Fəhmin Muradbəyli: “Norveçə qələbə dalınca gedirik”
Rəşad Sadıqovun mətbuat konfransı başa çatandan dərhal sonra, dəqiq desək, 17.00-da U-21-in “Bayıl Arena”da Bakıdakı sonuncu məşqi start götürdü. 24 futbolçunun qatıldığı çalışmanın izlədiyimiz 10 dəqiqəsinə əsasən deyə bilərik ki, düşərgədə ab-hava qaydasındadı. Bir-biri ilə deyib-gülən, zarafatlaşan yığma üzvlərinin Norveçə yüksək əhval-ruhiyyədə yollanması yaxşı haldı. Hər halda, sonuncu oyunun olması və yekun nəticənin ciddi önəm daşımaması futbolçuları rahat davranmağa məcbur edir.
Məşqi izləyənlər arasında jurnalistlərlə yanaşı, iki tanınmış şəxs də var idi – məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqovla Şakir Qəribov. Komanda üzvləri ilə görüşən, onlara uğurlar arzulayan mütəxəssislər daha sonra tribunaya qalxıb hazırlığın qalan hissəsini ordan izlədilər. Biz isə aparıcı futbolçulardan ikisi ilə söhbətdə Norveçlə matç ərəfəsində fikirlərini öyrəndik.
Bəhlul Mustafazadə: “Seçmə mərhələdə son oyunumuza yaxşı hazırlaşırıq. Əsas məqsəd onlarla ilk matçdakı səhvləri təkrarlamamaqdı. Əslində keçən oyunda yaxşı çıxış etmişdik. Sadəcə, müəyyən səhvlər oldu ki, bu da məğlubiyyətə gətirib çıxardı. İnanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdacağıq. “Qəbələ”də oynamamağımla bağlı baş məşqçi ilə heç bir söhbətim olmayıb. Bu amil məni həvəsdən salmır, əksinə, daha da motivasiya edir. Belə deyim, qəzəbləndirir. Ona görə də çalışıram ki, özümü sübut edim və növbəti oyunlarda meydana çıxım. Düzdü, U-21-də çıxışım başa çatır. Amma bununla kifayətlənmirəm. Hamımız burda oynaya-oynaya əsas milliyə keçməyə çalışırıq. Bu bizim üçün daha böyük addımdı. Başlıca hədəf əsas yığmadı. Bundan sonra ən qısa vaxtda tam hazır olub, ora dəvət almaq istəyirəm”.
Fəhmin Muradbəyli: “Seçmə mərhələdə son oyunumuzdu. Çox ciddi hazırlaşmışıq və inanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdarıq. Süni meydanda oynayacağıq deyə, məşqlərimizi də süni örtükdə etmişik. Toplanışın əvvəlində yükləmələr oldu. İndi yavaş-yavaş tempi aşağı salırıq, oyuna köklənirik. Daha çox taktiki məşqlərə üstünlük veririk. Komandada əla ab-hava var. Hamı oyun haqda ciddi fikirləşir. Bu görüşdən 3 xalla ayrılmaq istəyirik. Norveçə qələbə dalınca gedirik. Rəqibi yaxşı təhlil etmişik. Baş məşqçimiz qələbə qazanacağımıza inanır. Onlarla Bakıdakı qarşılaşmada hesab oyuna görə olmadı. Adi səhvlərdən qollar buraxdıq. Buna baxmayaraq, sonadək mübarizə apardıq, ruhdan düşmədik. Ümid edirəm ki, həmin səhvləri təkrarlamayacağıq. Səfərə qələbə üçün gedirik. Rejim hər bir futbolçu üçün vacibdi. Bacardığım qədər bunların hamısına fikir verirəm. Çempionatda daha yaxşı oynamaq üçün əlimdən gələni edirəm. Əsas məqsədim milliyə dəvət almaq və orda yerimi möhkəmlətməkdi”.
HƏBİB