Sabah futzal üzrə yüksək liqada sonuncu – dördüncü dövrəyə start veriləcək. Ancaq “Olimpik Star”da baş tutacaq 22-ci tur 10 günə yekunlaşacaq. Belə ki, bir oyun martın 25-nə təyin olunub. “Araz” – “Yasamal” MFK qarşılaşmasının ertələnməsi ikincilərin müraciəti nəticəsində gerçəkləşib. Komandanın iranlı legionerləri ölkələrinə yollanıb və belədə heyət yetərsizliyi yaranıb. Qeyd edək ki, bu artıq neçənci dəfədi baş verir. “Araz” oyuna ciddi itki ilə çıxacaq. Sarı vərəqə limitini doldurduğuna görə naxçıvanlıların və millinin qapıçısı Rövşən Hüseynli, eləcə də son oyunda “qırmızı” alan Məsud Nəsirzadə turu buraxacaq. Əslində turda daha 3 cəzalı var. “Ekol”lular - Namiq Məmmədkərimov, Ramiz Çovdarov və Faiq Əliyev də cəzalıdı. Ancaq “şirkət təmsilçisi” bu turda məcburi istirahət edəcək. Belədə çempionatın bombardirlərindən olan Namiq və komanda yoldaşları növbəti turda meydana çıxmayacaq.
Tura “Neftçi” – “Xəzər Cənub” matçı ilə start veriləcək ki, mərkəzi oyun da məhz budu. Düzdü, “4-lük”də qonşu olan tərəflər pley-offa vəsiqəni 99 faiz təmin edib. Ancaq ilk mərhələni 3-cü və ya 4-cü yerdə bitirmək əhəmiyyətlidi. Reqlamentə görə 4-cü dövrənin sonunda 2-ci yerdə qərarlaşan komanda pley-offda 3-cü, sonuncu vəsiqənin sahibi isə liderlə üz-üzə gələcək. İndiki məqamda nə “Neftçi”, nə də “Xəzər Cənub” sonuncu olmaq və lider “Araz”la qarşılaşmaq istəyir.
“Liman” – “Yasamal” İSK qarşılaşması isə autsayderlərin duelidi. Yasamallılar qələbə qazanmaqla həm xalların cəmində, həm də şəxsi oyunlardakı göstəricidə Lənkəran təmsilçisinə çata bilər.
Neftçi – Xəzər Cənub
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Fuad Həsənov.
15 mart. Olimpik Star. Saat 14.30
Liman – Yasamal İSK
Hakimlər: Azad Hüseynov, Ramiz Məhərrəmov, Vüsal Balaşov.
15 mart. Olimpik Star. Saat 16.30
Araz – Yasamal MFK
Hakimlər: Mehman Mahmudov, Ramil Namazov, Vüsal Balaşov.
25 mart. Olimpik Star. Saat 19.00
1. Araz 18 13 4 1 137-41 43
2. Ekol 18 12 3 3 166-52 39
3. Neftçi 18 12 1 5 103-50 37
4. Xəzər Cənub 18 11 3 4 181-54 36
5. Yasamal MFK 18 6 1 11 95-97 19
6. Liman 18 2 0 16 57-241 6
7. Yasamal İSK 18 1 0 17 52-256 3
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 49, Xətai Bağırov (Araz) – 28.