Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsi başa çatdıqdan sonra yığmaların reytinqi açıqlanıb. Siyahıda 109 komanda yer alıb. Daha 58 yığma isə zəruri sayda oyun keçirmədiyindən cədvəldən kənar düşüb. Siyahıda bir sıra dəyişikliklər qeydə alınıb. Düzdü, hesabında 1230 xal olan Azərbaycan 11-ci pillədə qalıb. Joze Alesionun komandası 10-cu olan Paraqvaydan 38 xal geri qalır. Digər “qonşu”muz isə dəyişib. Kolumbiyanı keçən Xorvatiya 12-ci yerdə qərarlaşıb. Millimizə yaxınlaşan balkanlılar 18 xal geridədi. Cədvəlin ilk “onluğ”unda da dəyişiklik olub. 2 pillə irəliləyən Argentina Rusiya ilə İtaliyanı arxada qoyub. Cənubi amerikalılar siyahıda üçüncüdü.
Millimizin DÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqeyində də dəyişiklik qeydə alınıb. Slovakiya 2, Monteneqro 3 pillə geriləyibsə, Moldova irəli 4 addım atıb.
İlk “onluq”
1. Braziliya - 1885
2. İspaniya - 1791
3. Argentina - 1663
4. Rusiya - 1661
5. Portuqaliya - 1658
6. İran - 1653
7. Qazaxıstan - 1540
8. İtaliya - 1509
9. Ukrayna - 1488
10. Paraqvay – 1468
Millimiz və rəqibləri
11. Azərbaycan – 1430
28. Slovakiya – 1192
46. Moldova – 994
58. Monteneqro – 903
Bu arada AÇ-2020-nin seçmə mərhələsində yer aldığı G qrupunu ikinci pillədə başa vuraraq əsas mərhələyə adlayan Monteneqronun baş məşqçisi Sveto Lyesar yığmamıza “yerini göstərib”. Çalışdırıcı yerli mətbuata açıqlamasında millimizin qrupun favoriti olduğunu bildirib: "Çətin qrupda olsaq da, növbəti mərhələyə vəsiqə qazana bildik. Azərbaycan çox güclü komandadı. Onların heyətində 5 braziliyalı oyunçu var. Azərbaycan əslində elit-raundda olmalıdı. Ümumiyyətlə, çox güclü qrupa düşmüşük. Oyunlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Mümkün qədər çox yoxlama görüşü keçirməyimiz vacibdi".
Qeyd edək ki, qrup oyunları oktyabrda Bakıda keçiriləcək. İlk iki yerin sahibi elit-raunda vəsiqə qazanacaq.