Yurçeviç premyer-liqa məşqçiləri ilə görüşəcək
Srağagün Bakı Olimpiya Stadionun konfrans salonunda millinin yeni çalışdırıcısı Nikola Yurçeviçin jurnalsitlərlə görüşü keçirildi. Xatırladaq ki, xorvat mütəxəssisin namizədliyi İcraiyyə Komitəsinin mətbuat konfransından bir gün öncə keçirilən toplantısında təsdiqlənmişdi. Yeri gəlmişkən, yığmanın əvvəlki baş məşqçilərinin təqdimat mərasimində AFFA-nın yüksək çinli məmurları da iştirak edirdisə, bu dəfə yalnız Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla var idi.
Saat 11.30-a planlaşdırılan tədbir təxminən 10 dəqiqə yubanma ilə başlasa da, Yurçeviç “salam-əleyküm” deməklə “günahını yudu”. 52 yaşlı məşqçi sualları cavablamamış təyinatla bağlı fikirlərini bölüşdü.
- Sizin üçün yığmanın nə qədər vacib olduğunu bura toplaşan jurnalistlərin sayının çoxluğundan da hiss etmək mümkündü. Bu mənə də əlavə motivasiya verir. Azərbaycan millisinin baş məşqçisi təyin olunduğuma görə çox şadam. Mənə etibar etdiyi üçün AFFA-ya təşəkkür edirəm.
- Azərbaycan mediası müqavilənizin müddətini bilmədiyi halda, artıq Xorvatiya mətbuatı 2020-ci ilə qədər yığmaya rəhbərlik edəcəyinizlə bağlı xəbərlər paylaşıb. Bu nə dərəcədə düzdü?
- Xorvatiyada heç bir media mənsubu ilə danışmamışam. Məlumatı hardan götürdüklərini də bilmirəm. Müqavilə birillikdi. 2019-un sonunda AFFA rəhbərliyi ilə yenidən danışığımız olacaq. Burda görüdüyüm iş rəhbərliyi qane edəcəyi halda, müqavilənin müddəti daha 2 illiyə uzadıla bilər.
- Nikbin olduğunuzu bildirdiz. Məqsədiniz nədi və nəyi Azərbaycan millisi üçün böyük nəticə sayırsız?
- İlk növbədə komandaya inanmalıyıq. Qrupumuzda yer alan Xorvatiya yığması FİFA reytinqində dördüncüdü. Bizim reytinqimiz isə elə də yaxşı deyil. Çalışacağıq ki, Avropa çempionatında yaxşı çıxış edək.
- Artıq Azərbaycan çempionatının bir neçə oyununu izləmisiz. Sizdə hansı təəssürat yaranıb?
- "Sumqayıt" - "Qarabağ", "Neftçi" - "Keşlə" oyunlarını izlədim. Bakıda olmayanda isə "Neftçi" - "Qarabağ" görüşünə baxmışam. Bu oyunu çox bəyəndim. Çünki milli üzvlərinin əksəriyyəti bu komandalarda yer alıb.
- Millidə hansı yeniliyi etmək istəyirsiz və “çərçivə”ni kimə etibar edəcəksiz?
- Əvvəlki seçmə mərhələ oyunlarını izləmişdim və bəzilərini bəyənmişdim. Düzgün konsentrasiya və hazırlıqla istəyimizə çatacağımızı düşünürəm. Ölkədə olan yerli qapıçılar barədə məlumatım var. 2-3 həftə ərzində onları yenə izləyəcəm. Mənim üçün vacib olan yığmaya çağırılan oyunçuların 90 dəqiqə ərzində oyuna düzgün köklənməsidi.
- AÇ-2020-nin seçmə mərhələsinin startına bir aydan bir qədər artıq vaxt qalıb. İlk oyuna hazırlaşmaq baxımından bu müddət yetərli olacaq?
- Martın 21-də Xorvatiyaya qarşı çox vacib oyunumuz var. Nəzərimdə 20-yə yaxın futbolçu var. Amma yeni oyunçular axtarışında da olacam. Bütün yerlilər barədə tam məlumat toplamışam. Azərbaycan çempionatında çıxış edən milliyə namizədlər haqda tam məlumatlıyam. Xarici çempionatlarda çıxış edənlər barədə isə hələ tam informasiya toplaya bilməmişəm. O vaxta qədər bunu da edəcəm.
- Artıq köməkçilərinizin kimlər olacağını dəqiqləşdirmisiz?
- Bir köməkçim Xorvatiyadan, digər köməkçim yerli mütəxəssis olacaq. Qapıçılar üzrə məşqçi də yerli olacaq. İki xorvatiyalı analitik-məşqçi isə ancaq təlim-məşq toplanışı zamanı düşərgəyə baş çəkəcək. Köməkçim Mario Dokiç olacaq. Ona çox inanıram. Yerli məşqçi barədə assosiasiya rəsmiləri ilə görüşlərim olacaq, ondan sonra qərarımı verəcəm. Hazırda bir neçə mütəxəssisin namizədliyi irəli sürülüb. Onlar arasından seçim edəcəm.
- Robert Prosineçki sizinlə bağlı müsbət fikirlər səsləndirib. Azərbaycan millisini çalışdırmaqla bağlı təklif alanda ondan məsləhət almısız?
- Mən Robertlə 30 ildən çoxdu tanışam, milli komandada bir yerdə çalışmışam. Təklifi qəbul etməmiş həm onunla, həm də köməkçisi QordanTsipriçlə danışmışam. Prosineçkidən ancaq pozitiv sözlər eşitmişəm. Hər şey göz qabağındadı.
- AFFA-nın qarşınıza qoyduğu əsas məqsəd nədi?
- Oyundan-oyuna səviyyəmizi artırmaq və seçmə mərhələdə uğurlu çıxış edib Avropa çempionatında iştirak etmək. Ora çıxmaq üçün vuruşacağıq. Bilirik ki, çətindi, amma bunun üçün çalışacağıq.
- Həmyerliniz Prosineçki Azərbaycanda çalışdığı müddətdə quzu kababını xoşladığını bildirmişdi. Siz artıq bizim mətbəxlə tanışsız?
- Bəli, dadmışam. Prosineçki ilə danışığımız təkcə futbolla bağlı olmayıb. Ölkə, insanlar barədə də ətraflı məlumat verib və ən çox buranın yeməklərini tərifləyib (gülür). İki il də Türkiyədə çalışmışam. Bilirəm ki, sizin xalqlar yaxındı. Oranın da mətbəxini xoşlayıram. Amma Xorvatiya mətbəxini də bəyənirəm.
- Xorvatiya ilə oyuna qədər neçə təlim-məşq toplanışı planlaşdırırsız və toplanışlar harda olacaq?
- Təlim-məşq toplanışı Bakıda olacaq. Amma tarixlər barədə hələ bir söz deyə bilmərəm. Premyer-liqanın təqviminə baxdıqdan sonra qərar verəcəm.
- Sizdən əvvəl yığmanın «sükanı arxasında” olmuş Qurban Qurbanovla görüşmüsüz?
- Qurbanov Azərbaycan futbolunda böyük uğurları olan bir şəxsdi. O bu uğurlara həm futbolçu, həm də baş məşqçi kimi imza atıb. “Qarabağ”ı həm Çempionlar Liqasının, həm də Avropa Liqasının qrup mərhələsinə daşımış mütəxəssisdi. Onun Serbiya və Çernoqoriyaya vurduğu qollar da yadımdadı. Hələlik görüşmək imkanım olmayıb. Növbəti 2-3 həftədə premyer-liqada çalışan bütün məşqçilərlə görüşüb, onlardan da məlumat almağı planlaşdırmışam.
- Prosineçkini bizə sevdirən daha bir məqam aldığı maaşı açıqlaması idi. Siz də açıqlaya bilərsiz?
- Bu məsələ ilə bağlı federasiya rəsmiləri ilə 2-3 dəqiqə söhbətim olub. Maliyyə şərtlərini müqavilə bağlanılandan sonra AFFA rəsmilərindən soruşa bilərsiz.
Bu yerdə Firuz Abdulla söhbətə müdaxilə edərək, baş məşqçi ilə rəsmi müqavilə imzalanan gün maliyyə şərtlərinin də ictimaiyyətə açıqlanacağını bildirdi.
- Robert Prosineçkinin hər matçdan öncə ilk "11-liy"i açıqlamaq xasiyyəti var idi. Siz də onun kimi edəcəksiz?
- Heyətin öncədən açıqlanmasında problem görmürəm. Amma hərdən elə ola bilər ki, bir gün də səbr etmək lazım gələr.
- Prosineçki Azərbaycana ailəsini də gətirmişdi. Övladları Bakıdaki ingilis dilli məktəbə gedirdilər. Siz necə addım atacaqsız?
- Mənim üçün çox xoşdu ki, Prosineçki haqda ancaq xoş sözlər eşidirəm. Həyat yoldaşımla burda yaşayacağıq. Amma qızlarım Zaqrebdə qalacaqlar. Çünki onlar orda təhsil alırlar.
- Bu gün bir çox mətləblərə toxunsaz da, vacib məqam yaddan çıxdı. Futbol fəlsəfəniz necədi? Praqmatik oyun üslübuna üstünlük verirsiz, topa nəzarəti sevirsiz, yoxsa hücum futbolunun tərəfdarısız?
- Hücumameyilli futbolu bəyənirəm və üstünlük verirəm. Ancaq rəqiblərə uyğun olaraq taktika dəyişə bilər. Əsas konsentrasiyadı ki, 90 dəqiqə ərzində itirilməməli, taktiki yöndə düzgün hazırlaşmaqdı. Lakin səfərdə Xorvatiyaya, evdə isə Macarıstana qarşı taktiki planımız fərqli olacaq.
RƏŞAD