütəxəssislərin dəvət olunduğunu diqqətinizə çatdırmışdıq. “Zirvə”nin rəhbəri Tofiq Heydərovun bu adımını dəstəkləyənlərdən biri də klubların istefaya səslədiyi Nəsibovdu. Federasiya prezidenti Heydərovun bu addımını basketbolun gələcəyi üçün atılmış addım kimi qiymətləndirib.
Ölkənin aparıcı klubları, tanınmış basketbolçuları ilə münasibətləri pozulan Nadir bəy, görünür, postunu qorumaq üçün yeni planlar cızır ki, “Zirvə” idman klubunun həyata keçirmək istədiyi layihə də həmin planın tərkib hissələrindən biridi. Nəsibov bu addımla idman ictimaiyyətinə göstərmək istəyir ki, rəhbərlik etdiyi federasiyanin işi nəinki “donub”, əksinə, qurum basketbolun gələcəyini düşünürək ölkə xaricindən mütəxəssislər dəvət edir, müxtəlif iş adamları, idman klubları ilə danışıqlar aparıb yeni basketbolçuların yetişməsi üçün addımlar atır.
Bəs görəsən, federasiya prezidentinə qarşı formalaşan müxalif qüvvənin başında duran NTD-nin prezidenti Bəhram Abdinov son proseslər haqda nə düşünür? Federasiyanın həyata keçirdiyi son yeniliklər barədə məlumatı var? Bu suallara cavab tapmaq üçün Bəhram bəyi aradıq. NTD-nin rəhbəri Nadir Nəsibovun yeni layihəsinə ironiya dolu cavab verməklə yadda qaldı: “Nə iş görürlər, Allah xeyir versin. Nə deyə bilərəm? Bizim mövqeyimiz hamıya bəllidi. Həmin şəxs federasiya prezidenti postundan gedənə qədər klubların heç biri çempionata qatılmayacaq. Türk mütəxəssislər gəlib burda nə edəcək? Onlar elə bilirlər ki, Azərbaycana gəlib bir ildə hər şeyə nail olacaqlar, burda pul qazanacaqlar. Daha bilmirlər ki, Azərbaycanda belə şey mümkün deyil. Bizim federasiyada oturanlar da düşünürlər ki, türk məşqçiləri dəvət etməklə qısa müddətdə hər şeyi yenidən bərpa edə biləcəklər. Bunlar hamısı boş xülyalardı”.
Yuxarıda qeyd etdiyimiz kimi, klubların boykotundan sonra ölkədə basketbol çempionatı dayanıb. FİBA isə hər il daxili birinciliyə görə yerli federasiyaya qrant ayırır. Çempionat yoxdusa, deməli, qrant da olmayacaq. Ancaq Abdinov FİBA-nın Azərbaycanda başverənlərdən xəbərsiz olduğunu bildirdi: “Böyük ehtimalla, FİBA-nın çempionatın dayanmasından xəbəri yoxdu. Kimdi onlara bu haqda məlumat verən? Bu federasiyaya sərf etmir. Bizim də FİBA-ya siqnal ötürmək fikrimiz yoxdu. İstəmirik ki, sonra bizi vətən xaini çıxarsınlar. Necə olacaqsa, olacaq”.
Ötən saylarımızın birində Abdinova istinadla “boykotçular”ın martın sonlarında öz aralarında turnir keçirəcəyini bildirmişdik. Bəhram bəylə söhbətdə turnirlə bağlı fikirlərini öyrəndik: “Əvvəlcə həmin turniri martın sonlarında keçirməyi düşünürdük. Fikrimizdə var idi ki, yaxın xaricdən də klublar dəvət edək. Sonradan belə qərara gəldik ki, aprelin əvvələrində keçirək. Yarışda yalnız çempionatı boykot edən 5 klub iştirak edəcək”.
RƏŞAD