(10 ballıq şkala ilə)
Kamran Ağayev – 5,0
Yığmanın əsas qapıçısı üçün Farer adaları ilə oyun o qədər də yaxşı keçmədi. Lakin bu, nəticə və ya səhvlər ilə bağlı deyil. İlk yarıda inamlı çıxışı ilə yadda qalan “çərçivə qoruyucusu” ikinci hissədə meydanda olmadı. Zədələnən qolkiper yerini Səlahətə buraxdı. Lakin onun xüsusi qurtarışlarla yadda qaldığını da deyə bilmərik. Bu da rəqibin ilk yarıda, demək olar, qapımıza təhlükəli zərbələrinin olmamasından irəli gəlirdi.
Qara Qarayev – 5,5
Meydanda ən hərəkətli futbolçulardan biri idi. Lazım gələndə pressinq edir, adalıların hücumlarının böyüməsinə imkan vermirdi. Bəzən ənənəvi geriyə ötürmələri ilə azarkeşləri özündən çıxarsa da, əsas işinin öhdəsindən gəldi.
Pavel Paşayev – 5,5
İkinci yarıda zədələndiyi üçün əvəzlənən cinah müdafiəçisi meydanda olduğu müddətdə pis təsir bağışlamadı. Rəqibin həmlələrini dəf etməklə yanaşı, hücuma da dəstək verirdi. Ümumiyyətlə, onun qərarlaşdığı cinah fəal idi.
Maksim Medvedev – 6,0
Baş məşqçi bu dəfə də ona müdafiənin mərkəzini tapşırmışdı. Oyuna stopper kimi başlayan Medvedev Pavelin əvəzlənməsindən sonra doğma cinahına – sağa çəkildi. Bununla belə, istər mərkəzdə, istərsə də cinahda yaxşı təsir bağışladı. Komandanın ən yaxşılarından biri idi. Hücuma atılmaqla komandanın irəlidə çoxalmasında rol oynayırdı.
Bədavi Hüseynov – 5,5
Mərkəz müdafiəçisi, demək olar, səhvsiz oynadı. Düzdü, ikinci yarıda bir dəfə baş məşqçini əsəbləşdirən ləngimə nümayiş etdirdi. Ancaq milli qapısında qol görməyibsə və rəqib ciddi təhlükə yaratmayıbsa, stopperlərin yaxşı çıxış etdiyi şübhə doğurmur. İkinci yarıda, konkretləşdirsək, 75-ci dəqiqədə isə həlledici müdaxilə ilə də alqış qazandı.
Araz Abdullayev – 5,5
Meydanda ən hərəkətli futbolçulardan biri idi. Baxmayaraq ki, qapıya zərbələri o qədər də çox olmadı. Ancaq irəli xətdə həm özü fərqlənmək üçün xeyli cəhd etdi, həm də komanda yoldaşlarına müəyyən imkanlar yaradırdı. Ən əsası, ilk qol məhz onun qapı önünə ötürməsindən sonra vuruldu.
Dmitri Nazarov – 6,5
Komandanın ən yaxşılarından biri idi. Doğrudu, ilk qol onun hesabına yazılmadı. Amma hər halda, hesab məhz onun zərbəsindən sonra açıldı. Təbii, bu qol yığmanın daha inamlı oynamasına şərait yaratdı. Təkcə “atəşkəsin pozulduğu” anda yox, ümumiyyətlə, “Ertsgebirge”nin üzvü xeyli fəal təsir bağışladı. İkinci yarıda eyni tempdə mübarizə apara bilməsə belə, uzaqdan təhlükəli zərbələrinin şahidi olduq. Hətta 87-ci dəqiqədə fərqlənməyə də yaxın idi. Lakin daha əlverişli zərbə mövqeyinə çıxmaq istəməsi düzgün qərar deyildi.
Rüfət Dadaşov – 5,0
Uzun müddətdən sonra yığmaya dəvət alan hücumçu fərqlənmək üçün alışıb-yanır. Bununla belə, nədənsə Qurbanovun rəhbərliyi altında “ayağı açılmır”. İrəlidə fəaldı, pressinq edir, vuruşur, ancaq fərqlənə bilmir. İlk yarıda başla vuruşundan sonra topun cüzi fərqlə qapının yanından keçdiyi anı da xatırladaq.
Mahir Mədətov – 5,5
Onun çıxışı haqda fərqli fikirlərin olması artıq ənənə halını alıb. Farer adaları ilə oyunda isə xüsusən ilk hissədə yaxşı təsir bağışladı. Uzaqdan vurduğu mükəmməl qol həm də yığmanın daha inamlı və rahat oynamasına şərait yaratdı. Bundan başqa, bir epizodda Araza fərqlənmək imkanı yaratdığını da qeyd edək. İkinci hissədə isə bəzi anlarda artıq hərəkətlər etməsi, lazımi anda düzgün qərar verməməsi diqqəti çəkdi.
Riçard Almeyda – 5,5
Ortada Qara ilə birgə yaxşı mübarizə sərgilədi. Bəzən irəli ötürmə vermək əvəzinə fərqli qərar verdiyinin də şahidi olduq. Elə məhz belə epizodlardan birində Qurbanov ona irad tutdu. Bununla belə, müdafiənin üzərinə böyük yük düşməməsində Almeydanın rolu çox oldu.
Təmkin Xəlilzadə - 6,0
Həmişəki kimi cinahda xeyli fəal idi. Elə bu xüsusiyyətinə görə baş məşqçinin ona güvənməsi normaldı. Düzdü, qapı önünə o qədər də çox asma edə bilmədi. Bir-iki dəfə bu cür cəhdi alındı. Ancaq həm irəlidə, həm də müdafiədə xeyli iş gördü. Bir epizodda rəqibin zərbəsindən sonra özünü topun qarşısına atmaqla təhlükəni sovuşdurdu. Son dəqiqələrdə isə yaddaqalan vuruşla fərqlənməyə yaxın oldu. Lakin qapıçı onun Millətlər Liqasında 2-ci qolunu vurmasına imkan vermədi.
Səlahat Ağayev – 5,0
İkinci hissədə “çərçivə”yə keçən Səlahətin hansısa ciddi səhvini görmədik. Əslində yaddaqalan qurtarışları da olmadı. Bunun səbəbi isə rəqibin həmlələrinin sayının az olması və qapıya zərbələrə müdafiəçilərin imkan verməməsi idi. Topu oyuna bərbad daxil etdiyi epizodu da yada salaq.
Rahil Məmmədov – 5,0
Təxminən 20 dəqiqə meydanda olan müdafiəçi pis təsir bağışlamadı. Üzərinə düşən işi gördü, hansısa səhvə yol vermədi.
Mirabdulla Abbasov – qiymətsiz