Bir neçə gündü ki, Maykl Essyenin karyerasını ölkəmizdə davam etdirməsi əsas müzakirə mövzularından biridi. Təbii, belə adlı-sanlı futbolçunun premyer-liqamızda top qovması sakit qarşılana bilməzdi. Əvvəlcə çoxları bunun zarafat olduğunu düşündü. Ancaq "Səbail" özü qanalı yarımmüdafiəçi ilə danışıq apardığını açıqlayandan sonra hər kəs işin ciddiliyinin fərqinə vardı.
Qısaca xatırladaq ki, Essyen bir müddət öncə AL-in finalı ilə bağlı təşkil olunan tədbir çərçivəsində bir neçə futbol veteranı ilə birgə Bakıya təşrif buyurmuşdu. Səfər zamanı "Səbail"in bazasında olmuş, klub rəhbərliyindən 5 nömrəli formanı hədiyyə almışdı. Həmin vaxt karyerasını bitirmədiyini dilə gətirən Maykla bizimkilər yarızarafat-yarıciddi "gəl, bizdə oyna" təklifini ediblər. Essyendən gələn müsbət cavab hətta "Səbail" tərəfi üçün də gözlənilməz olub. Amma fakt budu ki, futbolçu artıq dünən "dənizçilər"in "Qarabağ"la oyununu tribunadan izləyirdi. Rəsmi müqavilənin imzalanması isə an məsələsidi.
Əksəriyyət bu transferə müsbət yanaşsa da, bəziləri fərqli mövqe ortaya qoydu. İkinci baxışın tərəfdarları belə hesab edir ki, Essyenə yüzminlər veriləcək, bu da komandadakı balansı pozacaq. Üstəlik, futbolçunun yaşı 36-dı, bir müddət futbol oynamayıb. Bundan başqa, Emil Mpenza nümunəsi məşhurluğun heç də uğurlu olmaq zəmanəti vermədiyini vaxtilə göstərib. Bir sözlə, Essyenin gəlişinə müsbət yanaşmayanların əsaslandığı dəlillər bunlardı.
İndi isə keçək məsələnin digər tərəfinə. Öncə onu qeyd edək ki, Essyenlə razılıq əldə olunsa, o, ölkəmizdə top qovan ən məşhur futbolçu adına yiyələnəcək. İndiyədək bu cür karyeraya malik heç bir futbolçu çempionatımızda çıxış etməyib. Bu birmənalıdı. "Çelsi", "Real", "Milan"... Onun gəlişi nəinki "Səbail", ölkəmiz üçün də inanılmaz reklamdı. Əslində digər klublar da bu keçidə sevinməlidi. Düzdü, onların rəqibi güclənir. Ancaq "bizim çempionata səviyyəli futbolçular gəlmir" giley-güzarına da zərbə vurulacaq. Belə ki, həmin futbolçular "Essyenin oynadığı birincilik" baxışı ilə yanaşacaq və bu, klublarımızın işinə yarayacaq. Həmçinin bizdə azarkeşlərin ada nə qədər önəm verdiyi məlumdu. Deməli, bu anlaşma matçlar zamanı tamaşaçı sayına da təsir edəcək. Bundan başqa, "Səbail"in qanalı futbolçuya fantastik məbləğ verəcəyi də inandırıcı deyil. Essyen özü də açıqlamasında əsas istəyinin futbol oynamaq olduğunu deyib. Ümumiyyətlə, bu futbolçunun pula ciddi ehtiyacının olduğunu demək gülməli olar. Həmçinin Bayıl təmsilçisinin büdcəsi də buna imkan vermir. Üstəlik, onun İndoneziya, Avstraliyadansa Avropaya daha yaxın olan, bu il AL-in finalının, növbəti il AÇ-nin oyunlarının keçiriləcəyi ölkəni seçməsi anlaşılandı.
"Səbail" hazırda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Belə bir təcrübəli oyunçu həm bu yolda, həm də qitəmiqyaslı turnirdə klubun işinə yarayacaq. Rəşad Sadıqovun həmyaşıdının çempionatda oynamaqda çətinlik çəkəcəyini söyləmək isə düzgün olmaz. Bütün bunları nəzərə alanda Essyenin gəlişini yalnız təqdirəlayiq hal kimi qiymətləndirmək mümkündü.
FARİZ