Sizin reklam burada

Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı

Baxış Sayı:535

Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı
Kamran çağırılmadı, “Qəbələ” yada düşmədi
Dünən yığmanın baş məşqçisi Nikola Yurçeviç qarşıdakı oyunlar üçün heyəti açıqladı. Xorvat mütəxəssis öncədən də dediyi kimi, 23 futbolçuya dəvət göndərib. Gəlin, saf-çürük etməzdən əvvəl siyahını diqqətinizə çatdıraq: qapıçılar - Səlahət Ağayev (Neftçi), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (Qarabağ); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə (Sabah), Şəhriyar Rəhimov (Səbail); yarımmüdafiəçilər - Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı "Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Dmitri Nazarov ("Ertsgebirge", Almaniya); hücumçular - Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Mirabdulla Abbasov (Neftçi).
Öncə onu qeyd edək ki, nəticəyə baş məşqçi cavabdehdi. Bu üzdən çalışdırıcının seçimini yalnız özünü doğrultmayanda "baltalamaq" olar. Ancaq Yurçeviçin siyahısında o qədər çarpıcı məqamlar, radikal qərarlar var ki, onun üzərindən elə-belə keçmək mümkün deyil. Hə, əksəriyyət xorvatın siyahını təkbaşına yox, AFFA rəsmilərinin təsiri ilə formalaşdırdığını düşünür. Bütün bu məqamlara toxuncağıq.
Sözsüz, xorvat mütəxəssisin ən önəmli qərarlarından biri Kamran Ağayevə dəvət göndərməməsidi. Uzun illər millidə "1 nömrə" olan qolkiper hətta klubunda oynamayanda belə, yığmada əsas heyət üzvü olurdu. Yurçeviçin qərarı onu göstərir ki, "çərçivə"də Ağayev erası bitdi və yəqin ki, yeni dönəmdə baş rolda Səlahət olacaq. Olmaya baş məşqçi Emilə də etimad göstərəcək? Bunu da zaman göstərəcək. Şahruddinin üzərində çox dayanmaq mənasızdı, çünki o, 3-cü qapıçı kimi dəvət alıb. Özü də təkcə Kamran yox, "Keşlə"dən heç kim çağırılmayıb. Hələ bu harasıdı?! "Qəbələ" də siyahıda təmsil olunmur. Halbuki "qırmızı-qaralar"ın ən azı iki futbolçusunu millidə görəcəyimizi düşünürdük. Yığmaya futbolçu verməyən elita klublarından digəri isə "Zirə"di. Ancaq bu komandalara ögey münasibətin səbəbi turnir cədvəlindəki mövqe deyil. Belə olsaydı, İsayevlə Babayevin millidə nə işi vardı? Doğrudu, xüsusən İsayevin yığmaya layiq olduğunu özümüz də bəzən qeyd etmişik. Lakin bu qış fasiləsinə qədər idi. Çempionatın 3-cü dövrəsinə bərbad start verən, milliyə dəvət alan bu iki futbolçusu da qeyri-adi nəsə göstərməyən "Sumqayıt"a sevginin səbəbini anlamaq çətindi. Ola bilər, bu futbolçuların istedadlı olması haqda xorvatda dəqiq qənaət var. "Sumqayıt"lılarla yanaşı, "Neftçi”dən Ömər də ilk dəfə milliyə dəvət alıb. Daha öncə çağırılan, ancaq debüt etməyən Anton da Yurçeviçin sərəncamında olacaq. Eddi İsrafilovun təxminən 2 illik fasilədən sonra yenidən yığmaya çağırıldığını, zədəli Pavel Paşayevin isə kənarda qaldığını da qeyd edək.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR