Avropa çempionatının elit mərhələsinə hazırlaşan U-19-un iki mərhələdən ibarət təlim-məşq toplanışı olacaq. Vüqar Məmmədin yetirmələri fevralın 6-dan 9-dək Bakıda, 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Toplanış çərçivəsində yığma fevralın 12-də İspaniyanın, 2 gün sonra “Ranero” klubunun, fevralın 17-də isə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək. Toplanışa 20 futbolçu dəvət olunub. U-19 İspaniyaya bu heyətlə yollanacaq: Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı"Qarabağ"), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı "Qəbələ"), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Nail Alışov, Turan Vəlizadə (hər ikisi "Neftçi"), Əkbər Vəliyev (Keşlə), Elnur İbrahimov ("Spartak-2", Moskva/Rusiya), Maksim Bayramov ("Arminiya", Almaniya), Murad Mahmudov ("Frankfurt", Almaniya), Kamran Quliyev ("Yonova", Litva).
Qeyd edək ki, Murad Mahmudovla Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq. Bilefeld “Arminiya”sının şərəfini qoruyan Bayramov debütantdı. Atası azərbaycanlıdı, anası isə Moldovadandı. O, 2001 təvəllüdlüldü, Moldovanın U-17 millisinin də şərəfini qoruyub. Makim ölkəsinin yığmasında 2017-ci ildə debüt edib. AÇ-2018-in seçmə mərhələsində 3 qarşılaşmada meydana çıxıb. Təbii, FİFA-nın qaydalarına əsasən aşağı yaş qruplarında oynamış futbolçular müəyyən hallarda vətəndaşlığını dəyişmək hüququna malikdi. Maksim 2017-ci ilin yayında Moldova “Bulukani”sindən “Arminiya”ya keçib. Bilefeld təmsilçisinin U-17 komandasında 1 il keçirən hücumçu ötən yaydan U-19-da çıxış edir. Vüqar Məmməddən aldığımız bilgiyə görə, özü bizim millidə oynamaq istəyir. Baş məşqçi onunla bağlı toplanışdan sonra daha dəqiq fikir söyləyə biləcək.
Yeri gəlmişkən, İngiltərədə aşağı liqa komandaları arasında təşkil olunan "Fa Trofi" kubokunda 1/8 final mərhələsinə start verilib. U-19-un üzvü Sərhad Daşdəmirin formasını geydiyi "Flayd" ilk görüşünü səfərdə keçirib. Onun komandası "Ramsbotto"un qonağı olub. Qapılara 10 topun vurulduğu oyun 5:5 hesabı ilə bitib. Start heyətində meydana çıxan Sərhad 11 və 47-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atıb. Bu komandalar arasındakı cavab görüşü fevralın 12-də keçiriləcək.
FARİZ